• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Strateji körpülər: ABŞ-Azərbaycan əməkdaşlığının yeni dövrü

SİYASƏT

29 Oktyabr 2025 | 13:18

Strateji körpülər: ABŞ-Azərbaycan əməkdaşlığının yeni dövrü

Müasir dünyada ölkələrarası əməkdaşlıq yalnız diplomatik münasibətlərdən ibarət deyil. Dövlətlər strateji tərəfdaşlıqlar qurmaqla həm öz təhlükəsizliyini təmin edir, həm iqtisadi və sosial inkişafını gücləndirir, həm də regional və qlobal mövqelərini möhkəmləndirir.

Enerji, nəqliyyat, kommunikasiya və texnologiya kimi sahələrdə qarşılıqlı əməkdaşlıq ölkələr arasında etimadın formalaşmasına, iqtisadi faydanın bölüşdürülməsinə və sülhün qorunmasına xidmət edir.

Eyni zamanda strateji əməkdaşlıq yalnız cari problemlərin həllinə yönəlmir, həm də uzunmüddətli perspektivi əhatə edir. Dövlətlər belə təşəbbüslər vasitəsilə regionda sabitliyi təmin edir, təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində qarşılıqlı dəstək mexanizmlərini gücləndirir, beynəlxalq müstəvidə etibarlı tərəfdaşlar kimi mövqelərini möhkəmləndirir.

Bu baxımdan strateji əməkdaşlıq həm milli maraqların qorunması, həm də region və dünya səviyyəsində qarşılıqlı faydanın artırılması üçün mühüm alət sayılır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, ABŞ və Azərbaycan arasında Strateji İşçi Qrupunun fəaliyyətinin həyata keçirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır: 

"Adından da göründüyü kimi, bu qrup strateji sahələr üzrə əməkdaşlığı formalaşdırmaq və dərinləşdirmək məqsədi daşıyır. Xüsusilə təhlükəsizlik, enerji, regional əməkdaşlıq və hətta qlobal sferada əməkdaşlığın gücləndirilməsi baxımından bu addım mühüm hesab olunur".

Samir Hümbətov: Qrup strateji sahələri müəyyənləşdirir, prioritetləri müəyyən edir

Siyasi şərhçi onu da əlavə edib ki, belə bir qrupun yaradılması hər iki ölkənin maraqlarına xidmət edəcək:

"Bununla yanaşı, nəzərə almaq lazımdır ki, avqustun 8-də hər iki ölkə strateji əməkdaşlıq müqaviləsi imzalamaq qərarı qəbul edib. Bu müqavilənin icrası və fəaliyyətin təşkili üçün Strateji İşçi Qrupunun rolu önəmlidir. Qrup strateji sahələri müəyyənləşdirir, prioritetləri müəyyən edir, qarşıda duran çətinlikləri qiymətləndirir və onları aşmaq üçün həll yollarını işləyib hazırlayır".

Sonda Samir Hümbətov əlavə edib ki, Strateji İşçi Qrupunun fəaliyyəti həm Ermənistan və Azərbaycan arasında su və yekun sülh müqaviləsi məsələlərini, həm də ABŞ-Azərbaycan əlaqələrini əhatə edir: 

"Eyni zamanda regionda enerji resurslarının daşınması, nəqliyyat, kommunikasiya və digər sahələrdə əməkdaşlıq üçün zəruri sənədlər hazırlanacaq. Bütün bu işlərin həyata keçirilməsi Strateji İşçi Qrupunun əsas vəzifəsidir".

Əli Hüseynov


SON XƏBƏRLƏR