Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə sentyabrın 14-də Şuşada keçiriləcək.
Bakıvaxtı.az Assosiasiyaya istinadən xəbər verir ki, Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprin dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının, o cümlədən, Türk Dövlətləri Təşkilatının rəhbərliyinin iştirakı nəzərdə tutulub.
Tədbir rəsmi açılış hissəsi, türk dövlətlərinin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının 2 ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi" imzalanacaq.
Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının iştirakı ilə İstanbul şəhərində təsis edilib. Birliyə daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi təşkilat olaraq qoşulublar.
Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Birliyin "Yol xəritəsi"nə əsasən, alfabetik ardıcıllığa görə, Azərbaycanda təşkil olunur.