Bəzən valideynlərin diqqətsizliyi, məsuliyyətsizliyi geri dönülməz nəticələrə - övlad itkisinə səbəb olur. Elə bugünlərdə Ağdaşda azyaşlının ölümü buna misal ola bilər.
Bakıvaxtı.az xatırladır ki, Ağdaşda azyaşlı nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.
Baş verən hadisə valideyn məsuliyyətsizliyi mövzusunu gündəmə gətirib.
Müasir dönəmin valideynlərinin əksəriyyəti niyə məsuliyyətsizdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, bu kimi halların baş verməsi çox acınacaqlıdır və uşaqların həyatına ciddi təhlükə yaradan məsuliyyətsiz yanaşmaları göstərir.
Valideynlərin bu cür hallara qarşı yetərincə həssas olmamasının arxasında bir neçə əsas məqam dayanır. Psixoloq qeyd edib ki, bir qisim valideynlər, xüsusilə də gənc analar, körpə və uşaqlar üçün təhlükəli olan qidalar və ya davranışlar haqqında kifayət qədər məlumata sahib deyillər:
“Məsələn, fındıq, badam və digər sərt qidaların müəyyən yaşa qədər uşaqlara verilməməsi lazım olduğunu bilmirlər. Təəssüf ki, cəmiyyətdə təhlükəli halların qarşısını almaq üçün tibbi və pedaqoji maarifləndirmə kifayət qədər aparılmır”.
Elnur Rüstəmov: Bəzi analar ailədəki ənənələrə çox güvənirlər və bu qaydaları tibbi tövsiyələrdən üstün tuturlar
E.Rüstəmovun sözlərinə görə, müasir həyatın tələbləri və gərginlikləri səbəbindən bəzi valideynlər uşaqlara kifayət qədər diqqət yetirə bilmir. Müsahibimiz bundan başqa nəzərə çatdırıb ki, telefon, sosial media və digər texnologiyalardan həddindən artıq istifadə diqqətin uşaqlardan yayındırılmasına səbəb olur:
“Onu da nəzərə almağımız lazımdır ki, ilk dəfə ana olan qadınlar təcrübəsiz olduqları üçün yanlış qərarlar verə bilirlər. Bəzi analar da ailədəki ənənələrə çox güvənir və bu qaydaları tibbi tövsiyələrdən üstün tuturlar. Bəzən də analara çox vaxt cəmiyyət tərəfindən müxtəlif təzyiqlər olur: həm ev işlərini idarə etmək, həm də uşağı mükəmməl böyütmək. Bu cür təzyiqlər onların diqqətini əsas məsələlərdən yayındıra bilər”.
Müsahibimiz bəzi valideynlərin uşaqların müəyyən yaşlarda hansı qidaları qəbul edib-edə bilməyəcəyi barədə məlumatlı olmadıqlarını və uşaq boğulduqda nə etməli olduqlarını bilmədiyini vurğulayıb.
Psixoloq hesab edir ki, təhlükəli qidalar və onların uşaqlar üçün fəsadları haqqında valideynlərə məlumat verilməli, xüsusilə sosial şəbəkələrdə geniş maarifləndirmə işləri aparılmalıdır. Həmçinin gənc analar üçün ödənişsiz və ya sərfəli qiymətlərlə uşağa qulluq və ilk yardım üzrə kurslar təşkil edilməlidir:
“Körpə və uşaqlar üçün təhlükəsiz olmayan qidaların siyahısı həkimlər və səhiyyə qurumları tərəfindən geniş yayılmalıdır. Eyni zamanda analara texnologiyadan uşaqların inkişafını izləmək və məlumatlanmaq üçün necə istifadə edəcəkləri öyrədilməlidir. Bu problemlər yalnız bir şəxsin deyil, cəmiyyətin kollektiv məsuliyyəti ilə həll oluna bilər. Valideynlərin maariflənməsi və dəstəklənməsi belə faciələrin qarşısını almağa kömək edə bilər”.
Mina Mikayılova