• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Vaşinqton görüşü və “niyyət məktubu”nun mümkün təsirləri

SİYASƏT

06 Avqust 2025 | 09:12

Vaşinqton görüşü və “niyyət məktubu”nun mümkün təsirləri

Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşəcəyi barədə xəbərlər yayılıb.

“Middle East Eye”nin iddiasına görə, tərəflər yekun sülh sazişi deyil, “niyyət məktubu” imzalamağa hazırlaşırlar. Bu sənəd hüquqi baxımdan bağlayıcı olmayacaq, lakin danışıqların irəli aparılması üçün siyasi iradəni ortaya qoyacaq.

Məsələnin diplomatik və geosiyasi tərəflərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, əslində, bu, bir növ aralıq mərhələ sənədidir. Onun sözlərinə görə, yekun sülh sazişi imzalanmırsa, bu, tərəflərin bütün mübahisəli məqamlar üzrə tam razılığa gələ bilmədiyini göstərir:

“Lakin “niyyət məktubu” imzalanması həm Azərbaycan, həm də Ermənistanın dialoqu davam etdirmək niyyətini rəsmi şəkildə bəyan etməsi deməkdir. Bu, beynəlxalq müstəvidə tərəflərin konstruktiv mövqedə olduğunu göstərən siyasi mesajdır. Əgər bu addım ardıcıl praktiki tədbirlər və texniki danışıqlarla tamamlanarsa, yekun sülhə aparan yolda mühüm mərhələ ola bilər”.

Müsahibimiz deyib ki, ABŞ-nin Cənubi Qafqazda fəallaşmasının bir neçə motivi var:

“Birincisi, Vaşinqton regionda sülh prosesində əsas vasitəçi mövqeyini ələ keçirməklə həm Moskvanın təsir imkanlarını məhdudlaşdırmaq, həm də Qərbin regiondakı geosiyasi çəkisini artırmaq istəyir.

İkincisi, Tramp administrasiyası üçün bu təşəbbüs daxili siyasi baxımdan da əhəmiyyətlidir. ABŞ-da seçkilərə az vaxt qalmış, beynəlxalq arenada “uğurlu vasitəçi” imici Trampın siyasi kapitalını gücləndirə bilər”.

Politoloq bildirib ki, üçüncüsü, regiondakı sülh təşəbbüsləri Qərbin enerji və nəqliyyat layihələrində daha stabil mühit formalaşdırmasına xidmət edir ki, bu da həm iqtisadi, həm də strateji maraqlara uyğundur.

Moskvanın bu prosesə reaksiyasına gəlincə, Z.Qarayeva  bildirib ki, Rusiya bu tip təşəbbüslərə həmişə diqqətlə və müəyyən dərəcədə şübhə ilə yanaşır. Moskva uzun illər Azərbaycan-Ermənistan münasibətlərində əsas vasitəçi kimi çıxış edib və bu statusun Vaşinqton tərəfindən zəiflədilməsi Kreml üçün xoş qarşılanmayacaq:

“Ermənistan hökumətinin Moskva ilə məsafə saxlayaraq Qərb formatlarına daha çox açıq olması, Rusiya üçün strateji itki hesab olunur. Digər tərəfdən, Azərbaycan balanslı siyasət yürüdür və həm Rusiya, həm də Qərb platformalarında iştirak etməklə manevr imkanlarını geniş saxlayır. Bu da Bakının mövqeyini möhkəmləndirir, amma Moskvanın rəqabət hissini artırır”.

Züriyə Qarayeva: Öhdəliklərə sadiq qalınarsa, bir neçə ay ərzində sülh sazişinin imzalanması mümkündür

Həmsöhbətimiz bildirib ki, qısamüddətli perspektivdə radikal dəyişiklik gözləmək çətindir, çünki hər iki ölkə arasında dərin və uzunmüddətli mübahisəli məsələlər mövcuddur. Lakin diplomatik mühitin yumşalması, liderlərin birbaşa ünsiyyətinin intensivləşməsi və beynəlxalq vasitəçilərin iştirakı sülh prosesinə müsbət təsir göstərə bilər:

“Əgər “niyyət məktubu”ndan sonra texniki işçi qruplar yaradılarsa və konkret yol xəritəsi müəyyən olunarsa, 2025-ci ilin sonuna qədər daha əhatəli saziş imzalanma ehtimalı artır. Bu həm də regionda iqtisadi əməkdaşlıq, sərhədlərin açılması və kommunikasiyaların bərpası kimi addımların reallaşmasına zəmin yarada bilər”.

Politoloq sonda qetd edib ki, bu sənəd özü-özlüyündə yekun həll deyil, amma tərəflərin rəsmi şəkildə öhdəlik götürməsi baxımından önəmlidir. Beynəlxalq diplomatiyada “niyyət məktubu” adətən tərəflərin razılaşdırılmış prinsiplər əsasında daha ətraflı saziş üzərində işləməyə başladığını göstərir:

“Əgər bu öhdəliklərə sadiq qalınarsa və görüşlər davam edərsə, bir neçə ay ərzində daha konkret, hüquqi baxımdan bağlayıcı sülh sazişi imzalanması mümkündür. Əks halda, bu sənəd yalnız simvolik jest kimi tarixdə qalacaq”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

05 Avqust 2025