Xəbər verdiyimiz kimi, Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.
Bakıvaxtı.az Hüseyn Hüseynovun dosyesini təqdim edir.
Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə tamamlayıb.
2000–2003-cü illərdə həmin akademiyanın aspiranturasında təhsil alıb və 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Leyla Yaşar qızı Abdullayeva 2022-ci ilin oktyabrında Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Cütlüyün iki övladı var.
Əli Hüseynov