• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Daha bir erkən evliliyin faciəsi: seyidlik, borc söhbəti...

CƏMİYYƏT

23 May 2025 | 09:52

Daha bir erkən evliliyin faciəsi: seyidlik, borc söhbəti...

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri - Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kürə atılan 16 yaşlı Nuranənin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, onların arasında rəsmi nikah barəsində mübahisə düşüb.

Belə ki, Seyidrəsul Talıbovun rəsmi nikaha razı olmamasından sonra Nuranə evi tərk edərək atasının evinə gedib. Seyidrəsul Talıbzadə və atası Mirmövsüm Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İlkin Ələkbərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında Seyidrəsul Nuranəni hədə-qorxu ilə Sabirabada, öz evinə gətirib.

Belə ki, Nuranənin atası İlkin Ələkbərovun Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olduğu üçün qızını geri ala bilməyib.

Maraqlıdır, belə hadisələr zamanı valideynlərə qarşı qanunvericiliklə məsuliyyət nəzərdə tutulubmu?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, qeyd olunan hadisə ilə bağlı istintaq orqanı işin hərtərəfli, obyektiv və tam araşdırılması, cinayətkarların məsuliyyətə cəlb olunması üçün lazımı istintaq hərəkətlərini həyata keçirir.

Elvin Əliyev, vəkil

E.Əliyevin sözlərinə görə, ilk olaraq diqqət edilməli məqam qızın qaçırılıb-qaçırılmamasıdır. Vəkil qeyd edib ki, əgər qız qaçırılmışdırsa, həmin qızı qaçıranların əməlində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi var və həmin maddə ağır cinayətlər kateqoriyasına aiddir.

Müsahibimz maddənin detallarını belə izah edir:

CM-nin 144.1-ci maddəsi - Adam oğurluğu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

144.2-ci bəndlər - Eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə cəza 8 ildən 12 ilədək təşkil edir.

144.3-cü bənd - Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

E.Əliyev nəzərə çatdırıb ki, əgər qız ilə cinsi əlaqədə olunubsa və həmin zaman qız on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayıbsa qız ilə cinsi əlaqədə olaraq cinayət törətmiş şəxsin əməlində Azərbaycan Respublikasının 152-ci maddəsinin tərkibi var:

“Belə ki, həmin maddənin birinci bəndinə görə yəni həmin qanunun 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Həmsöhbətimiz qızın atası və ya həmin qızla erkən evliliyə daxil olan şəxsin əməlinin işin hallarına və araşdırmanın nəticəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-2-ci maddəsinə əsasən tövsif oluna biləcəyini söyləyib.

Vəkil əlavə edib ki, həmin qanunun 176-2-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Onu da qeyd etmək lazımdır ki, həmin maddəinin qeydinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır”.

Qızın öldürülməsi ilə bağlı əməlin Azərbaycan Respublikasının cinayət qanunun 120-ci maddəsi ilə tənzimləndiyini deyən E.Əliyev bildirib ki, həmin cinayəti törətmiş şəxsin və yaxud şəxslərin əməlində həmin qanunun 120-ci maddəsinin hansı bəndinin tərkib əlamətləri varsa, şəxs o maddə ilə məsuliyyətə cəlb olunur:

“İnsan məhvumu varsa cinayət də var, cinayətə görə sərt cəzalar da var. Lakin ölkəmizdə cinayətlərin baş verməsi məyus edici haldır. Cinayətdən və cinayətkarlıqdan uzaq olmalıyıq”.

Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-a bildirilib ki, hazırda baş verən cinayətlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

"Məsələ, hüquq-mühafizə orqanlarının diqqətində olduğu üçün ətraflı məlumat vermək mümkün deyil".

Baş Prokurorluğun Mətbuat Xidmətinin Prokuroru Aysel Həsənova isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR