Venesuela 8 mart 2015-ci il tarixli fərmana əsaslanan ABŞ sanksiyalarının uzadılmasını rədd edib və ABŞ ilə qarşılıqlı faydalı münasibətlərə çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici işlər naziri İvan Gil Pintonun teleqram kanalında dərc olunmuş rəsmi bəyanatda bildirilib.
"Venesuela Bolivar Respublikası keçmiş ABŞ Prezidenti Barak Hüseyn Obama tərəfindən 8 mart 2015-ci ildə imzalanmış 13692 nömrəli İcra Fərmanına uyğun olaraq, 18 fevral 2026-cı ildə Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən ölkəmizə qarşı qondarma milli fövqəladə vəziyyətin uzadılmasını qəti şəkildə rədd edir", - deyə bəyanatda qeyd edilib.
Fərmanın qüvvəyə minməsindən 11 il sonra reallıq Venesuelanın ABŞ xalqı və hökuməti üçün "fövqəladə təhlükə" kimi təyin edilməsinin tamamilə yalan olduğunu təsdiqləyir.
Bəyanatda deyilir ki, Venesuela ABŞ hökumətini beynəlxalq münasibətlərdə konstruktiv və hörmətli rol oynamağa, birtərəfli yanaşmalardan imtina etməyə və hər iki ölkənin xalqları üçün qarşılıqlı anlaşma və qarşılıqlı faydalı münasibətlər mərhələsinə doğru irəliləməyə çağırır.
Zeynəb Rzayeva
Bakı 




