• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Vergi işçiləri repetitorları yoxlamağa BAŞLAYIB?

CƏMİYYƏT

01 Aprel 2025 | 14:51

Vergi işçiləri repetitorları yoxlamağa BAŞLAYIB?

Azərbaycanda fərdi qaydada repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin vergi orqanların tərəfindən yoxlanılmağa başlanıldığı bildirilir.

Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, prosesin hələlik Bakı şəhərində başladığı iddia edilir.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev fevral ayında repetitorluğun mərhələli şəkildə ləğv ediləcəyini bildirib. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil. "Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Nazirin açıqlamasından sonra ekspertlər repetitorluqla mübarizəyə vergi əməkdaşlarının cəlb edilə biləcəyini açıqlamışdı.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevlə həmsöhbət olduq.

İctimai Şuranın üzvü bu metodla effektiv nəticə əldə ediləcəyini düşünmür: “Çünki repetitor müəllimlərin sayı Dövlət Vergi Xidməti əməkdaşlarının sayından kifayət qədər çoxdur. Amma bu məsələyə diqqət ayrılmasının vaxtı çatıb. Çünki bu sahədə ciddi şəkildə "qara dövriyyə" var. Məbləğlər də kifayət qədərdir. Yəni ancaq abituriyent dövrünü hesablasaq, 200 minə yaxın uşaq hazırlığa gedir. Ən ucuz hazırlıqların qiyməti isə bir fənn üzrə 50-100 manatdır. Bir uşaq da minimum 4-5 fəndən hazırlığa gedir. Bir uşağa minimum 200 manatdan götürsək, ümumilikdə 40 milyon manat edir. Bu pula nəzarət yoxdur, heç bir vergiyə cəlb olunmur”.

Rasif Dünyamalıyev qeyd edir ki, repetitorluğun bazar iqtisadiyyatına da təsiri var:

“Bir iş adamı hazırlıq kursu açır, icarəyə yer götürür, işçi götürür, sosial müdafiə ödənişlərini və əmək haqqını verir, vergi ödəyir. Onun rəqibi isə öz evində yaxud kirayə tutduğu evdə hazırlıq kursu açmış müəllimlərdir. Onlar nə vergi verirlər, nə də digər rüsumları ödəyirlər. Bu haqsız bir rəqabət də yaradır. Biz illərdir mütəxəssislər olaraq deyirik ki, bu sahəyə dövlət tərəfindən diqqət ayrılmalıdır. Eyni zamanda burada standartlara da nəzarət olunmalıdır. Repetitorluq dediyimiz 1-2 nəfərlə olacaq fəaliyyətdir, amma müəllimlər 15-20 nəfərlə məşğul olurlar. Bunun da normaları pozulur, nəmişlik, qaranlıq, pəncərəsiz otaqlarda hazırlıq fəaliyyəti həyata keçirən müəllimlər var. Ona görə də bunun standartları olmalı, normaları hazırlanmalıdır. İndiki vəziyyətdə belə bir yoxlamaların başlaması doğrudur. Amma bu repetitorluğun qarşısını alacaqmı desək, xeyr, bu tək Vergi Xidmətinin yoxlamaları ilə düzələcək məsələ deyil”.


SON XƏBƏRLƏR