Bu ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.
Bakıvaxtı.az Ədliyyə Nazirliyinin məlumatına istinadla bildirir ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.
Ümumilikdə bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.
Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb. Görünən odur ki, əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı artıb.
Maraqlıdır ki, bu artımın səbəbi nədir?
Mövzu ilə bağlı sosioloq Nail Cəlil Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əcnəbilərlə azərbaycanlıların ailə həyatı qurması müxtəlif motivlərlə bağlıdır.
Onun sözlərinə görə, qeyd olunan ölkələrin əksər vətəndaşları azərbaycanlılara üz tuturlar. Yəni, siyasi və iqtisadi münasibətlər ölkələrarası şəxsi münasibətlərə təsirsiz ötüşmür:
"Son bir neçə ildə əcnəbilərlə ailə quran azərbaycanlıların sayında azalma olsa da, bütövlükdə xüsusi çəkisi yüksək olaraq qalmaqdadır. Bu kontekstdə Rusiya vətəndaşları ilə ailə quran azərbaycanlıların sayı daha çoxdur. Daha sonra Pakistan və Türkiyə gəlir. Müxtəlif illərin statistikasına baxsaq, Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı xanımların sayı daha çox olub. Hətta bəzi göstəricilərdə 2000 nəfəri belə keçib”.
Müsahibimiz qeyd edib ki, son rəqəmlərdə gender baxımından kişilər üstünlük təşkil edir. Azərbaycanlıların əcnəbilərə meyl etməsinə iqtisadi səbəblər və yaşamaq hədəfləri təsir edir.
Sosioloqun fikrincə, əcnəbilərlə ailə quran şəxslər arasındakı münasibətlərin tənzimlənməsi ilə araşdırma aparılsa yaxşı olardı. Yəni, azərbaycanlılarla ailə quran əcnəbilərin və əks vəziyyətdə ilk, yoxsa qeyri-rəsmi ikinci evliliyinin olmasının statistikası hazırlanmalıdır.
Nail Cəlil: Azərbaycanlı qadınların əcnəbilərə üz tutmasının səbəblərindən biri kişilərimizin iqtisadi vəziyyəti ilə bağlıdır
"Adətən əcnəbilərlə ailə quran müəyyən qisim vətəndaşlarımızın evliliyi ikinci olur. Bəzən bir ölkədə rəsmi, digər ölkədə qeyri-rəsmi nikah halları yaşanır. Məsələn, Azərbaycanda vətəndaş, Rusiyada isə rəsmi nikahla yaşayan şəxslər olur. Bundan başqa, bir neçə dəfə evlənib boşanan insanların statistikası hazırlanmalıdır. Çünki nikahdan manipulyasiya edənlər var. Təəssüf ki, əcnəbilərlə nikaha daxil olanların ümumi motivləri ilə bağlı ölkəmizdə araşdırma aparılmır. Sadəcə bəlli bir statistika var", - deyə N.Cəlil vurğulayıb.
Həmsöhbətimiz onu da qeyd edib ki, azərbaycanlı qadınların əcnəbilərə üz tutmasının səbəblərindən biri kişilərimizin iqtisadi vəziyyəti ilə bağlıdır. Bəylərin yüksək maaşlı iş tapması və ailəni təmin edə biləcək səviyyədə gəlirinin olmaması məişət qayğılarını həll edə bilmək bacarığının zəifləməsinə yol açır. Bu isə əcnəbi nikahların artmasına səbəb olub.
Əcnəbilərlə ailə qurulmasının müsbət tərəflərinə də toxunan sosioloq hesab edir ki, qlobal cəmiyyətə inteqrasiya sosial, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə təkan verir:
"Bu, Azərbaycan mədəniyyətinin və mənəvi dəyərlərin mübadiləsi baxımından müsbət haldır. Əcnəbilərlə evliliyin mənfi tərəfi isə uzlaşa bilməmək və boşanma riskinin yüksək olmasıdır".
Gülşən Şərif