Yay mövsümünün gəlişi ilə hava isinir və insanların istirahətə olan tələbatı artır. Bu dövr eyni zamanda turizmin canlandığı, istirahət məkanlarının dolduğu, hotellərin və turizm şirkətlərinin fəallığını artırdığı bir mövsümdür.
Bakıvaxtı.az olaraq pautaxt sakinləri arasında kiçik sorğu keçirdik: Bu yay üçün planınız nədir?
28 yaşlı Aytac Məmmədova:"Qış boyu qənaət eləmişəm, pulumu yığmışam, niyyətim var ya Gürcüstana gedim, ya da uyğun bir fürsət tapsam Türkiyəyə. Qiymətləri izləyirəm, erkən rezervasiya eləsəm daha sərfəli olacaq".
Mühəndis işləyən 2 uşaq atası Elçin Quliyev: "Ailəmlə hər il ölkə daxilində səyahət edirik. Büdcəmiz rayona çatır, ona görə bu yay Qəbələ və ya Şəki rayonlarna plan qurmuşuq. Həm təbiət gözəldir, həm də uşaqla rahat olur".
“Pulu qazanırıqsa, xərcləməliyik”. Bunu deyən 55 yaşlı sahibkar Maqsud Ağahüseynov isə qeyd edib ki, insana dincəlmək vacibdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, yay mövsümü başlamamış vətəndaşlarımızın səyahət planları gündəmdədir. Onun sözlərinə görə, bu yay da əvvəlki illərdə olduğu kimi həm ölkə daxili, həm də xarici istiqamətlərə maraq yüksək olacaq:
"Ölkə xaricinə səfərlər üzrə ən çox seçilən istiqamətlər Türkiyə (xüsusilə Antalya və Bodrum), Gürcüstan və Birləşmiş Avropa ölkələri olacaq. Xüsusilə ailəli turistlər və uzunmüddətli istirahət planlayanlar bu istiqamətləri üstün tuturlar".
Ekspert bildirib ki, Azərbaycanın regionlarına da maraq artmaqdadır:
"Qəbələ, Quba, Qax, Şəki, İsmayıllı, Lənkəran və Nabran ve digər dənizkənari və turistik bölgələr yayda yüksək tələbat görən əsas istiqamətlərdəndir. Son dövrlərdə kənd turizminə olan marağın artması, kənd evlərinin və ailəvi qalma məkanlarının sayının çoxalması daxili turizmin inkişafını sürətləndirib".
Ceyhun Aşurov, turizm eksperti
Müsahibimiz açıqlamasında qiymətlərə də toxunb:
"Qiymətlərə gəldikdə, yay mövsümündə təbii olaraq tələbat yüksək olur. Lakin qiymətlər ötən illə müqayisədə kəskin artmayacaq. Bu, bazarda alternativ qalma yerlərinin o cümlədən kənd evləri və yeni açılan mehmanxanaların çoxalması ilə əlaqədardır. Turizm sahəsində təklifin artması qiymətlərin balanslı qalmasına kömək edir".
"Ümumilikdə, yay mövsümü vətəndaşlarımızın istirahətə ən çox vaxt ayırdığı dövrdür. Bu həm daxili, həm də xarici turizmdə canlanma deməkdir. Turistlərin seçimləri isə büdcələrinə, istirahət tərzinə və şəxsi maraqlarına uyğun şəkildə formalaşır",- deyə sonda C.Aşurov vurğulayıb.
Nuriyyə Musayeva