"Rekonstruktiv əməliyyatların əksəriyyəti sığorta paketinə daxil edilir və əsasən həyati funksiyaların bərpasına yönəlib".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, sığorta çərçivəsinə əsasən estetik deyil, rekonstruktiv - yəni tibbi zərurətdən doğan əməliyyatlar daxil edilir və bu əməliyyatlar insanın həyat keyfiyyətinin bərpasına xidmət edir.
“Bu əməliyyatlar həyati və funksional əhəmiyyət daşıyan müdaxilələrdir. Məsələn, yanıqdan sonra yaranan problemlərin aradan qaldırılması, hərəkət məhdudiyyətlərinin bərpası və ya göz qapağının funksiyasının yenidən təmin edilməsi kimi hallar bu qrupa daxildir”, - deyə o bildirib.
Həkim qeyd edib ki, sığorta ilə qarşılanan əməliyyatlara yanıq sonrası deformasiya və çapıq toxumalarının aradan qaldırılması, oynaq və boyun nahiyəsində hərəkəti məhdudlaşdıran problemlərin aradan qaldırılması daxildir. Bu kimi hallar bəzən insanın qidalanmasına, hərəkətinə və ümumi həyatına ciddi təsir göstərir.
Mütəxəssis əlavə edib ki, doğuşdan gələn qüsurlar da bu kateqoriyaya aiddir:
“Barmaq bitişməsi, əlavə barmaqlar, ətrafların inkişaf qüsurları, dodaq-damaq yarıqları kimi anadangəlmə problemlər mütləq şəkildə rekonstruktiv əməliyyat tələb edir və bunlar da sığorta çərçivəsinə daxildir.
Damar mənşəli patologiyalar - hemangiomalar və venoz malformasiyalar da ciddi risk yarada bilər və vaxtında müdaxilə olunmazsa qanaxma, görmə və qidalanma problemlərinə səbəb ola bilər".
D.Məmmədov bildirib ki, travmalar və qəzalardan sonra itirilmiş üzvlərin bərpası da bu sahəyə daxildir: “Barmaq, əl və ya digər üzvlərin qopması hallarında replantasiya əməliyyatları həyata keçirilir. Bu cür müdaxilələr təcili xarakter daşıyır və funksiyanın bərpası üçün həyati əhəmiyyətlidir”.
Onun sözlərinə görə, sinir və damar zədələnmələrinin erkən mərhələdə mikrocərrahi üsullarla bərpası mümkündür və bu zaman funksiyanın böyük hissəsini geri qaytarmaq olur.
Dilqəm Məmmədov sonda qeyd edib ki, məqsəd pasiyentlərin normal həyat fəaliyyətini bərpa etmək, onların sosial və fiziki məhdudiyyətlərini aradan qaldırmaqdır.
Zeynəb Rzayeva
Bakı 




