“Hazırda neftin qiymətinin düşməsinin əsas səbəbi müharibə qorxusunun müvəqqəti şəkildə qiymət üzərindən çəkilməsidir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, neftin qiymətindəki enişlər təklifin artması, tələbin azalması fonunda baş vermir:
“Ona görə də bu cür qiymət enişləri dayanıqlı deyil. Düşünürəm ki, 1 həftə ərzində bu enişlər davam edə bilər. Hətta qiymət 90 dolların altına düşə bilər. Amma sonrakı həftələrdə, prosesin uzanıb-uzanmamasından asılı olaraq bütün hallarda qərar verilməzdən öncə bazar proqnozlarından dolayı qiymətlərin yenidən artırılması mümkündür. Obrazlı desək, bu gün qlobal birjalar “qulaqlarını şəkləyib” güllə səsi gözləyirlər ki, təkrar reaksiya versinlər”.

Eldəniz Əmirov: Qlobal birjalar “qulaqlarını şəkləyib” güllə səsi gözləyirlər...
Müsahibimiz qeyd edib ki, ikihəftəlik müddətdə hər şey ola bilər. Böyük ehtimal ki, proseslərin hərbi qarşıdurma tərəfi artıq geridə qalıb. Müəyyən məqamlarda müəyyən həmlələr olsa belə artıq davamlı olmayacaq.
E.Əmirov vurğulayıb ki, tərəflərin hər biri bu müharibənin dünyadakı iki yüz dövlətin heç birinə faydasının olmadığını, əksinə böyük zərərlərinin olduğunu görmüş oldu:
“Hazırkı vəziyyət əslində tərəflərin hər biri üçün fürsətdir ki, bu prosesi konfliktin qaynar nöqtəsinə gətirmədən həll etsin. Məhz bu detal növbəti dönəmlərdə də neftin qiymətinin bir neçə müddət əvvəl gördüyümüz 140-150 dollar həddindən aşağıda saxlamağa imkan verəcək. Amma hazırki enişin davamlı olmayacağı da mümkündür. Çünki bütün hallarda bu gün infrastruktur dağılmış durumdadır, istehsal istiqamətində ciddi zərərlər var”.
Aydın Baxış
Bakı 




