• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Gerb"li qəpiklərimiz 1000 manata alınır? - AÇIQLAMA 

CƏMİYYƏT

12 Fevral 2024 | 12:22

Gerbli qəpiklərimiz 1000 manata alınır? - AÇIQLAMA 

Son günlərdə sosial mediada üzərində dövlət gerbimizin şəklinin olduğu 10, 20, 50 qəpiklik metal pulların yüksək qiymətə alınması iddialarının səsləndirildiyi videolar yayımlanır. Videolardan birində hətta bu qəpiklərin 1000 manata alındığı iddia olunur.

Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Sözügedən metal pulların özəllikləri nələrdir?

Mövzu ilə bağlı Bakivaxti.az-ın əməkdaşı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əlaqə saxladı. Mərkəzi Bankın mətbuat xidmətindən bildirildi ki, 2021-2023-cü illər ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırda tədavüldə olan 5, 10, 20 və 50 qəpiklik metal pul nişanları yenilənərək onların dizaynına Dövlət Gerbi və istehsal ili əlavə edilib:

Qeyd olunub ki, qəpiklərimiz Mərkəzi Bank tərəfindən dövriyyəyə hər hansı limit və ya məhdudiyyət tətbiq edilmədən buraxılır. Məhdud sayda yalnız yubiley və xatirə pul nişanları tədavülə buraxılır ki, onlar da adətən qızıl, gümüş, platin və s. qiymətli metallardan hazırlanır.

“Məlumat üçün diqqətinizə çatdırılır ki, Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış pul nişanları, onların dizaynı, istehsal limitləri və digər parametrləri ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsinin “Milli pul nişanları” bölməsində öz əksini tapmışdır və bu məlumatlar hər bir vətəndaş üçün əl çatandır. Yenilənmiş (üzərində Dövlət Gerbi və istehsal ili əks olunan) metal pul nişanları ötən dövrdə tədavülə buraxılan və üzərində Dövlət Gerbi və istehsal ili əks olunmayan metal pul nişanları ilə paralel olaraq dövriyyədədir və ödəniş vasitəsi kimi, heç bir fərq qoyulmadan nominal dəyərilə bütün ödənişlərdə qəbul edilir", - deyə Mərkəzi Bankdan bildirilib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024