• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

13 gündə 13 intihar: Suisidin qarşısını necə almaq olar?

CƏMİYYƏT

13 Mart 2025 | 12:45

13 gündə 13 intihar: Suisidin qarşısını necə almaq olar?

Son vaxtlar ölkədə intihar halları ilə bağlı xəbərlər artmaqdadır.

Bakıvaxtı.az mətbuatda yer alan xəbərlərə istinadən xəbər verir ki, təkcə mart ayının geridə qoyduğumuz 13 günü ərzində 13 nəfər intihar edib, bir çoxu isə buna cəhd göstərib.

İnsanlar niyə hər şeydən əziz olan canına qıyır? İntiharların artımasına səbəb nədir?

Bununla bağlı Bakıvaxtı.az-a danışan psixoloq Aynur İsmayılova bildirib ki, intihar adətən yeniyetməlik dövründən sonrakı yaşlarda baş verir. Lakin son dövrlərdə yeniyetmələr arasında da intihar hallarının artdığı müşahidə edilir. Bir çox hallarda bu, depressiyadan qaynaqlanır:

"Depressiya iki cür olur - gizli və aşkar. Aşkar depressiyada olan insanlar ağlayır, dərdlərini paylaşır, sosial şəbəkələrdə qəmli, neqativ statuslar yazır və bir növ sakitləşir. Bu hal aylarla, hətta illərlə davam edə bilər.

Gizli depressiya isə fərqlidir: bu cür insanlar hər zaman pozitiv görünür, müxtəlif şənliklərdə iştirak edir, cəmiyyətlə qaynayıb-qarışır. Amma evə qayıtdıqda özlərini bərbad hiss edir, yalnızlıq yaşayır və nəticədə intiharı çıxış yolu kimi görürlər".

Psixoloq vurğulayıb ki, cəmiyyətin də insanların psixologiyasına mənfi təsiri böyükdür. Onun sözlərinə görə, bizdə belə bir yanaşma var ki, psixoloqa gedən dəlidir:

“Bu, yanlış düşüncədir, bir çox insanın psixoloqa müraciət etməsinə mane olub və bəzi hallarda faciə ilə nəticələnib. İnsanlar mənəvi cəhətdən yorğun və yalnız hiss etdikləri zaman dərhal psixoloqa müraciət etsələr, həmçinin valideynlər övladlarını psixoloji dəstək almaqdan çəkinməsələr, intihar halları xeyli azalar".

Müsahibimiz qeyd edib ki, hər bir vətəndaş - dost, ana, ata, qohum depressiyada olduğunu hiss etdiyi tanışına kömək etməli, onunla danışmalı və onu psixoloqa yönləndirməlidir. Bu cür dəstək göstərilsə, bəlkə də intihar halları demək olar ki, olmayacaq.

Psixoloq vurğulayıb ki, intihar xəbərləri paylaşılarkən də xüsusi həssaslıq göstərilməlidir. Çünki belə xəbərlər özünü çarəsiz hiss edən insanlar üçün mənfi təsir yarada bilər.

Aynur İsmayıova: İntiharın qarşısını almağın əsas yollarından biri də iqtisadi və sosial problemlərin həllidir

A.İsmayılovanın sözlərinə görə, intiharların sayını azaltmaq üçün kompleks tədbirlər görülməlidir:

"İlk növbədə, psixi sağlamlıq xidmətlərinin əlçatan olması vacibdir. Psixoloq və psixiatr dəstəyindən istifadəni təşviq edən maarifləndirici kampaniyalar aparılmalı, bu mövzuda cəmiyyətdə mövcud olan düşüncə aradan qaldırılmalıdır. Sosial dəstək sisteminin gücləndirilməsi də mühüm addımlardan biridir. İnsanlar çətinliklərini paylaşa bilməli, ailələr və dostlar isə depressiya və digər psixoloji problemlərlə üzləşən insanlara daha həssas yanaşmalıdır”.

Onun fikrincə, intiharın qarşısını almağın əsas yollarından biri də iqtisadi və sosial problemlərin həllidir. İşsizlik, maddi çətinliklər və sosial təcrid psixoloji gərginliyi artıran amillər olduğundan dövlət səviyyəsində bu sahədə tədbirlər görülməlidir. Eyni zamanda, mediada intihar xəbərlərinin yayılma tərzi dəyişdirilməlidir.

Psixoloq hesab edir ki, bütün bu tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilərsə, intihar hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR