Xəbər veridiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetiriblər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilib.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
"Qardaş yumruğu" adlandırılan təlimləri Bakıvaxtı.az-a şərh edən hərbi ekspert Yücel Karauz bildirib ki, hərbi təlimlər həm hərbi, həm də siyasi məsələlər üçün planlanan fəaliyyətlərdir:
“Azərbaycan və Türkiyənin İran sərhədində bu cür müştərək təlim keçirməsi önəmli addımdır. Müştərək və silahlı təlimlər ən çətin təlim növüdür".
Y.Karauz deyib ki, Türkiyə və Azərbaycan hərbi müttəfiqliyi 1992-ci ildən etibarən bu yana tarixin ən yüksək nöqtəsinə çatıb. Onun sözlərinə görə, buna bənzər digər bir təlimlər 44 günlük Vətən müharibəsindən öncə Bakıda keçirilmişdi: "Bu təlimlə ortaq hədəflər, kordinasiya fəaliyyətləri, taktikalar və təhdidləri ortadan qaldıracaq üsullarla dərslər keçirilir”.
Ekspert qeyd edib ki, həm quru, həm hava, həm də xüsusi təyinatlı qüvvələrin iştirakı ilə əngəllərdən keçmək üçün ilk dəfə çay üzərindən səyyar körpülərdən istifadə önəmli addımdır:
“Həmçinin iki dövlətin də prezidentinin zəng vasitəsilə əsgərlərə xitab etməsi əhəmiyyətli idi. Bu təlimlər hərbi və siyasi müttəfiqliyin son təzahürüdür. Bu təlimlərin Cəbrayıda, Astarada, İmişlidə keçirilməsinin Ankaradan, Naxçıvandan bir fərqi yoxdur. Heç kim Azərbaycana barmaq yelləyə, ərazi bütövlüyünə şübhə ilə baxa bilməz. Bu təlimlər dosta güvən, düşmənə qorxu salıb. Bu müttəfiqlik Ermənistanla yanaşı, Fransaya da bir mesajdır ki, bu dostluq, qardaşlıq əbədidir”.
Nuranə Daxilqızı

















