2026-cı ildə dövlət borcuna xidmət xərclərinin 2,5 milyard manat olacağı gözlənilir. Gələn il üçün daxili borclanmanın yuxarı həddi 2 milyard manat, xarici borclanmanın limiti 6 milyard manat, dövlət zəmanətlərinin maksimum məbləği isə 3 milyard manat olaraq təklif edilir.
Bakıvaxtı.az bildirir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəricilərə malik ölkələr sırasındadır. O bildirib ki, xarici borcun ümumi borcdakı payı 32,8 % təşkil edir ki, bu da borc portfelinin məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.
Cari ildə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının orta müddəti 2,4 dəfə artaraq 3,5 ilə yüksəlib, 7 və 10 illik istiqrazların portfeldəki çəkisi isə 30 faiz bəndi artıb. Bu dəyişikliklər yenidən maliyyələşdirmə və ödəniş yükünün daha səmərəli idarə olunmasına şərait yaradır.
Əli Hüseynov
Bakı 



