• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Suverenlik mərhələsində humanizm: amnistiya təşəbbüsünün siyasi və ictimai mənası

SİYASƏT

19 Dekabr 2025 | 10:52

Suverenlik mərhələsində humanizm: amnistiya təşəbbüsünün siyasi və ictimai mənası

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü təkcə hüquqi addım deyil, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsini və idarəetmə məntiqini əks etdirən siyasi mesajdır. Bu təşəbbüs dövlətin gücünün yalnız sərt nəzarət və cəza mexanizmləri ilə deyil, humanizm, sosial ədalət və vətəndaşa inam üzərində qurulduğunu nümayiş etdirir.

Amnistiyanın məhz Konstitusiya və suverenlik anlayışları ilə əlaqələndirilməsi təsadüfi deyil. Son illərdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və konstitusion quruluşun bütün ərazilərdə faktiki təmin edilməsi dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələ açıb. Bu mərhələdə atılan humanist addımlar dövlətin özünə inamının, hüquqi sabitliyinin və institusional yetkinliyinin göstəricisi kimi çıxış edir. Güclü və suveren dövlət cəzalandırmaqla yanaşı, bağışlamaq və ikinci şans vermək imkanına da malik olur.

Amnistiya təşəbbüsünün ideoloji əsasını insan amilinin prioritetliyi təşkil edir. Prezident İlham Əliyevin siyasi kursunda vətəndaş rifahı, sosial balans və mərhəmət prinsipləri mühüm yer tutur. Bu yanaşma cinayət-hüquq siyasətində də öz əksini taparaq cəzanın yalnız təcridetmə vasitəsi deyil, həm də islah və yenidən cəmiyyətə inteqrasiya mexanizmi kimi qəbul edildiyini göstərir. Dövlət bu addımla cəmiyyətə açıq mesaj verir: qanuna qayıdış mümkündür və bu qayıdış təşviq olunur.

Xüsusi olaraq müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, mülki əhali arasında zərər çəkmiş şəxslər kimi kateqoriyaların amnistiya çərçivəsinə daxil edilməsi təşəbbüsün sosial-siyasi mahiyyətini daha da dərinləşdirir. Bu, postmünaqişə dövründə milli həmrəyliyin möhkəmləndirilməsinə, cəmiyyətin müxtəlif təbəqələri arasında sosial ədalət hissinin gücləndirilməsinə xidmət edir. Amnistiya bu baxımdan həm də müharibədən sonrakı dövrün mənəvi bərpası elementlərindən biri kimi çıxış edir.

Miqyasına görə ən geniş amnistiya təşəbbüsü olması isə dövlətin cəmiyyətə və fərdin islah potensialına olan inamını açıq şəkildə ortaya qoyur. Minlərlə insanın azadlığa qovuşması və ya cəzasının yüngülləşdirilməsi cinayət-icra sistemində humanist dönüşün rəmzi olmaqla yanaşı, sosial yükün azalması və ictimai münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir.

Ümumilikdə, bu amnistiya təşəbbüsü hüquqi akt olmaqdan daha çox, siyasi-fəlsəfi məzmun daşıyır. O, suverenliyini tam bərpa etmiş, konstitusion əsasları möhkəmlənmiş və gələcəyə inamla baxan bir dövlətin cəmiyyətlə dialoqunun təzahürüdür. Dövlət gücünü mərhəmətlə tamamladıqda, bu güc daha dayanıqlı və legitim xarakter alır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

18 Dekabr 2025