“Tramp yolu” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən vahid dəmir yolu şəbəkəsinin yaradılması nəzərdə tutulub, dəmir yolunun bərpası və istismarı ilə bağlı artıq ikinci texniki müzakirələr aparılıb.
Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə verdiyi açıqlama layihənin sadəcə ideya mərhələsində olmadığını, praktik icra müstəvisinə keçmək üzrə olduğunu göstərir.
Sözügedən təşəbbüs Cənubi Qafqazda nəqliyyat əlaqələrinin yenidən qurulması baxımından diqqət çəkir. Eyni zamanda layihənin geosiyasi kontekstdə təqdim olunması onun arxasında daha geniş siyasi hesablamaların dayandığına işarə edir.
Mövzu ətrafında yaranan sualları Bakıvaxtı.az-a cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu layihə ilk baxışdan regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün imkan kimi təqdim olunur. Dəmir yolu xətləri ticarət dövriyyəsinin artmasına və logistika xərclərinin azalmasına şərait yarada bilər: “Lakin Cənubi Qafqaz kimi həssas bölgədə heç bir layihə siyasi kontekstdən kənar qiymətləndirilə bilməz. Ermənistanın bu təşəbbüsü normallaşma aləti kimi irəli sürməsi risk faktorlarını artırır. Eyni zamanda layihənin hansı geosiyasi mərkəzlərin maraqlarına uyğun gəldiyi sualı açıq qalır. Buna görə də imkanlarla yanaşı, ciddi siyasi və təhlükəsizlik riskləri mövcuddur”.
Müsahibimiz qeyd edib ki, Ermənistanın əsas məqsədi postmünaqişə dövründə regional izolyasiyadan çıxmaqdır. Bu tip layihələr vasitəsilə İrəvan özünü konstruktiv və əməkdaşlığa açıq tərəf kimi təqdim etməyə çalışır. Onun sözlərinə görə, paralel olaraq “kommunikasiya blokadası” tezisini zəiflətmək niyyəti də mövcuddur:
“Daxili auditoriya üçün iqtisadi perspektiv görüntüsü yaratmaq da bu siyasətin tərkib hissəsidir. Lakin real güc balansı dəyişmədikcə bu cəhdlərin strateji təsiri məhdud qalır. Faktiki olaraq layihə Ermənistan üçün daha çox taktiki xarakter daşıyır”.
“Bu layihə Azərbaycanın nəqliyyat strategiyası ilə nə dərəcədə uzlaşır” sualını cavablandıran Z.Qarayeva bildirib ki, Azərbaycanın nəqliyyat strategiyasının əsasında suverenlik və marşrutlar üzərində tam nəzarət prinsipi dayanır. Bakı artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində aparıcı tranzit mərkəzlərindən biridir. Yeni layihələr bu mövqeyi zəiflətməməli, əksinə gücləndirməlidir.

Züriyə Qarayeva: Azərbaycanın nəqliyyat strategiyasının əsasında suverenlik və marşrutlar üzərində tam nəzarət prinsipi dayanır
Onun fikrincə, əgər “Tramp yolu” mövcud dəhlizləri tamamlayıcı xarakter daşıyarsa, texniki baxımdan dəyərləndirilə bilər. Lakin siyasi şərtlərlə yüklənmiş marşrutlar Azərbaycan üçün qəbuledilməzdir. Bu səbəbdən rəsmi Bakı təşəbbüsə ehtiyatla yanaşır.
Gələcəkdə bu dəmir yolu layihəsinin regional sabitliyə verəcəyi töhfəyə gəlincə, politoloq deyib ki, regional sabitlik təkcə iqtisadi layihələrlə təmin olunmur:
“Əsas şərt qarşılıqlı etimadın formalaşması və siyasi öhdəliklərin yerinə yetirilməsidir. Ermənistan revanşist ritorikadan tam imtina etmədiyi halda, nəqliyyat layihələrinin sülhə töhfəsi məhdud olacaq. Azərbaycan üçün prioritet təhlükəsizlik və hüquqi çərçivənin qorunmasıdır”.
Müsahibimiz hesab edir ki, layihə bu prinsiplər əsasında həyata keçirilərsə, sabitliyə müsbət təsir göstərə bilər.
“Əks halda “Tramp yolu” regionda yeni gərginlik mövzularından birinə çevrilə bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 




