• Bakı 12° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

ABŞ-Çin rəqabəti yeni müharibə dövrünə sürüklənir? - AÇIQLAMA

DÜNYA

27 Noyabr 2025 | 12:15

ABŞ-Çin rəqabəti yeni müharibə dövrünə sürüklənir? - AÇIQLAMA

Asiya-Sakit okean regionu son illərdə qlobal güc balansının ən həssas nöqtəsinə çevrilib. ABŞ-nin bölgədəki müttəfiqlərini gücləndirməsi, AUKUS və QUAD kimi təhlükəsizlik platformalarının genişlənməsi, Çinin isə Tayvan ətrafında artan hərbi fəallığı bu məkanı XXI əsrin yeni geosiyasi qarşıdurma mərkəzinə çevirib.

Strateji rəqabət yalnız hərbi sahədə deyil, texnoloji, iqtisadi və diplomatik müstəvilərdə də kəskin şəkildə dərinləşir. Bəzi ekspertlər qarşıdurmanın idarəolunan rəqabət kimi davam edəcəyini düşünsə də, digərləri ABŞ-Çin münasibətlərində kiçik bir insidentin belə genişmiqyaslı müharibəyə yol aça biləcəyini xəbərdarlıq edir.

Bakıvaxtı.az məsələnin qlobal təhlükəsizlik arxitekturası üçün kritik əhəmiyyətini nəzərə alaraq politoloq Züriyə Qarayeva ilə bu dinamikaları təhlil edib.

Onun sözlərinə görə, hazırkı rəqabət tarixi gərginliklərdən fərqli olaraq həm hərbi, həm iqtisadi, həm də texnoloji sahələrdə paralel şəkildə davam edir və bu da riskləri artırır. Xüsusilə Tayvan ətrafında hava və dəniz manevrlərinin intensivləşməsi iki ölkə arasında təsadüfi qarşıdurma ehtimalını ciddi şəkildə yüksəldir. Politoloq hesab edi ki, əgər tərəflərdən biri özünü təhdid olunmuş hiss edərsə, reaksiyanın nə qədər sürətlə eskalasiya edəcəyi öncədən proqnozlaşdırıla bilməz:

“ABŞ-ın yeni müdafiə doktrinası Çinin “əsas strateji rəqib” kimi müəyyənləşdirilməsini təsdiqləyir və bu, bölgədə silahlanmanı daha da sürətləndirir. Çin isə öz növbəsində Tayvan məsələsini “qırmızı xətt” elan etdiyindən, hərbi təzyiqin azalma ehtimalı çox aşağıdır. Buna görə yaxın illərdə lokal insidentlərin böyüyüb regional toqquşmaya çevrilmə riski real olaraq qalır”.

Müsahibimiz Tayvan məsələsinin ABŞ-Çin münasibətlərində niyə ən kritik gərginlik nöqtəsinə çevrildiyindən də danışıb. Dediyinə görə, Tayvan yalnız geosiyasi məkan deyil, həm də Çinin milli kimlik və ərazi bütövlüyü konseptinin mərkəzində duran simvolik bir məsələdir. Pekin Tayvanın müstəqillik istiqamətində atdığı hər addımı strateji təhdid kimi qiymətləndirir və bu istiqamətdə kompromisə meyilli görünmür. ABŞ isə həm hüquqi öhdəlikləri, həm də qlobal güc balansına nəzarət baxımından Tayvanın təhlükəsizliyini təmin etməyə çalışır:

“Bu ziddiyyət Tayvanı iki gücün toqquşma nöqtəsinə çevirir və hər iki tərəfin geri çəkilməsini çətinləşdirir. Son illərdə Tayvan boğazında hərbi manevrlərin intensivləşməsi həm texniki insident riskini, həm də qarşılıqlı yanlış qiymətləndirmə ehtimalını artırır. Məhz buna görə bu məsələ yaxın illərdə ABŞ-Çin münasibətlərinin ən təhlükəli elementi olaraq qalacaq”.

Züriyə Qarayeva: Bu məsələ ABŞ-Çin münasibətlərinin ən təhlükəli elementi olaraq qalacaq

AUKUS və QUAD kimi platformaların regiondakı strateji balansı necə dəyişdiyinə gəlincə. Z.Qarayeva bildirib ki, bu alyansların məqsədi Çinlə açıq qarşıdurma yaratmaq deyil, lakin Pekinin hərbi genişlənmə qayğılarına cavab olaraq regional gücləri bir çətir altında toplamaqdır. AUKUS-un Avstraliyaya nüvə sualtı qayıqları verməsi bölgədə dəniz balansını ABŞ-nin xeyrinə sərt şəkildə dəyişir. QUAD isə siyasi və təhlükəsizlik koordinasiyasını artıraraq Hind-Sakit okean məkanında kollektiv müqavimət formalaşdırır:

“Pekin bu platformaları “Çini mühasirəyə alma strategiyası” kimi qiymətləndirdiyindən reaksiyasını daha sərt şəkildə qurur. Bu yanaşma isə silahlanma yarışını dərinləşdirir və qarşılıqlı etimadı azaldır. Nəticədə regionda hərbi balansın incə tarazlığı daha həssas və tez dəyişən hala gəlir”.

ABŞ-Çin qarşıdurmasının qarşısını almaq üçün hansı siyasi və diplomatik mexanizmlər hələ də işləkdir?

Suala Z.Qarayevanın cavabı belə olub:

-Hər iki ölkə fərqindədir ki, genişmiqyaslı müharibə qlobal iqtisadiyyatı çökdürə və onların öz mövqelərini zəiflədə bilər. Buna görə liderlər səviyyəsində birbaşa kommunikasiya kanalları, xüsusilə, son görüşlər kritik əhəmiyyət daşıyır. ABŞ və Çin arasında hərbi-hərbi dialoqun bərpa olunması da təsadüfi insidentlərin qarşısını almaq üçün vacibdir. İqtisadi qarşılıqlı asılılıq hələ də hər iki tərəf üçün mühüm “yavaşladıcı mexanizm” rolunu oynayır və tam qarşıdurmaya imkan vermir. Regional təşkilatların, xüsusilə ASEAN-ın neytral mövqeyi də eskalasiyanın qarşısını müəyyən dərəcədə məhdudlaşdırır. Lakin bütün bu mexanizmlərə baxmayaraq, gərginlik artmaqda davam edir və hər iki gücün diqqətsiz addımı böyük böhran yaradacaq potensiala malikdir.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

26 Noyabr 2025