Almaniya 2026-cı ildə hərbi satınalmalara 377 milyard avro xərcləmək niyyətindədir. Artıq bununla bağlı 39 səhifəlik geniş siyahı hazırlanıb.
Bakıvaxtı.az xatırladır ki, siyahıda quruda, havada, dənizdə, kosmosda və kiberməkanda 377 milyard avro dəyərində arzuolunan satınalmalar öz əksini tapıb. Sənədlərə əsasən, Almaniya Silahlı Qüvvələri gələn ilin büdcə dövrü ərzində təxminən 320 yeni silah və texnika layihəsinə start verməyi planlaşdırır. Sənəd ümumilikdə 687 Puma piyada döyüş maşınının çatdırılmasını nəzərdə tutur. Hava hücumundan müdafiə sahəsində Bundesver dronlara qarşı mübarizə üçün 561 ədəd Skyranger 30 qısa mənzilli qüllə sistemi almağı planlaşdırır.
Almaniya Silahlı Qüvvələri həmçinin Amerikanın "Lockheed Martin" şirkətindən təxminən 2,5 milyard avroya 15 F-35 təyyarəsi almaq istəyir. Bundan başqa, sənəddə təxminən 1,15 milyard avroya 400 "Tomahawk Block Vb" qanadlı raketin və üç "Lockheed Martin Typhon" buraxılış qurğusunun alınması sadalanır.
Almaniyanın müdafiə sahəsini bu şəkildə gücləndirmək istəyinin kökündə hansı səbəblər durur?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda Avropa İttifaqı ilə ABŞ arasında çox ciddi problemlər var və ziddiyyətlər getdikcə daha da dərinləşir.
Onun sözlərinə görə, bu ziddiyyət xüsusən də Ukrayna münaqişəsi ilə bağlı məsələdə özünü göstərir:
"Ziddiyyyətlər Avropa İttifaqına qarşı təhdidlərin artmasına səbəb olur. ABŞ Avropa İttifaqı üzərində Rusiya təhdidinin daha çox hiss olunmasında maraqlıdır. Beləliklə, Avropa İttifaqı müstəqil siyasət yürütmək cəhdlərinə son qoyaraq Birləşmiş Ştatların vassalı kimi qalmağa davam etsin. Avropa İttifaqının Rusiyanın nəzarətindən çıxması perspektivləri Vaşinqtonu ciddi şəkildə nrahat edir. Ona görə də Vaşinqton xüsusilə Ukrayna münaqişəsi ilə bağlı daha loyal münasibət sərgiləyir və Moskvanın maraqlarını nəzərə almaqla, Rusiyanın Avropa İttifaqına qarşı təhdidlərinin artmasında maraqlıdır. ABŞ bu kontektsdə Avropa İttifaqının ona daha çox ehtiyac duymasını niyyət edir. Təbii ki, mövcud vəziyyət Avropa İttifaqı ölkələri, o cümlədən Almaniyanı narahat edir".

Əli Zülfüqaroğlu: ABŞ Avropa İttifaqı üzərində Rusiya təhdidinin daha çox hiss olunmasında maraqlıdır
Ə.Zülfüqaroğlu vurğulayıb ki, Tramp dəfələrlə açıqlamalarında Avropa İttifaqı ölkələrinin NATO-ya daha çox ödəmələr etməsi barədə məlumat verib. Əgər Birləşmiş Ştatlar Avropa İttifaqının təhlükəsizliyinin təmin olunmasında rol oynayan əsas gücdürsə, o zaman Aİ öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli və NATO-ya ödəmələr etməlidir. Bundan başqa, Aİ ölkələri ABŞ-nin maraqları kontekstində çıxış etməlidir.
"Görünən odur ki, Aİ Birləşmiş Ştatlarla ziddiyyətli siyasət yürütməkdə davam etməyə çalışır. Bu səbəbdən Böyük Britaniya, Fransa və Almaniya öz hərbi potensialını və sənayesini gücləndirmək istiqamətində çalışır. Lakin düşünmürəm ki, bu ölkələr Birləşmiş Ştatlara ehtiyac duymadan öz təhlükəsizliklərini təmin etmək potensialına sahib olsunlar. Aİ ölkələri ilə ABŞ arasındakı ziddiyyətlərin dərinləşməsinin başlıca səbəbi bir sıra Avropa İttifaqı ölkələrinin Türkiyəyə üz tutmasıdır. Bütün hallarda Aİ heç vaxt ABŞ-dən kənar müstəqil siyasət yürütmək potensialına sahib deyil", - deyə Əli Zülfüqaroğlu əlavə edib.
Gülşən Şərif
Bakı 


