• Bakı 11° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Məktəblilər bir-birinə qarşı niyə aqressivdir? – Gizli və aşkar səbəblər, həll yolları

CƏMİYYƏT

20 Sentyabr 2024 | 12:22

Məktəblilər bir-birinə qarşı niyə aqressivdir? – Gizli və aşkar səbəblər, həll yolları

Yeni dərs ilinin ilk günündə Goranboy rayonunda 11-ci sinif şagirdi öz sinif yoldaşını bıçaqlayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən açıqlamada hadisənin məktəbdənkənar baş verdiyi bildirilsə də, yeniyetmələrin belə cinayətə meyilli olması, aqressiv və zorakı davranışları valideynləri, müəllimləri, öz həmyaşıdlarını və ümumilikdə bütün cəmiyyəti narahat edir.

Gənclərdə olan bu aqressiyanın səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, ailədə uşaqların düzgün tərbiyə olunması mühüm pedaqoji problem olmaqla bərabər, həm də cəmiyyətin, dövlətin prioritet məsələlərindən biridir.

E.Rüstəmovun sözlərinə görə, bu gün sosial mediada paylaşılan xəbərlər, real həyatda baş verənlər, habelə uşaqların və yeniyetmələrin davranışında artmaqda olan aqressiya və zorakılıq halları narahatlıq doğurur və bu hallar nəinki ailədə, eləcə də məktəb mühitində və digər sosial yerlərdə özünü büruzə verir.

Müsahibimiz onu da qeyd edib ki, aqressiv uşaqlar psixi sağlamlıq problemləri, zərərli vərdişlər və zorakılığa daha çox meylli olurlar:

“Ümumiyyətlə məktəbəqədər və məktəb yaşda olan uşaqlarda bir çox hallarda şiddət tərkibli davranışlar müşahidə edilir. Lakin valideynlərin etdiyi səhvlərdən biri, uşaq böyüdükcə aqressiv və zorakı davranışların da azalmasına ümid edərək heç bir önləyici tədbirlər görməməkdir. İstənilən yaşda uşaqda zorakı davranışlar hər zaman ciddi qəbul edilməlidir. Bunu sadəcə "keçid dövründəki bir mərhələ" kimi dəyərləndirmək doğru deyil”.

Psixoloq uşaqlarda və yeniyetmələrdə zorakı davranışların geniş spektrli davranışları əhatə edə biləcəyini vurğulayıb. Dediyinə görə, bunlara əsəbilik, fiziki şiddət, təhdidlər və ya başqalarını incitmək cəhdləri, o cümlədən başqalarını öldürmək istəməsi düşüncələri, heyvanlara qarşı qəddarlıq, əmlakın qəsdən məhv edilməsi kimi hallar aiddir.

E.Rüstəmov belə davranışların yaranmasında əsas səbəbin psixoloji problemlərin kompleks qarşılıqlı təsiri və ya digər amillərin birləşməsi olduğunu nəzərə çatdırıb və bildirib ki, bu da uşaq və yeniyetmələrdə aqressiya və zorakı davranışlara bilavasitə əsas yaradır:

“Bu cür amillərə - valideynlər tərəfindən zəif emosional nəzarət, evdə və ya cəmiyyətdə zorakılığa habelə bullinqə məruz qalmaq, həddindən artıq impulsivlik, genetik (ailə irsiyyət) faktorları, sosial mediada, oyunlarda, televiziya və ya filmlərdə zorakılığın şahidi olmaq, yeniyetmələrdə narkotik və ya spirtli içki istifadəsi, doğru olmayan tərbiyə və stressli ailə mühiti həmçinin ailədə tək valideynlik, erkən yaşlarda işləməyə məcbur olmaq, ciddi məsuliyyətlər, davranış pozuntuları və s. aiddir”.

Elnur Rüstəmov: Şagirdlərin aqressiyası özünü məktəb mühitində, digər sosial yerlərdə də büruzə verir

Bundan əlavə, doğru olmayan ailə modelinin ailədəki uşaqlara verdiyi zərərin daha böyük olduğunu, övladına qarşı soyuq olmağın, öhdəliklərindən imtina etməyin, ona dəstək və dəyər verməməyin, ailədəki problemləri həll etmək üçün aqressiyadan istifadə etməyin, övlad ilə ünsiyyət qurmamaq və onun problemləri ilə maraqlanmamağın ciddi boşluqlara səbəb olaraq uşağın psixologiyasında mənfi reaksiya və davranışlara təkan yaratdığını diqqətə çatdırıb:

“Valideynlər belə problemlərin qarşısını almaq üçün bir çox nüanslara diqqət etməlidirlər. Məlumdur ki, bu günkü dövrün tələbləri inkişaf etmiş texnologiyalardan istifadəni artırır. Lakin valideyn erkən yaşlarda uşağın smartfonlara və yaxud digər texnoloji alətlərə və rəqəmsal oyunlara meyl etməsinin qarşısını almalıdır. Bunun əvəzinə ona alternativ yollar təklif etməli, maraqlı fəaliyyətlərə yönəltməlidir. Eləcə də, oğlan uşaqlarının fiziki məşğələlərə getməsi onlarda yaranan aqressiyanı idarə etməyə və enerjinin tarazlığını qorumağa kömək edir”.

Ekspert bildirib ki, uşağı daim başqası ilə müqayisə etmək, onu təhdidlərə məruz qoymaq uşaqda aqressiyanın baş qaldırmasına birbaşa təsir edən digər səbəblərdən biridir. Onun sözlərinə görə, valideyn əmr vermək yerinə doğru ilə yanlışı izah etməli, çətin anlarda övladına çıxış yolu tapmaqda kömək etməli, problemlərin həllində ona doğru seçimləri etməyi öyrətməlidir.

Həmsöhbətimiz son olaraq qeyd edib ki, valideyn aqressiv davranışları olan uşağı vaxtında mütəxəssisə yönləndirməklə düzgün psixoloji sağlamlığı bərpa edə bilər və hər bir problemdə olduğu kimi uşaqların davranış pozuntuları və aqressiya kimi davranışları da mütəxəssis tərəfindən erkən müdaxilə edilərək həll edilə bilər. Belə qiymətləndirmələr gənclərin ailələri, məktəb mühiti və həmyaşıdları ilə münasibətdə onların davranışlarını anlamaq üçün sınaqdan keçirilmiş metodlardan istifadəni nəzərdə tutur. Həmçinin, paralel olaraq ailə daxilində münaqişələr, məktəbdə baş verən problemlər də həll edilməlidir:

“Qeyd edilən risk faktorları əhəmiyyətli dərəcədə azaldılsa və ya aradan qaldırılarsa, bir çox zorakı davranışın qarşısını almaq olar. Ən əsası, belə diqqət uşaq və yeniyetmələrin evdə, cəmiyyətdə və media vasitəsilə zorakılığa məruz qalmasının kəskin şəkildə azaldılmasına yönəldilməlidir. Unutmayaq ki, bir zorakılıq başqa bir zorakılığa gətirib çıxarır. Bütün bu səbəblərdən dolayı valideynlər hər yaş dövründə uşaqlara qarşı diqqətli olmalı və çətin anlarda yanlış davranışların qarşısını almaq üçün onlarla daim ünsiyyət quraraq doğru tərbiyənin əsası yaratmalıdırlar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Noyabr 2024