• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azad adamlara ithafən...

CƏMİYYƏT

26 Dekabr 2024 | 16:40

Azad adamlara ithafən...

Həyatımın istənilən günündə, anında səmaya aşiq olmuşam.

Bundan da əlavə, pilotlara qibtə etmişəm. Çünki pilotlar özlərini səmada yaşadan və səmaya əbədi həkk edən adamlardır.

Onları səmada özlərini yaşadan insanlardan başqa formada adlandıra bilmərəm. Axı, göyün üzündə yaşayan insanlar bioloji olaraq dünyadan köçəndə elə orada da yaşayırlar... Onlar oranın əbədi sakinləridir.

Dünən səmaya əbədi sakin olan iki nəfər də bu siyahıya əlavə olundu – kapitan İqor Kşnyakin və Aleksandr Kalyaninov...

Mən onların həmin an nə hisslər keçirdiklərini bilməsəm də, anlayıram. Üstlərində ölkəmizin vətəndaşlarının məsuliyyəti, qəlblərində səma sevgisi olan iki səma fatehi, ölümdən bir neçə saniyə öncə göyün üzünə baxılan o əbədi baxışlar...

... Onlar hər an hərəkət edən, qarışıq buludlar arasında yol alaraq sanki dünyadan uzaqlaşırdı, lakin özlərinin ən yaxın hiss etdiyi yerə - səmaya ucalmağın buruq sevinci var idi qəlblərində. Həyatları boyunca qarşılaşdıqları bütün çətinliklərə, mübarizələrə və hadisələrə baxmayaraq, bu an yalnız bir şeyə fokuslanmışdılar - azadlığa və yaşatmağa, bir də bu böyük və sonsuz mavi aləmə.

Onlar səmanı, bu insanları qorumaq üçün həyatlarını fəda edib qəhrəman olmağı özlərinə yol seçmişdilər. Amma heç vaxt şüurlu şəkildə ölümlə üz-üzə gəlməmişdilər. Çünki hər bir pilot qəhrəmanlığını yalnız uçuşlarda deyil, ruhunda da daşıyır. Onlar heç vaxt tək uçmurlar. Hər an bir-birlərinin düşüncələrini hiss edərək, bir ailənin üzvləri kimi səmada insanların uğrunda birləşir və dünyaya yalnız bir mesaj verirlər: "Biz buradayıq, biz azadıq, biz səmadayıq".

İqor və Aleksandr bu anları yaşayan zaman uçuşun yalnız rutin bir fəaliyyət olmadığını, bir həyat tərzi olduğunu bilirdilər. Hər bir addım, hər bir hərəkət, hər bir manevr onlara ölümsüzlüyün və sonsuzluğun bir hissəsini gətirirdi. Onlar səmada bir anlıq dayandıqda belə artıq özlərini bu dünyada buraxmışdılar, əslində orada - o əbədi səmada vəd etdikləri yerlərində əbədi sakin olmuşdular.

Göyün üzündə yaşayan insanlar sanki orada əbədi qalır, oranın bir parçası olurlar. Onların adları, ruhları, heç zaman unudulmur. O andan sonra səmada hər zaman bir ulduz daha doğur, hər zaman bir işıq daha parlayırr. Kapitan İqor Kşnyakin və Aleksandr Kalyaninov səmanın ən möhtəşəm və ən tərifəlayiq sakinlərindən birini çevrildilər. Onlar yalnız havada deyil, hər zaman bizlərlə – ruhlarda, xatirələdə, ürəklərdə yaşamağa davam edəcəklər.

Onların ölümsüz baxışları, səmadakı o son uçuşları heç vaxt itməyəcək. O anlar bir daha heç bir şəxs tərəfindən yaşanmasa da, bu böyük aləmdə onlar həmişə yaşayacaq.

Həmişə, göylərin əbədi sakinləri olaraq...

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Dekabr 2024