6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Bütün dövlətlər öz inkişafı və intihabında həmişə gənclərinin vətənpərvər, torpağa bağlı olmasını, milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etməsini arzulayır. Təbii olaraq bunun üçün lazımi işləri də görür.
Azərbaycan dünyada unikal dövlətdir ki, gəncliyə, onların milli ruhda tərbiyə edilməsinə xüsusi diqqət yetirir. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə 1994-cü ildə ilk olaraq yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi olub. Keçirilən gənclər forumlarının hər birində ulu öndər şəxsən özü iştirak edir, bir saata yaxın məruzələr edir, Azərbaycanın gələcəyini quranlara xitablar edirdi.
Çox nadir ölkələrdən biriyik ki, dünyada Gənclər Günü təsis etmişik. Hətta BMT bizdən bir az sonra Beynəlxalq Gənclər Günü təsis edib.
Vüqar İskəndərov: Vətənpərvər olmaq, vətəni sevmək hər bir gəncin müqəddəs borcu olmalıdır
Deputat Vüqar İskəndərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan gəncliyi vətən sevgisi, milli mənliyin inkişaf etməsi, dövləti və xalqı göz bəbəyi kimi qoruması baxımdan imtahandan üzüağ, alnıaçıq çıxdı. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində gənclərimiz Azərbaycan əsgəri və zabiti kimi bu imtahandan “5” aldı:
“Onlar Vətən uğrunda canlarından, qanlarından keçərək qazi, şəhid oldular. Bir qarış torpağı belə düşmənə güzəştə getmədilər. Bu, həm də Azərbaycan gəncinin Vətən qarşısında müqəddəs borcu idi. Azərbaycan gənci dünyaya bir vətənpərvərlik dərsi keçdi”.
Müsahibimiz deyib ki, Azərbaycan gənclərinin əksəriyyəti savadlıdır, öz üzərində işləyir, təhsil almağa meyillidir. Belə olmayan gənclər də var, bu, təbiidir. Cəmiyyət rəngarəngdir, bütün gənclər ali təhsilli, intellektual biliklərə sahib ola ola bilməz. Lakin vətənpərvər olmaq, vətəni sevmək, onu qorumaq hər bir gəncin müqəddəs borcu olmalıdı.
Deputat vurğulayıb ki, gənclərimizin vətənpərvər olmasının təməlində dövlətimizin uğurlu siyasəti durur:
“Uzun illərdir ki, ölkədə bir neçə nazirliyin birgə təşkil etdiyi şahin, “Vətən müharibəsinə hazıram” hərbi idman, cəsurlar, sərhədçi və s. bu kimi bir çox hərbi vətənpərvərlik oyunları keçirilir. Bütün bunlar məktəb yaşlarından gənclərimizi bu ruhda tərbiyə edir. Vətənlə bağlı olan vacib dərslərin keçilməsi, İlham Əliyevin sərəncamı ilə bir neçə dövlət proqramlarının olması və onların müvafiq bəndlərinin icrası, ailədən gələn tərbiyə və s. bunların hamısı yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi üçün vacib faktorlardır:
“Bugünkü dövrün gəncləri sabah Azərbaycanın dövlət strukturlarında aparıcı, qabaqcıl insan olacaqlar. Ona görə də, onlar təhsil və tərbiyələrində diqqətli olmalıyıq”.
Naqif Həmzəyev: Azərbaycan gənci qalib ölkənin vətəndaşı olmaqdan qürur duyur
Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti gənclərimizin milli, mənəvi ruhda yetişməsi, formalaşması və təhsil alması üçün xüsusi dövlət proqramları həyata keçirir:
“Azərbaycan gənclərinin milli ruhda yetişməsi üçün məktəbəqədər təhsil müəssisələri və məktəblərdə bu məqamlara xüsusi önəm verilir. Azərbaycan tarixi, milli kimliyi, soykökü gənclərimizə çatdırılır. Eyni zamanda, Azərbaycan gəncləri ailələrində və cəmiyyətdə sadaladığımız məsələlərlə əlaqədar kifayət qədər informasiya əldə edirlər. Nəticə etibarilə, kompleks şəkildə təşkil edilmiş tərbiyə, aparılmış ideoloji tədbirlər gənclərimizin milli ruhda yetişdirilməsinə və milli mənlik ruhunun inkişaf etdirilməsinə gətirib çıxarır”.
Onun sözlərinə görə, təəssüf ki, müstəqilliyimizi qazandığımız ərəfədə digər sovet dövlətlərindən fərqli olaraq Ermənistanın təhdidləri ilə üz-üzə qaldı, torpaqlarımızın 20%-ni itirdik. Təbii ki, həmin dövrdə yetişən gənclər çox ağır və çətin bir dövrə şahidlik etdi:
“Təsəvvür edin ki, ana-atalarının qucağında ayaqyalın məcburi köçkün, qaçqın kimi o torpaqları tərk etməyə məcbur olan gənclərimiz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etmək üçün canlarından keçdilər. Xüsusən İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər Qarabağı ümumiyyətlə görməmişdilər. Ancaq onlar məqsədyönlü şəkildə aparılmış ideoloji işlərin və vətənpərvərlik ruhunun aşılanması nəticəsində torpaqların azad olunması üçün canlarını qurban verdilər. Bir sözlə, gənclərimiz vətəni sevdiklərini, vətənpərvər olduqlarını, bu torpağa bağlı olduqlarını əməldə sübut etdilər. 21-ci əsrdə müharibə başladıb torpaqlarını işğaldan azad edib müharibəni bitirə bilən çox az dövlət göstərə bilərik. Bunu Azərbaycan etdi. Ali Baş Komandan, cənab İlham Əliyevin arxasınca Azərbaycan xalqı, xüsusilə də gənclər getdilər”.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla həyata keçirilir. Müsahibimiz bildirib ki, Azərbaycan gəncləri döyüş və idman meydanında, bilik yarışlarında, bir sözlə - bütün sferalarda Azərbaycanı uğurla təmsil edirlər. Bu gün də Azərbaycan bütün sahələrdə artan temp üzrə inkişaf edir. Bütün bu inkişafın əsasını məhz gənclər təşkil edir:
“İlham Əliyev məhz gənclərin uğur qazanması, inkişaf etməsi, yetişməsi üçün xüsusi dövlət proqramlarının həyata keçirilməsinə nail olub. Bu gün də Azərbaycan gənclərinin inkişaf etdirilməsi və milli ruhda yetişməsi üçün təxirəsalınmaz işlər görülür. Savadlı, bilikli gənclərimizin gələcəyin ixtisaslarında ən reytinqli universitetlərdə təhsil ala bilməsi üçün dövlət proqramlarını reallaşdırır. Azərbaycan idmançılarının formalaşması üçün regionların hər bir yerində olimpiya kompleksləri, idman sarayları tikilir. Azərbaycan məktəbləri yenidən qurulub, universitetlərin maddi, texniki bazası yenilənib”.
N.Həmzəyev əlavə edib ki, gənclərin sosial həyatının təşkil edilməsi, asudə vaxtlarını sımərəli keçilməsi üçün müxtəlif layihələr həyata keçirilir:
“Xüsusən də gənclərin öz ideyalarını həyata keçirə bilmələri üçün bir çox dövlət fondları tərəfindən maliyyə ayrılır. Azərbayca gəncləri beynəlxalq bilik olimpiyadalarında ölkəmizi uğurla təmsil edirlər. Azərbaycan gənclərini öz milli kimliklərini dərk edirlər, onlar soyköklərini yaxşı bilirlər, vətənə bağlıdırlar. Bu gü də Azərbaycan gəncləri ölkəmizin suverenliyinin bərpa edilməsində yaxından iştirak etdikləri kimi, müstəqilliyimizin qorunması üçün də gecə-gündüz çalışırlar. Bir sözlə, Azərbaycan xalqı, gəncləri ali baş komandanının, dövlətinin ətradında sıx birləşib. Biz İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacağımıza inanırıq. Bu baxımdna, Azərbaycan gəncləri qalib ölkənin vətəndaşları olduqlarından qürur duyurlar, hər birimiz fəxr edirik ki, azərbaycanlıyıq”.
Aytac Aslan
Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyilə hazırlanıb