6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
5 min illik tarixə malik olan Azərbaycan öz adət-ənənələri, elm və mədəniyyəti ilə dünyanın sayılıb-seçilən ölkələri arasında özünə yer tutmağı bacarıb. Bu gün öz sözünü deməyi bacaran Azərbaycan buna öz tarixinə, dəyərlərinə, adətlərinə sahib çıxaraq nail olub.
Nəsillər bir-birini əvəz etsə də, adət-ənənələrimizin qorunmasında, onun gələcək nəsillərə çatdırılmasında hər bir Azərbaycan vətəndaşının çiyninə böyük məsuliyyət düşür. Çünki bir xalqı digər xalqlardan fərqləndirən onun özünəməxsus adətlərinin, dəyərlər sisteminin, elm və mədəniyyətinin olması və onu yaşatmasıdır. Bundan sonra da öz tariximizin, mədəniyyətimizin unudulmaması üçün onun təbliği hər bir azərbaycanlının prioritet vəzifələrindən biri olmalıdır.
Vətənə, millətə sevgi hissi ilə uşaqları böyütmək, onlara öz dəyərlərimizi ta uşaq yaşlarından aşılamaq lazımdır.
Bu işdə bizim təhsil ocaqlarımızın - məktəblərin, liseylərin, ali təhsil müəssisələrinin də rolu böyük və danılmazdır. Çünki insanın düşüncə tərzinin formalaşmasında, onlara hansısa fikirlərin aşılanmasında təhsilin, müəllimlərin fəaliyyəti əsasdır.
Elmin Nuri: Dövlətçiliyimizin, tariximizin təbliği sahəsində görülən işlərlə kifayətlənməməliyik
Təhsildə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin uşaqlara, gənclərə aşılanması, dəyərlərimizin qorunub-saxlanılması barədə Bakıvaxtı.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, adətən təhsillə bağlı müxtəlif məsələlərdən danışarkən haqlı olaraq problematik çalarlara, neqativ istiqamətlərə toxulsa da, indi toxunulan məsələnin - Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələrin, elm və mədəniyyətin təbıiği ilə bağlı təhsildə işlərin görülməsi mövzusundan fikirlər neqativ olmayacaq. Müsahibimiz bu istiqamətdə müəyyən işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
“Şəxsən bizdə orta ümumtəhsil müəssisələrində, ali təhsil müəssisələrində, lisey komplekslərində, özəl məktəblərdə təşkil olunan bir çox bu kimi tədbirlərə qatılırıq, orda həqiqətən də müəllimlərin uşaqlarını aylar ərzində necə də hazırladıqlarını, uşaqların necə istedadla bu bacarıqlarını çatdırdıqlarının şahidi oluruq”.
E.Nurinin sözlərinə görə, hətta elə direktorlar var ki, onlar bu məsələlərə xüsusi sevdalıdırlar və rəhbər olduqları müəssisələrdə də bu kimi ənənələri yaşadırlar. Müsahibimiz qeyd edib ki, yəni milli adət-ənənələrimiz, elm və mədəniyyətin təbliği sırf tədbir xarakterli təşkil olunur və bu istiqamətlərdə əsaslı işlər görülür:
“Bununla bağlı fikrimiz birmənalı olaraq müsbətdir”.
Təhsil eksperti iştirak etdiyi tədbirlərdə elm və mədəniyyətin təbliğinin, dövlətçiliyimizin, tariximizin təbliğinin, bu tədbirlərin uşaqlarda müsbət təəssürat yaratdığını bildirsə də, bunun bəs olmadığını, daha çox işlər görülməsinin tərəfdarı olduğunu nəzərimizə çatdırıb.
Müsahibimizin sözlərinə görə, özəl günlərdə, qeyri-özəl günlərdə, bayram ərəfələrində, xüsusi tarixlərdə bu kimi tədbirlərin keçirilməsi çox gözəldir, amma bu, biristiqamətli olmamalıdır. Ekspert bildirib ki, bizim dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətin təbliği bir neçə istiqamətlə şagirdlərimizə çatdırılmalıdır:
“Çünki təhsilin işi hansısa bir predmetlə, hansısa bir fənnlə bağlı uşaqların beynini doldurmaq deyil. Orta ümumtəhsil müəssisələrindəki 11 illik tədris dövrünün işi, əsas missiyası, məqsədi şəxsiyyətyönümlü fiqurları cəmiyyətə hazırlamaqdır. Orta məktəbin missiyası, əmin olun ki, universitetin missiyasından dəfələrlə ağır və şərəflidir. Çünki universitetin konkret bir missiyası var: əmək bazarına müəyyən istiqamətlə bağlı kadr hazırlamaq. Orta məktəb isə şəxsiyyət hazırlayır. İnsanın həyatı boyu görüb- götürə biləcəyi müsbət çalarların 75%-i məhz orta məktəb dövrünə təsadüf edir”.
“Dərsdənkənar dərnək xarakterli fəaliyyətlər təbii ki, bu istiqamətləri özündə göstərəcək fəaliyyətlər mütləq artmalıdır” deyən ekpert, bu istiqamətdə maraqlı olan müəllimlərin fənnindən asılı olmayaraq seçilməlisinin, onlara müəyyən qədər həvəsləndirici jestlər edilməsinin və onların şagirdlərlə işləməli olmasının tərəfdarı olduğunu söyləyib.
Həmsöhbətimiz diqqəti kənd məktəblərinə yönəldərək deyib ki, kənd məktəblərində fənnindən asılı olmayaraq elə müəllimlər var ki, o, həm də oxuduğu məktəbdə tədbirlərin təşkili, sırf bu istiqamətdə uşaqları hazırlamaq, onları valideynlərin qabağına çıxartmaq işinə görə ustalaşıblar:
“Çünki həmin müəllimin özündə, qanında, canında dövlətçilik tariximizin, elm və mədəniyyətimizin, milli adət-ənənələrimizin təbliği çox yüksək səviyyədədir. Bu cür müəllimlər xüsusi seçilməlidirlər, onlara xüsusi, müəyyən bir güzəştlər edilməlidir”.
Bundan əlavə, o, bir fənnin olmasına ehtiyac olduğunu vurğulayıb.
“Düzdür deyə bilərlər ki, “Həyat bilgisi” fənnində bu kimi detallar - elm və mədəniyyətin təbliği istiqamətləri var. Amma bu, çox azdır. Bu gün xüsusən də elm və mədəniyyət amili bizim məktəblərə daha çox ayaq açmalıdır. Şagirdlərimizin bu sahələrdə dünyagörüşü daha da artırılmalıdır. Elm və mədəniyyətlə bağlı ayrıca bir dərslik çıxarılmalı və xüsusi fənn kimi ən azı həftədə bir dəfə tədris olunmalıdır”.
Mina Mikayılova
Yazı Medianınİnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb