6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın 30 illik işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdi.
Qəhrəman şəhidlərimizin və qazilərimizin misilsiz igidliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Artıq ərazi bütövlüyümzü və bütün ərazilərimizdə suverenliyimizi tam şəkildə bərpa etmişik.
Qazanılmış qələbəni qoruyub saxlamaq, onu təbliğ etmək olduqca mühümdür. Artıq şanlı zəfərimizdən üç il keçib.
Bəs, bu müddət ərzində ölkəmizdə Vətən müharibəsində qazandığımız qələbəni və müharibə zamanı Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqmətində hansı işləri görülüb?
Ceyhun Məmmədov: Erməni vəhşiliklərinin ifşası üçün xeyli iş görüldüyünü deyə bilərik
Deputat Ceyhun Məmmədov bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra qısa müddət ərzində böyük abadlıq və quruculuq işlərinə başlayıb:
“Artıq Qarabağda çox mühüm işlər həyata keçirilib. İndi qarşımızda duran ən mühüm məsələlərdən biri də ermənilərin törətdikləri vəhşiliklərin dünyada tanıdılmasıdır. Qələbəmizi təmin etdikdən sonra bu vəhşiliklərin ifşası və dünya ictimaiyyətinə çatdırılması üçün xeyli ciddi addımlar atıldı. Bu müddətdə davamlı olaraq ayrı-ayrı ölkələrin səfirlərinin bölgəyə dəvət edildiklərini gördük. Eyni zamanda burada beynəlxalq təşkilatların xaricdə və ölkə daxilində konfranların keçirildiyinin də şahidi olduq. Həm səfirlərin, həm səfir işçilərinin dəvəti, müxtəlif tədbirlər, Cənab Prezidentin müxtəlif görüşlərdə səsləndirdiyi fikirlər bu məsələyə öz müsbət tövhəsini verdi”.
Onun sözlərinə görə, bu gün rahatlıqla erməni vəhşiliklərinin ifşası üçün xeyli iş görüldüyünü deyə bilərik:
“Eyni zamanda, bildiyimiz kimi, Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verib. Bu məhkəmə istiqamətində də çox mühüm və vacib işlər həyata keçirilir. Bu işlər gələcəkdə də davam etdiriləcək”.
Rəşad Məcid: Zəfərimizin təbliği istiqamətində ictimaiyyət lazimi qədər səfərbər olub
Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid isə Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin ,eləcə də, İkinci Qarabağ savaşında qazandığımız zəfərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində medianın gördüyü işlərdən danışıb.
Onun Bakıvaxtı.az-a dediyinə görə, müharibə ərəfəsində və ondan sonra ölkə mediasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasındakı fəaliyyətini qənaətbəxş saymaq olar:
"Vətən müharibəsi günlərində nəinki media, ümumiyyətlə, bütün gənclik sosial şəbəkələrdə hamılıqla bu istiqamətdə işlər görürdü.
Ölkəmizdə tədbir keçirildi, xaricdən qonaqların dəvət olundu, Diaspor Komitəsi və digər qurumlar tərəfindən müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində böyük işlər görüldü. Amma əfsus ki, hər zaman danışdığımız ikili standartlar, xristian dünyasının Ermənistana olan marağı, erməni lobbisinin fəaliyyəti bəzən bizim bu təbliğatların insanlara çatdırılmasına imkan vermədi.
Amma ölkəmizdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərin sayəsində son illərdə ölkəmizə gələn qonaqların hamısı həqiqəti öz gözləri ilə gördülər. Və bu yöndə jurnalistlər, yazıçılar,ümumiyyətlə, Azərbaycan ictimaiyyəti lazimi qədər səfərbər olub. Boynuna düşən işləri görür”.
R.Məcid qeyd edib ki, hazırda dünya mediasına çıxış imkanlarımızın məhdud olmasına baxmayaraq, tez-tez müxtəlif media qurumlarında Azərbaycanın təbliği istiqamətində görülən işlərlə bağlı süjetlərə rast gəlinir:
"İkili münasibətin də şahidi oluruq. Məsələn, “Euronews” televiziyasında çox vaxt siyasi məsələlərdə Azərbaycanın əleyhinə fikirlər səsləndirilir, eləcə də digər kanallarda. Amma bu kanalda Azərbaycanda turizm sahəsində görülən işləri inkişaf etmiş ölkəni görəndə həmişə sevinmişəm. Bu baxımdan təbliğat istiqamətində dövlət qurumlarımızın da gördüyü işlər lazımınca qiymətləndirilməlidir”.
Anar Miriyev: Bütün sahələrdə atılan addımlar qalib ölkə statusuna uyğun olmalıdır
Vətən müharibəsi iştirakçısı, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev Bakıvaxtı.az-a deyib ki, postmünaqişə dövrünün yaratdığı yeni reallıqlar yeni dövrə uyğun addımların atılmasını tələb edir:
“Bütün sahələrdə atılan addımlar qalib ölkə statusuna uyğun olmalıdır. Tarixi Zəfərimizin, postmünaqişə dövrünün reallıqlarının təbliği də bu sıradadır. Qalib ölkə olaraq Zəfərimizi həm ölkə daxilində, həm də xaricdə ən yüksək səviyyədə təbliğ etməyə ehtiyac var. Ölkə daxilində cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynaya bilər”.
Müsahibimiz qeyd edib ki, bəzi Qərb dövlətləri, konkret Fransa Zəfərimizi həzm edə bilmir. Bütün platformalardan istifadə edərək anti-Azərbaycan təbliğatı həyata keçirir. Bu sahədə Fransa tək deyil:
“Dövlətimiz Fransa başda olmaqla anti-Azərbaycan təbliğatı aparan dövlətlərin, erməni lobbisinin təsiri altında olan beynəlxalq qurumların yalanlarını ifşa etmək üçün bütün müstəvilərdə işini həyata keçirir. Amma yeni reallıqların təbliği işi tək dövlətin üzərinə düşmür. Media orqanları, vətəndaş cəmiyyəti institutları bu sahədə daha fəal olmalıdırlar. Yorulmadan bu sahədə təbliğat işi həyata keçirməliyik. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Torpaqları işğal olunan Azərbaycan olub və biz bu işğala 30 il dözmüşük. BMT Təhlükəsizlik Şurasının işğal faktını təsdiqləyən 4 qətnaməsi qəbul olunub. Beynəlxalq hüququ biz özümüz öz gücümüzlə bərpa etmişik. Başqasının torpağında deyil, öz torpağımızda vuruşmuşuq. Ermənistanın bu gün də 8 kəndimizi işğal altında saxladığı, konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının yer alması faktını dünyaya çatdırmaq lazımdır. Azərbaycanın beynəlxalq hüququ bərpa etdiyini, ayaqlar altına atılmış BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək ərazi bütövlüyünü bərpa etdiyini dünyaya çatdırmağa ehtiyac var ki, anti-Azərbaycan dairələrin səsi bu qədər gur eşidilməsin. QHT-lərimizin bu istiqamətdə xarici ölkələrdə tədbirlər keçirməli, keçirirlərsə belə, sayını artırmalıdırlar. İngilis dilli QHT və media nümayəndələrimiz daha fəal olmalıdırlar”.
A.Miriyev hesab edir ki, diaspor qurumlarımız da fəallıq göstərməli, səfirliklərimizlə birgə və ya ayrıca yaşadıqları ölkələrin media orqanlarında, akademik dairələrdə, mümkündürsə televiziyalarında Zəfərimizi təbliğ etməli, erməni yalanlarını ifşa etməlidirlər:
“Təbliğ edilməlidir ki, Azərbaycan öz torpaqlarını azad edib, başqasının torpaqlarına göz dikməyib, qalib ölkə olmasına baxmayaraq sülh təklifi ilə çıxış edib, sülh müqaviləsinin imzalanmasına çalışır. Ali məktəblərimizin qardaş Türkiyə universitetləri ilə bu sahədə birgə tədbirləri keçirilir. Türkiyə universitetlərində təhsil alan aktiv tələbələrimizin potensialından təbliğat sahəsində istifadə etməm mümkündür. Analoji tədbirlər Türkiyə ilə məhdudlaşmamalı, digər ölkələrin ali məktəbləri ilə birgə tədbirlər təşkil edilməlidir. Zəfərimizin yaratdığı reallıqları nə qədər geniş auditoriyaya çatdıra bilsək, ölkə həqiqətlərinin təbliğində bir qədər üstün mövqedə ola bilərik”.
Həmsöhbətimizə görə, daha bir istiqamət xarici qonaqların azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsidir:
“Bir məqamı da qeyd edim ki, 2020-ci il noyabrın 20-də Ağdama daxil olanda ordumuzun sıralarında mən də vardım. Həmin gün artıq hava qaraldığı üçün ətrafı görmək mümkün deyildi. Səhər açılanda gördüyümüz mənzərə dəhşətli idi. Ağdam erməni vandalları tərəfindən yer üzündən silinmişdi. Bu mənzərəni görən istənilən şəxs dəhşətə gəlməklə yanaşı dərk edir ki, bu torpaqlar ermənilərin olsaydı bu vəziyyətə salmazdılar. Ona görə də daha çox qonağın bu ərazilərə səfər etməsinə şərait yaradılmalıdır ki, reallığı gözləri ilə görsünlər”.
Günəş Mərd
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb