• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Hər zaman güclü Azərbaycan naminə əzmlə çalışmışıq” - Fərid Cəfərli

LAYİHƏ

04 Aprel 2024 | 11:57

“Hər zaman güclü Azərbaycan naminə əzmlə çalışmışıq” - Fərid Cəfərli

6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Diaspor təşkilatlarımızın və xarici ölkələrdə Azərbaycan evlərinin fəaliyyətləri son illərdə, əsasən də 44 günlük Vətən müharibəsi dövründə daha da artdı.

Bu gün xaricdə fəaliyyət göstərən 561 diaspor təşkilatı dünyanın 51 ölkəsini əhatə edir. Hazırda müxtəlif ölkələrdə28 Azərbaycan Eviaçılıb. Yaxın illərdə yeni Azərbaycan evlərinin açılması planlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işlərini davam etdirən Azərbaycan evlərində soydaşlarımız üçün həftəsonu məktəbləri də fəaliyyət göstərir.

Yeri gəlmişkən, bu il Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Barselonadakı Azərbaycan Evində ilk dəfə seçki məntəqəsi yaradılıb.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Polşa Azərbaycanlıları Şurası (PAŞ) və Varşava Azərbaycan Evidir. PAS-ın və Varşava Azərbaycan Evinin sədri Fərid Cəfərlinin Bakıvaxtı.az-a müsahibəsini təqdim edirik:

- Azərbaycan diasporu Polşada necə fəaliyyət göstərir? Fəaliyyət istiqamətləriniz necə müəyyənləşir?

- Öncəliklə qeyd edim ki, Polşa Azərbaycanlıları Şurası (PAŞ) 2017-ci ildən fəaliyyət göstərir. Bu günə kimi Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşa və digər ölkələrdə Azərbaycanın müsbət imicinin formalaşması istiqamətində saysız tədbir və layihələr həyata keçirilib. Eyni zamanda, təşkilat Polşa-Azərbaycan əlaqələrinin güclənməsinə də öz töhfəsini verir. Bu baxımdan Polşanın rəsmi qurumları, həmçinin qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edilir.

Biz Azərbaycanımızın müstəqilliyindən güc alıb, ölkə xaricində ölkəmizin maraqlarını var gücümüzlə müdafiə edirik. Bu ideoloji yolda, diaspor fəaliyyətində göstərdiyimiz əzm, iradə bizdən sonrakı nəsillərə dərs olacaq. Necə ki, biz də bu gün bizdən öncəki nəsillərin Azərbaycanı yaşatmaq uğrunda atdıqları addımlardan örnək götürürük.

Yeri gəlmişkən, bu günlərdə Polşa Azərbaycanlıları Şurasının “Azwspolnota.org” saytı fəaliyyətə başlayıb. Ümumi olaraq Polşadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı ən özəl xəbərləri bu saytdan oxumaq olar. Hər gün yeni xəbərlərlə zənginləşən sayt, eyni zamanda, Polşadakı soydaşlarımızın tribunası rolunu oynayır. Saytda dərc olunan yazılarda dünya təcrübəsinə əsasən jurnalistikanın dəqiqlik, obyektivlik və qərəzsizlik prinsiplərinə tam riayət olunur.

- Azərbaycanda hər il olduğu kimi, bu il də Novruz bayramı təmtəraqlı keçirildi. Bəs Polşada yaşayan həmvətənlərimiz bayramı necə qarşıladılar?

- Novruz bayramı hər bir soydaşmız üçün əziz və doğma bayramdır. Biz də PAŞ və Azərbaycan Evi olaraq Novruz bayramını hər il Polşada yüksək səviyyədə qeyd edirik. Onu da deyim ki, Avropada ilk dəfə geniş şəkildə Novruz bayramı Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə ötən il Varşavada olub. Buradakı gənclərimiz ənənəvi günlərdə bir çətir altında toplanaraq harada olmalarından asılı olmayaraq birliklərini nümayiş etdirirlər. Bu cür tədbirlərin keçirilməsi bayramı qeyd edib, xoş vaxt keçirməklə yanaşı, azərbaycanlılar arasında şəbəkələşmənin qurulmasına gətirib çıxaracaq.

Bu il isə Novruz bayramı ilə əlaqədar olaraq Vistula Universitetində təhsil alan xarici tələbələrin mədəniyyət sərgisi fonunda tədbir təşkil edilib. Tədbirdə həm Polşa Azərbaycanlıları Şurasının üzvləri, həm də Vistula Universitetinin tələbələri olan Vaqif Babayev, Əli Nağıyev, Zəka Mikayılzadə, Kamran Bəbirov, Mirzəyusif Mirzəyev və Munirə Əliyeva tərəfindən Azərbaycan milli mətbəxi, mədəniyyəti və incəsənəti barədə məlumatlandırıcı təqdimatlar, rəqslər və xüsusi təamlar təqdim edilib. Tədbirin sonunda Polşa Azərbaycanlıları Şurası idarə heyəti üzvləri tərəfindən qonaqlara təşəkkür nitqi söylənilib və Vistula Universitetinin rektoru Wawrzyniec Konarski’ə “Polşa-Azərbaycan Nağılları” kitabı hədiyyə edilib.

Onu da deyim ki, son 4 ilin Novruz bayramı ab-havası bir başqdır. Novruz bayramının Şuşada, Xankəndidə və digər işğaldan azad olunan rayonlarda keçirilməsi xaricdə yaşayan azərbaycanlılar üçün ikiqat bayramdır. Bu hissləri bizlərə yaşadan şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına ömrümüzün sonunadək borcluyuq.

- Qarşıdakı günlərlə bağlı hansı planlarınız var? Tədbirlərin keçirilməsi nəzərdə tutulubmu?

- Biz, Polşada yaşayan azərbaycanlılar 28 May Müstəqillik Gününü hər zaman qeyd edirik. Bu il 28 May Müstəqillik Günü ilə bağlı isə təntənəli şəkildə Polşada silsilə bayram tədbirləri keçirəcəyik.

Bildiyiniz kimi, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bununla da bağlı tədbirlər keçirməyi plana salmışıq.

30 ilə yaxın Ermənistanın işğalda saxladığı torpaqlarımızın Prezident İlham Əliyevin komandanlığı altında azad olunması uğrunda başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şanlı qələbə münasibəti ilə Polşada da böyük qürur hissi ilə müxtəlif səpkili Zəfər tədbirləri keçiririk. Məqsədimiz dövlət siyasətinə diaspor və vətəndaş cəmiyyəti olaraq öz töhfəmizi verməkdir. Bununla, həmçinin Polşa ilə Azərbaycan arasında 550-dən artıq tarixi əlaqələrə yeni güc verməyə çalışırıq. Ən başlıcası isə iki ölkə arasındakı dostluq, əməkdaşlıq və qardaşlıq körpüsünü bir daha möhkəmləndirdik. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan və Polşa münasibətlərində yeni mərhələ başlayıb.

- Bu il fəaliyyətinizi əsasən hansı istiqamətlərdə davam etdirəcəksiniz?

- Polşada Azərbaycan diasporu olaraq çoxşaxəli fəaliyyət göstəririk. Əlbəttə ki, əsas fəaliyyət istiqamətimiz lobbiçilikdir. Daimi olaraq ölkəmizin tantım və təbliğatını Polşa və digər Avropa ölkələrində aparırıq.

Azərbaycanın xaricdə haqq səsini müdafiə etmək bizim fəaliyyətin ana xəttini təşkil edir. Məlumdur ki, erməni lobbisi bir çox hallarda Avropanın bəzi şəhərlərində, həmçinin Varşavada ölkəmizə və xaqlımıza yönəlmiş böhtan xarakterli təbliğat apararlar. Buna cavab olaraq biz də Polşada və başqa Avropa ölklərində yürüş və etiraz aksiyaları keçirmişik. Bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağda sülh naminə atdığı addımları təbliğ etmək, münaqişənin başladığı gündən bu günə qədər göstərdiyi sülhyönümlü mövqeyini Polşa və dünya ictimaiyyətinə çatdırmaq olub.

Eyni zamanda Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə mütəmadi olaraq Polşa universitetlərində təhsil alan soydaşlarımız üçün ödənişsiz konsultasiyalara keçirilir. Konsultasiya zamanı polyak hüquqşünasları tələbələr üçün yaşayış icazəsi almaqla bağlı bütün məsələlərə aydınlıq gətirlər. Bu kimi maarifləndirici tədbirlər Varşava Azərbaycan Evində də keçirilir.

Gənclərin birliyi və həmrəyliyi üçün Varşava və digər şəhərlərdə Azərbaycan Gecələri keçiririk. Gecədə soydaşlarımız birlikdə səmimi söhbətlər edir, milli rəqslərimizi oynamaqla yanaşı, həm yerli, həm də xarici mahnıların karaoke ifalarını dinləyirlər.

Biz belə gecələri artıq Polşada bir neçə dəfə təşkil etmişik. Bununla yanaşı, Polşanın müxtəlif şəhərlərində də keçirəcəyik. Bizim istəyimiz odur ki, bir arada olaq, bir-birimizlə daha da yaxından tanış olaq və şəbəkələşək.

- Polşada olan gənclərimiz əsasən hansı sahələrlə maraqlanırlar?

- Polşadakı gənclərimiz əsasən maliyyə və mühasibatlıq sahəsi ilə bağlı maraqlanırlar. Bununla da bağlı hazırda Polşada 50 tələbəyə tam təqaüdlü karyera təlimi keçirilir. “Karyera təlimi” adlı layihə çərçivəsində Polşada yaşayan və Polşaya gələcək bütün tələbələr üçün nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Polşada yaşayan azərbaycanlıların maliyyə və mühasibatlıq sahəsində beynəlxalq şirkətlərdə iş tapmasına kömək olmaqdır. Bu layihə çərçivəsində 02.03.2024- 25.03.2024 tarixlərində qeydiyyat aparılıb. Layihəyə nəzərdə tutulandan daha çox müraciət daxil olmuşdur. Təlim 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazov tərəfindən 01.04.2024 tarixində başlanıb. Seçilmiş 50 tələbə ilə ilk dərs günündən olan görüntüləri sizinlə bölüşürük. Qeyd edək ki, 25 nəfər online, 25 nəfər Azərbaycan Evində təlimə davam edəcək.

Xatırladım ki, layihə Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İnterstudy Academy of Finance-in maliyyə təlimçiləri tərəfindən həyata keçirilir.

- Milli maraqların qorunması, gənclərin milli ruhda böyüdülməsi üçün nələr edilir?

- Bununla bağlı PAŞ və Azərbaycan Evi Polşada çoxsaylı mədəni tədbirlər keçirmişik. Poşadakı azərbaycanlı uşaqlar üçün dil kursları təşkil edilib. Həmçinin Varşava Azərbaycan Evində Polşada yaşayan soydaşlarımızın övladları üçün rəqs və gimnastika dərslərinə start verilib. İlk dərs bu ilin yanvarın 28-də baş tutub. Dərslər Varşava Azərbaycan Evində tədris olunur.

Polşa diasporu olaraq hər zaman güclü Azərbaycan naminə əzmlə çalışmışıq. Bu gündən sonra da var gücümüzlə çalışacağıq. Əminəm ki, bundan sonra da bizim komanda böyük uğurlara imza atacaq. İstək və arzumuz Azərbaycanın daima işıqlı sabahını görməkdir.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

29 Aprel 2024