• Bakı 23° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bugünkü gənclər sabahkı ölkənin inkişaf parametrlərini müəyyənləşdirir

LAYİHƏ

07 Mart 2024 | 11:34

Bugünkü gənclər sabahkı ölkənin inkişaf parametrlərini müəyyənləşdirir

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dövlətlərin gələcəyi uşaqlardan və gənclərdən asılıdır. Bu səbəbdən gənc nəsilin düzgün tərbiyə olunması, fiziki və mənəvi inkişafı, sağlam vətəndaş kimi böyüməsi də vacib amillərdir. Azərbaycan müstəqillik qazandığı ilk gündən dövlət bu sahəyə xüsusi diqqət ayırıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu illərdə gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasına, elmi biliklərə yiyələnməsinə xüsusi diqqət yetirib. Onun respublikaya rəhbərlik etdiyi illərdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.

Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ulu Öndər hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün böyük səylər göstərib. Bu siyasət Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha davam etdirilib. Ulu Öndər dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayıb.

Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb. Bu qərar müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni bir təkan verib. Bundan başqa Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləsə də təşkilati-hüquqi əsaslarını müəyyən etmək üçün bir çox digər vacib sənədlər imzalayıb. Onun gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış ən mühüm addımlardan biri olub. Eyni zamanda 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir.

Vüqar İskəndərov, millət vəkili

Deputat Vüqar İskəndərov uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, xalqların gələcək inkişafında yeniyetmə və gənclərin rolu böyükdür:

“Bugünkü gənclər sabahkı ölkənin inkişaf parametrlərini müəyyənləşdirir. Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin inkişafı, onların həm mənəvi, həm də fiziki sağlamlığı ilə bağlı böyük işlər görülüb”.

Onun sözlərinə görə, tarixə nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ilk təsis etdiyi nazirliyin Gənclər və İdman Nazirliyi olduğunu görərik. Bu fakt özlüyündə bir çox şeyləri demiş olur.

Deputat bildirib ki, gənclərimizin hərtərəfli inkişafı, onların mənəvi və fiziki tərbiyəsi, vətənpərvər ruhda böyüməsi tərbiyə olunması, sağlam tərbiyə alması böyük bir sahəni əhatə edir:

“Hazırda gənclərin önündə duran ən vacib vəzifələrdən biri onların vətənpərvər ruhda böyümələridir.

Dövlət strukturları bununla bağlı bir çox vətənpərvərlik və hərbi, idman oyunları, “vətənin müdafiəsinə hazıram” kimi idman tədbirləri keçirir.

Bu yeniyetmə və gənclərimizin həm ordu sıralarına hazırlamasında, həm də vətənpərvər kimi tərbiyə olunmasında böyük rol oynayır. Gənclər öz üzərlərinə düşən bu böyük məsuliyyət və inamı layiqincə doğrudurlar.

Onlar İkinci Qarabağ savaşında bütün dünyaya Azəbaycan gəncinin necə vətənpərvər olduğunu, torpağı necə sevdiyini, onun üçün canından, qanından keçdiyini göstərdilər.

Təbii ki, bütün bunların fonunda dünya qloballaşır və gənclər bir çox təsirlərə məruz qalır. Bu gün gənclər narkomaniya təhlükəsi ilə üz-üzədir. Müəyyən bir qrup yad dini təriqətlərlə gənclərin beynini zəhərlənməyə çalışır”.

Müsahibimiz bildirib ki, digər məsələ, gənclərə dünyaya inteqrasiya adı ilə bir çox yad dəyərlərin aşılanmasıdır:

“Bunlardan qorunmaq üçün gənclərimiz mütləq keyfiyyətli təhsil almalıdırlar. Dünyada baş verən hadisələri doğru və düzgün analiz etməyi bacarmalıdırlar. Ölkəmizdə onlara yaradılan şəraitdən düzgün istifadə etməlidirlər. Unutmamlıyıq ki, bugünkü inkişaf ,eyni zamanda, özü ilə fəsadlar da gətirə bilir. Gənclər savadlanmaqla o fəsadlara qarşı özlərində imunitet yaratmalıdırlar”.

Deputatın sözlərinə görə, gənc nəslin fiziki sağlamlığı da olduqca vacib məsələdir:

“Bu gün ölkəmiz dünyada həm də idman ölkəsi kimi tanınır. Bakı və regionlarda dünyanın bir çox idman yarışları keçirilir. Bu yarışlar ən yüksək səviyyədə təşkil olunur. Ölkəmizin idman sahədə artıq çox böyük təcrübəsi var. Azərbaycan idmançıları yeniyetmələr, gənclər idman yarışlarında ölkəmizi şərəflə təmsil edirlər.

Çağdaş bilikləri ölkəmizə gətirmək və onlardan səmərəli istifadə etmək də gənclərimizin qarşısında duran məsələlərdir. Cənab İlham Əliyev də prezident seçkilərindən sonra parlamentdə baş tutan and içmə mərasimində gənclərimizlə bağlı çox önəmli fikirlər söylədi. Saydığım bir çox nüans həmin fikirdə öz əksini tapmışdı. Düşünürəm ki, Azərbaycan gənci hazırda öz üzərinə düşən şərəfli missiyanı dərindən dərk edir və əsl vətəndaş kimi ölkəmizin gələcək inkişaf strategiyasına öz tövfəsini verəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı komitənin gördüyü işlərdən Bakıvaxtı.az-a məlumat verilib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları keçirilir və Forumlarda Respublikasının müxtəlif bölgələrindən olan və ictimai fəallığı ilə seçilən 6-18 yaş arası uşaqlar iştirak edirlər. Növbəti VI Forumun 2025-ci ildə keçirilməsi planlaşdırılır.

Eyni zamanda Dövlət Komitəsi yanında 1 iyun 2020-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq “Uşaq Səfirlər Məclisi” yaradılmışdır və Uşaq Səfirlər Məclisinin üzvləri uşaq hüquqlarının müdafiəsi, uşaqların mənəvi inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir, ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirakı təmin edirlər. Uşaq Səfirlər Məclisi bu dörd il müddətində böyük uğurlar əldə etmiş, “Uşaqdan uşağa”, “Qızlar müzakirəyə qoşulur” “Oğlanlar müzakirəyə qoşulur” adlı silsilə xarakterli layihələr həyata keçirir. Xatırladırıq ki, Respublikanın, o cümlədən Nxcıvan Muxtar Respublikasının müxəlif bölgələrində Uşaq Səfirlər Məclisinin regional nümayəndələri fəaliyyət göstərir və uşaqlar mütəmadi olaraq inkişafetdirici təlimlərə cəlb edilirlər...

Əlavə olaraq qeyd etmək istərdik ki, Komitə tərəfindən təşkil edilmiş bir sıra Konfranslarda uşaqların sağlamlığı və onların inkişafı mühüm istiqamət olaraq daim diqqət mərkəzində saxlanılır, ekpertlərin və uşaqların iştirakı ilə müzakirəyə çıxarılır. Nümunə üçün 17 noyabr 2023-cü il tarixində Komitə tərəfindən təşkil edilmiş “Uşaq Hüquqları Tribunası” adlı Konfransda rəsmi qurumların nümayəndələri “Uşaqların yaşamaq hüquqları”, “Uşaqların müdafiə hüquqları”, “Uşaqların iştirak hüquqları” ilə yanaşı “Uşaqların inkişaf hüquqları” mövzularında fikirlərini bölüşübmüş və təkliflərini səsləndirmişlər”.

Komitədən qeyd olunub ki, bütün bunlarla yanaşı, sağlam həyat tərzi və uşaqların mənəvi cəhətdən inkişafının təmin edilməsi istiqamətində Dövlət Komitəsi tərəfindən müxtəlif maarifləndirici materiallar, bukletlər, stikerlər hazırlanaraq ictimaiyyətə təqdim edilir:

“Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli, 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir.

Strategiyanın icrası məqsədilə 27 noyabr 2020-ci ildə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nı artıq ölkəmizdə 4 ildir ki, icra edilməkdədir və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əlaqələndirici orqan olaraq müəyyən edilib.

Strategiyanın prioritet istiqamətlərindən biri kimi erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin edilməsidir. Bu sahədə Komitə tərəfindən bu istiqamətdə mütəmadi müxtəlif olaraq işlər həyata keçirilir. Belə ki, Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) layihəsi 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sosial aktivliyinin artırılması, bu sahədə çalışan səhiyyə, təhsil və sosial mütəxəssislərin maarifləndirilməsi və təkmilləşdirilməsi, təşviq və dəstək proqramlarının həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsini əhatə edir. Layihə müddətində istifadəyə verilmiş www.eudi.az portalı uşaqların həm fiziki, həm də mənəvi inkişafını dəstəkləyəcək müxtəlif maarifləndirmə materialları ilə zəngindir. Layihənin icrası 2023-cü ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan təlim-tərbiyə bazasının yaradılmasıdır”.

Günəş Mərd

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024