• Bakı 18° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması hər birimizin prioriteti olmalıdır

LAYİHƏ

15 Mart 2024 | 13:53

Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması hər birimizin prioriteti olmalıdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Bütün bəşəri və milli dəyərləri qoruyan, geniş miqyasda təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur.

Məlum olduğu kimi, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir.

İctimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə aparılan maarifləndirmə işi, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğ edilməsi olduqca əhəmiyyətlidir. Orta məktəbdə, ali təhsil ocaqlarında, hər hansı təhsil, təlim-tərbiyə müəssisəsində azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatın aparılması, eləcə də maarifləndirmənin həyata keçiriməsi artıq öz bəhrəsini verdi. Vətəndaşların, gənclərin məhz vərənpərvərlik ruhunda tərbiyə edilməsi, ictimai və dövlət maraqlarının qorunmasının aşılanması 44 günlük müharibə dönəmində öz bəhrəsini vermiş oldu. Məhz vətənpərvərlik ruhunda tərbiyə alan, ictimai və dövlət maraqlarını üstün tutan Azərbaycan gəncləri vətənimizin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşdi. İctimai və dövlət maraqlarına böyük önəm verilməsi ilə, həmrəyliyimizlə, birliyimizlə, Azərbaycan Ordusunun rəşadəti ilə, məhz Müsəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoyuldu. Vətəndaşların ictimai və dövlət maraqlarını üstün tutması ilə torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Şahidi olduq ki, ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafelərimizin, dəyərlərimizin qorunması yolunda gənclərimiz canından, qanından keçməkdə tərəddüd belə etmədilər.

Arzu Nağıyev: Birmənalı şəkildə Azərbaycana qarşı istənilən təhdidin qarşısının alınmasında iştirakçı olmalıyıq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev milli təhlükəsizliyimizin qorunması istiqamətində ciddi addımların atıldığını bildirir:

“Hər bir dövlətin milli təhlükəsizliyinə təhdid ola bilən bir sıra amillər var. Təbii ki, istər iqtisadi, istər siyasi, istər dini, mədəni, mənəvi… Ümumiyyətlə, bu istiqamətlər həddən artıq çoxdur. Bu istiqamətlərdən təhdidlərin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilir və həyata keçirilən tədbirlərin də əsasən aparıcı qüvvələri Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi və bir sıra qurumlar bu yöndə çox ciddi işlər görür. Unutmaq lazım deyil ki, Azərbaycan öz coğrafi mövqeyinə görə elə bir yerdə yerləşir ki, ərazilərimizdən çox da uzaq olmayan ölkələrdə məhz müharibələr gedir, münaqişələr davam edir. Bütün bu proseslərdə Azərbaycan çox ciddi kəşfiyyat və əks kəşfiyyat funksiyasını yerinə yetirir”.

Onun sözlərinə görə, bu problemlərin qarşısının alınmasında hüquq-mühafizə orqanları, əsasən xüsusi xidmət orqanları tam şəkildə əməliyyat şəraitinə nəzarət edirlər. Alınan məlumatların yenidən, birmənalı şəkildə müzakirəsini aparmaqla, həmin o məlumatların əsasında o təhdidlərin qarşısının alınması istiqamətində addımlar atırlar. Eyni zamanda xarici tərəfdaşlar olan xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının koordinasiyalı şəkildə fəaliyyəti ilə birlikdə hər hansı bir təhdidin qarşısının alınması istiqamətində məhz informasiya mübadiləsi edərək də bu addımlar atılır.

Müsahibimizə görə, son hadisələr bir daha göstərdi ki, istər Ermənistan xüsusi xidmət orqanları olsun, istər ermənilərin havadarları olan digər dövlətlərin xüsusi xidmət orqanları olsun, Azərbaycana qarşı bu təhdidləri daim gündəmdə saxlayır:

“Fake məlumatlar və eyni zamanda öz agenturaları vasitəsi ilə məlumatların toplanaraq öz dövlətlərinə ötürülməsi istiqamətində işlərini davam etdirirlər. Bunun da qarşısının alınması üçün işlər görülür. Düşmən bütün resurslarından istifadə edərək Azərbaycanın müstəqilliyini sevməyən qüvvələr vasitəsi ilə bunu həyata keçirməyə çalışır. Bunun da qarşısı alınır və alınmaqdadır”.

Deputat deyir ki, birmənalı şəkildə Azərbaycana qarşı, Azərbaycan vətəndaşına qarşı olan istənilən təhdidin qarşısının alınmasında iştirakçı olmalıyıq. Azərbaycanın apardığı müstəqil xarici və daxili siyasəti bəyənməyən və yaxud bunu həzm etməyən dövlətlər var. Bu dövlətlərin də xüsusi xidmət orqanları da öz işlərini davam etdirməkdədir. Bunalrın qarşısı alınır və bu yöndə addımlar atılmaqdadır:

“Bir sözlə, Azərbaycanın müstəqil daxili və xarici siyasəti var. Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması hər bir azərbaycanlının prioriteti olmalıdır”.

Elman Vəliyev: Azərbaycan üçün önəmli amillərdən biri də Qərblə münasibətləri daha da nizamlamaqdır

Konfiliktoloq Elman Vəliyev Bakıvaxtı.az-a açıqlamasında ictimai və dövlət maraqlarının mühüm amillər olduğunu deyib:

“Həm ictimai maraqlar, həm dövlət maraqları mühüm amildir. Amma əlbəttə ki, bunlar arasında fərqlər vardır. Dövlət maraqları ictimai maraqlardan çox fərqlidir. Dövlətlərarası münasibətlər siyasi arenanın təməl daşlarındandır. Bir dövlət üçün öncə onun maraqları prioritetdir.

İctimai maraqlar xaricdə müharibə etməmək fikrini müdafiə edirsə, dövlət maraqlarına uyğun olarsa müharibə etməlidir. Məsələn, ictimai maraqlara əsasən İsrailin müharibə etməsi düzgün deyil, ancaq dövlət maraqları bunun əksini düşünür və müharibə aparır. Digər bir nümunə kimi Azərbaycanı götürək. "Novarçı"lar adlanan bit kəsim də var. Həmin kəsim Azərbaycanın müharibə etməməsin tərəfindən çıxış edirdi. Ancaq bu, dövlət maraqlarına zidd idi. Daxili amildə ictimai maraqlar önəm daşıyır, nəinki xaricidə. Məsələn “referendum” anlayışı daxili düşüncəyə əsaslanır”.

E.Vəliyev bildirib ki, "dəngə politoka"sından dönmək olmaz. Beynəlxalq arenada kiçik dövlətlərin ən əsas siyasət vektoru balans siyasətini qorumaqdır:

“Digər yandan Azərbaycan üçün önəmli amillərdən biri də Qərblə münasibətləri daha da nizamlamaqdır. Son zamanlar tərəflər arasında bir az soyuqluq yaşandı. Bu amil Azərbaycan üçün avantajlı deyil. Rusiya üçün daha məqbuldur. Ancaq hər ikisi arasında Azərbaycan düzgün balans siyasəti yetirməlidir və xarici asılılığı maksimum dərəcədə azaltmalıdır. Xüsusilə ilə istehsalat sektorunda. Bacardığımız qədər özümüz istehsal etməyə üstünlük verməliyik”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR