• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Regionların inkişafı: Dövlət proqramları ardıcıl şəkildə icra olunur

LAYİHƏ

15 Fevral 2024 | 16:44

Regionların inkişafı: Dövlət proqramları ardıcıl şəkildə icra olunur

6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Regionların inkişafı Azərbaycanın iqtisadi siyasətinin eləcə də, dövlət siyasətinin tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər üzrə dövlət proqramları mühüm əhəmiyyət kəsb edir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş bu dövlət proqramları çərçivəsində yeni müəssisələrin, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına təkan verib. Habelə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da inkişafın bu istiqamətdə mühüm rol oynayıb.

Dövlət Proqramının təcrübədə özünü doğrultması nəticəsindəproblemlər əhəmiyyətli dərəcədə aradan qaldırıb, regionların siması dəyişib, vətəndaşların tarixi məşğulluq ənənələri bərpa edilib, sosial rifahı yüksəlib. Bölgələrin təbii resurslarından, əmək ehtiyatlarından səmərəli istifadə, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması, enerji, istilik təminatı kimi problemlərin həlli yerlərdə istehsal potensialını gücləndirməklə yanaşı, əyalət sakinlərinin Bakıya, həmçinin digər regional mərkəzlərə doğru axınını da azaldıb.

Dövlət proqramında iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, neft gəlirlərinin regionlarının iqtisadi inkişafına yönəldilməsi məsələsi xüsusi yer tutub. İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz saymaqla yanaşı, qeyri-neft sektorunun daha çox regionlarda inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışıb. Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin tədricən aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məqsədindən irəli gəlir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olub, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatıb. Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb, sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilib. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Bəs görülən bütün işlərin fonunda regionlarda hələ də sosial-iqtisadi inkişafla bağlı hansı problemlər mövcuddur?

Elşad Məmmədov: Regionların potensialından tam istifadə etməliyik

İqtisadçı ekspert Elşad Məmmədov mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, hökumət tərəfindən Azərbaycanda regionların sosial-iqtisadi inkişaf etdirilməsi ilə bağlı 2003-cü ildən bu yana bir neçə dövlət proqramı qəbul olunaraq ardıcıl şəkildə icra olunub:

“Regionların sosial-iqtisadi inkişafını bir neçə istiqamətə bölmək olar. Burada başlıca məsələ paytaxt və regionlar arasında qeyri-bərabər inkişafı aşağı salmaq; İkinci məsələ regionlarda yeni iş yerlərinin açılmasını təşkil etmək və buna nail olmaq; Digər məsələ isə region əhalisinin paytaxta kütləvi köçünün qarşısını almaq və onların regionlarda işləyib qalmasına maraq artırmaqdan ibarətdir.

O cümlədən regionlarda mövcud olan təbii, insan və iqtisadi resuslardan səmərəli istifadə etməklə daxili məhsulu artırmaq lazımdır. Rayonlar özünü maliyyələşdirmə sistemini daha da möhkəmləndirir. Artıq bir çox rayonlarımız özünümaliyyələşdirmə sisteminə keçib”.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı hələ də Azərbaycanın bəzi regionlarının potensialından tam istifadə olunmayıb:

“Burada emal, sənaye, tikinti sektorunun, o cümlədən, dağ-mədən sektorunun inkişafında problemlər mövcuddur.

Digər problemlər rəqabətə davamlı və keyfiyyət standartlarına uyğun məhsulların istehsalı, kadr potensialının azlığı, professional kadrların regionalara getməkdə maraqlı olmaması ilə bağlı problemlərdir.

Xüsusilə kənd təsərrüfatı sektorunda intensiz istehsal prosesinə keçidlə bağlı işlərin ləngiməsidir”.

Fuad İbrahimov: Regionlarda iqtisadi artımı planlaşdıra bilərik

İqtisadçı ekspert Fuad İbrahimov mövzunu Bakıvaxtı.az-a dəyərləndirərkən işğal faktorunun regionlarımızın sosial-iqtisadi inkişafına təsirindən söz açıb:

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Qarabağ düşmən işğalında olduğu illərdə başlandı. Dövlət proqramlarının icrası nəticəsində uğurlar əldə edildi. Müəyyən bölgələrdə müəssisələr yaradıldı, iş yerləri açıldı, bu da həm ümumilikdə ölkə iqtisadiyyatına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə, sosial durumunun yaxşılaşmasına xidmət etdi.

Onun sözlərinə görə, indi isə əlbəttə, əsas hədəf Qarabağdır. Lakin bu o demək deyil ki, digər regionlarımız ikinci plana keçməli, diqqətdən kənarda qalmalıdır. İqtisadiyyat elə bir sahədir ki,burada əlaqəli inkişaf olmalıdır.

Müsahibimiz qeyd edib ki, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanarkən milli prioritetlərin beş istiqamət müəyyən edilib:

"2023-cü ilin sonlarına yaxın biz ərazi bütövlüyümüzü tam olaraq təmin etmiş olduq. İşğal amili regionların inkişafını haradasa ləngidən bir amil idi. İndiki vəziyyətdə işğaldan azad olunmuş torpaqlarımızın inteqrasiyası prosesi gedir. Bununla yanaşı regionların inkişafını təmin etmək üçün bizim öncədən müəyyən strategiyalarımız var idi. Amma bu məsələlərdə ləgiləmələrimiz də var. Məsələn, biz hələ ki, kənd təsərrüfatının imkanlarından tam şəkildə istifadə edə bilmirik. Cuzi problemlərə görə icra mexanizmi tam hərəkətə gəlmir".

F.İbrahimov bildirib ki, əlçatan kreditlər dinamikasına diqqət yetirsək, ayrılmış kreditlərin əsas hissəsi Bakı şəhərinin ərazinə düşdüyünü görərik. Eyni zamanda ən azından statistik məlumatlarda regionlarda ayrılan kreditlərin sayı artsa, biz regionlarda iqtisadi artımı planlaşdıra bilərik:

"Hazırkı vəziyyətdə biz ancaq qlobal layihələrin işğaldan azad olunmuş torpaqların inteqrasiyasını rəhbər tutaraq daha çox cənab Prezidentin çıxışlarına, göstərişlərinə ümid bəsləyirik".

Günəş Mərd

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024