• Bakı 18° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda milli adət-ənənələr hər zaman qorunub

LAYİHƏ

27 Fevral 2024 | 13:15

Azərbaycanda milli adət-ənənələr hər zaman qorunub

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycanda milli adət-ənənələr hər zaman qorunub. Elə işğaldan azad olunmuş bütün ərazilərinmizdə bu gün yandırılan Novruz tonqalları da bunun əyani göstəricisidir.

Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir.  Builki Novruz tonqalları daha gur olacaq.

İlhamə Qəsəbova: Dövlət xalqın milli-mənəvi adət-ənənələrinə sahib çıxmasına şərait yaradır

Folklorşünas İlhamə Qəsəbova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, fevral ayının 21-i kiçik çilənin çıxıb yerini boz aya təhvil verdiyi gün idi: “Biz qışdan çıxmış sayılırıq. Kiçik çilənin 20 günlük ömründə havanın daha sərt keçməsi, əzazil olması şıltaqlıq, qışın oğlan çağı sayılırdı”. Çilələr bitdikdə insanlar uzun qış gecələrindəki azuqələrin tükəndiyini, çəkdikləri əzab-əziyyətin bitdiyini düşünüblər. Bunu nəzərə alıb qışı üç aya bölüblər. Kiçik çilədə Xıdır Nəbi bayramını keçiririk. Xıdır Nəbi bayramı bolluq, bərəkət, torpağın oyanması deməkdir. Xıdır Nəbi Xıdır Əlləz kimi bir çox adlarla adlandırılır. Xızır peyğəmbərin adı ilə bağlıdır. Bəzi bölgələrdə yalançı çərşənbə adı ilə bayramın qeyd olunduğunu müşahidə etdik. Bu, çərşənbə adını doğruldur. Çünki insanlar yalandan da olsa, balaca saman da tapsalar evlərinin qarşısında bu çərşənbəni qeyd edirlər. Lakin heç bir ritual, ayin keçirilmir, evlərdə süfrə bəzənmir. İndiyə qədər bölgələrdə yalançı çərşənbənin süfrə arxasında əyləşib ailəlikcə keçirildiyi müşahidə olunmayıb.

Folklorşünas qeyd edib ki, bu gün Su çərşənbəsidir: “Su çərşənbəsi illərdir xalqımız tərəfindən təmtəraqla qeyd edilir. Su çərşənbəsi paklıq, duruluq, aydınlıq, su kultuna inanmaqdır. Bu çərşənbədə insanlar su kultundan imdad istəyir, ona inanırlar. Kənd yerində yaşayan nənələrimiz səhər tezdən bulaq başına gedir və ya keçmişdəki kimi axar sudan su götürürlər. Əvvəllər axar sudan götürdükləri suyu küçədə də bir-birlərinin üzlərinə çiləyərdilər. Evə gəldikdə yatmış uşaqların üzünə, evin hər tərəfinə o sudan səpərdilər. Bunu evdə aydınlıq, fərahlıq olması üçün edirdilər”.

Su, həm də oyanış, yaşam mənbəyidir. Bununla bağlı həmin gün gətirdikləri sudan aşa, xəmirə, çaya qatırdılar. İnanclara görə, həmin xəmir daha bərəkətli, daha ruzulu olurdu.

Müsahibimizə görə, Qərb bölgəsində düşünürlər ki, birinci çərşənbədə süfrəni necə açsan, ili sonuna qədər elə keçirəcəksən.

“Bəzi bölgələrdə Su çərşənbəsində ocaq qalanır, qalanan ocağın üzərindən deyil, suyun üzərindən atlanırlar. İnsanlar axar su tapıb üzərindən keçərək ağrılarını, acılarını o su ilə göndərirlər. Arzu-niyyətləri varsa, suya danışır, həmin su ilə əl-üzlərini yuyurlar. Bizim su ilə bağlı bir çox atalar sözlərimiz, zərbi məsəllərimiz var”, - deyə İ.Qəsəbova əlavə edib.

Onun sözlərinə görə, dövlət hər zaman xalqın milli-mənəvi adət-ənənələrinə sahib çıxmasına şərait yaradır:

“Dövlət hər yerdə xalqla təmasda bu bayramın daha möhtəşəm küçməsinə dəstək olur. Bu gün Qarabağın işğaldan azad olmuş bütün bölgələrində çərşənbələrimizi keçiririk. İnanıram ki, dövlət tərəfindən tonqallar daha gur yandırılacaq. Əlavə olaraq, artıq Qarabağda toylarımız başlayıb. Zəngilanda ilk toyumuz oldu. Mübarək olsun, qədəmləri sayalı olsun. Artıq qara zurnamız, sazımız, musiqimizin səsi illərdir duyulmayan Qarabağ torpaqlarında dünyaya bir mesaj ötürür. İnanırıq ki, Novruz bayramını da orda yaşayan vətəndaşlarımız təmtaraqla, 30 il qabaq keçirdiklərindən iki qat artıq sevincli keçirəcəklər. Bu günləri bizə yaşadan qazilərimizə can sağlığı arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik. O torpağı bizə qazandırıb tonqalımızın gur yanmasına səbəb olan oğullarımız bunu bizə qanları bahasına bəxş etdilər”.

Qoşqar Məhərrəmov: Milli adət-ənənələrdə Azərbaycanın multikultural dəyərləri önə çıxmalıdır

Təhsilin idarə olunması üzrəə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan təhsilində ümumi mənada vətənpərvərliyin təbliği ilə bağlı prioritet var:

“Lakin həmkarlarımız bunu səhv icra edir. Məsələn, şagirdlərə şiddət ehtiva edən şəkillər, səhnələr göstərir, onların qorxudan hadisələr danışırlar. Uşaqların nifrət etməyinə səbəb olan məzmunlar çatdırılır. Bunlar hamısı şagirdlərdə travma yaradır. Vətənpərvərlik hissinin aşılanmasında vətənin tanıdılması, şəxsiyyətlərinin, təbiətinin, ədiblərinin, alimlərinin tanıtımı ön planda olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, dövlətçilik tarixi məktəblərdə tarix fənni çərçivəsində yaxşı təbliğ edilir:

“Bu prosesdə bir qəbahət, nöqsan görmürəm. Düşünürəm, milli adət-ənənələrdə Azərbaycanın multikultural dəyərləri daha ön plana çıxmalıdır. Müxtəlif dini, mədəni keçmişimiz var. Mədəni keçmişə tolerant yanaşılmalı, hamısının çalarlarının müxtəlif zamanlarda insanlar tərəfindən göstərilməsinə şərait yaradılmalıdır. Yəni inkuliziv mədəniyyət, mühit dedikdə bütün adət-ənənələrin, kulturanın, insanın əmələ gətirdiyi irsin hamısının tərənnümü, təcəssümü mümkün olmalıdır. Birinə imkan yaradıb digərinə yaratmamaq kimi məsələlərdə bəzi problemlər yaşadığımızı müşahidə edirəm”.

Q.Məhərrəmov qeyd edib ki, məktəblərdə elm və mədəniyyətin təbliğatı qənaətbəxşdir:

“Lütvizadə olimpiadası kimi fəaliyyətlər, müxtəlif zamanlarda elm, incəsənət adamlarının adına tədbirlərin keçirilməsi yaxşı gedir. Xüsusilə bəzi məktəb direktorları bunu daha gözəl edir. Yaxşı nümunələrin yayılmağına ehtiyac var. Məktəb direktorlarının bir-birləri ilə əlaqə qurmaları, bunun fonunda yaxşı fəaliyyətlərin məktəblərinə gətirmələrinə ehtiyac var. Bəzi məktəblərdə heç bir tədbir olmur, sadəcə gündəlik işlər gedir, bəzilərində isə çox qeyri-adi, maraqlı, orijinal tədbirlər keçirilir. Bu mənada, məktəb direktorlarının əməkdaşlığı, fikir mübadiləsi çox vacibdir. Ümumi mənada, sözügedən məsələdə uğurlu sayıla bilərik. Lakin bəzi direktor və müəllimlərin etdiyi nöqsanlar var. O nöqsanların olmamağı üçün onlara müəyyən təlimatlar göndərilməlidir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR