Son dövrlərdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların təsir dairəsini genişləndirmək məqsədilə atdığı addımlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Xüsusilə “kölgə donanması”na - yəni sanksiyalardan yayınmaq üçün istifadə edilən gizli və ya qeyri-rəsmi gəmi şəbəkələrinə qarşı görülən tədbirlər diqqət mərkəzindədir. Bu təşəbbüsün əsas məqsədi Rusiya neftinin və digər strateji resurslarının beynəlxalq bazarlara gizli yollarla çıxarılmasının qarşısını almaqdır.
Lakin burada bir sıra suallar yaranır: görəsən, Avropa İttifaqının bu cür tədbirləri real nəticə verəcəkmi, yoxsa daha çox siyasi təzyiq və mesaj xarakteri daşıyır? Bu proses Rusiya ilə Qərb arasında dəniz nəqliyyatı və enerji ticarəti sahəsində yeni qarşıdurma mərhələsinin başlanğıcı ola bilərmi? Eyni zamanda, Avropa İttifaqının bu istiqamətdə ABŞ ilə əməkdaşlığı transatlantik münasibətlərin gələcək dinamikasına necə təsir göstərə bilər?
Məhz bu suallar kontekstində “kölgə iqtisadiyyatı”nın genişlənməsi, Qərb və Rusiya arasında enerji asılılığının davam etməsi, həmçinin beynəlxalq ticarət sistemindəki qeyri-şəffaf mexanizmlər məsələnin çoxşaxəli xarakterini ortaya qoyur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirib ki, kölgə iqtisadiyyatı bu gün dünya səhnəsində geniş vüsət alıb:
"Rusiya, İran və digər ölkələr bu imkanlardan istifadə edir. Maraqlısı odur ki, bəzən Qərb şirkətləri də daha çox mənfəət əldə etmək üçün məhz bu cür, qanunauyğunluqdan kənar ticarətə daxil olurlar və bu tendensiya indinin özündə də davam edir. Belə olduqda qanunsuz ticarətlə mübarizə çətinləşir, çünki oyun qaydalarını pozan tərəflər müxtəlif coğrafi və hüquqi sərhədlərdən istifadə edərək izlərini itirir".
Əli Zülfüqaroğlu: Belə siyasi və iqtisadi nüanslar Aİ-ABŞ koordinasiyanı çətinləşdirə bilər
Onun sözlərinə görə, digər tərəfdən, Birləşmiş Ştatların prosesə qoşulması nəzarət və icra mexanizmlərini gücləndirə bilər:
"Lakin Ukrayna müharibəsi fonunda ABŞ-nin Rusiya ilə bağlı siyasətini nəzərə aldıqda görürük ki, pərdəarxası razılaşmalar və maraqların üst-üstə düşməsi riskləri mövcuddur. Belə siyasi və iqtisadi nüanslar Avropa İttifaqı ilə ABŞ arasında koordinasiyanı çətinləşdirə bilər. Nəticə etibarilə, yalnız Avropa İttifaqının təkbaşına hərəkət edib iki ölkə qarşısında kəskin tədbirlər görməsi real nəticələr verəcəyi baxımından inandırıcı görünmür".
Sonda Əli Zülfüqaroğlu bildirib ki, Avropa İttifaqı belə tədbirləri Rusiyaya qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər; lakin bu addımların konkret və davamlı təsir yaradacağı şübhəlidir. Effektiv və davamlı nəticə üçün beynəlxalq koordinasiya, şəffaf nəzarət mexanizmləri və hüquqi instrumentlərin ardıcıl tətbiqi zəruridir.
Əli Hüseynov