Diet trendləri tez-tez dəyişsə də, bütün dietlər insan sağlamlığı üçün eyni dərəcədə faydalı deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, dünyada elmi tədqiqatlarla insan ömrünü uzatdığı və bədən çəkisinin sağlam şəkildə nəzarətdə saxlanmasına kömək etdiyi sübut olunmuş yalnız bir neçə diet mövcuddur. Bu dietlərdən ən əsaslarından biri Aralıq dənizi – Mediterran dietidir.
E.Məmmədov əlavə edib ki, peskitarian diet də elmi baxımdan müsbət qiymətləndirilir. Bu qidalanma növündə əsasən balıq və dəniz məhsullarına üstünlük verilir. Dünyada uzunömürlü insanların yaşadığı “mavi zona” adlandırılan bölgələrdə məhz bu tip qidalanma geniş yayılıb. Bu zonalara Yaponiyanın Okinava adası, İtaliyada Sardiniya və Yunanıstanda İkariya daxildir.
Mütəxəssis paleolit (paleo) dietə də toxunaraq bildirib ki, bu qidalanma növü əcdadların qidalanma modelinə əsaslanır və əsasən meyvə-tərəvəz, yaşıllıq, ot bitkiləri, eləcə də müəyyən hallarda qırmızı ət və yumurta ilə xarakterizə olunur.
E.Məmmədov ketogen diet barədə isə ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, ketogen diet çox təhlükəlidir və bir çox ölkələrdə qadağan olunub. Bu diet zamanı şəkər və karbohidratlar kəsilir, yağlı qidalara üstünlük verilir və orqanizm ketoz vəziyyətinə salınır. Bu vəziyyət orqanizm üçün zərərli təsir göstərə, böyrəkləri və beyni zədələyə, geri dönməsi çətin xəstəliklərə səbəb ola bilər.
O əlavə edib ki, ketogen diet zamanı xolesterinin kəskin artması pankreatit riskini artırır, dəridə isə “ketoz ləkələri” adlanan dəyişikliklər yarana bilər.
Mütəxəssis həmçinin aralıqlı qidalanmanı (intermittent fasting) faydalı yanaşmalardan biri kimi qeyd edib. Bu qidalanma modelinin də insan orqanizmi üçün müsbət təsirləri elmi cəhətdən sübut olunub. Digər dietlərin isə xəstəliklərin qarşısının alınmasında ciddi elmi əsasları yoxdur.
Zeynəb Rzayeva
Bakı 



