Pəhrizlərin sağlamlığa təsiri və qrup dietlərinin yaratdığı risklər müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, pəhriz orqanizm üçün ciddi stresogen faktor sayılır və bədəni ağır stress altına salır. Bu stress nəticəsində pəhriz saxlayan şəxslərdə yuxu pozuntuları, qəbizlik, hormonal disbalans kimi problemlər yaranır. Xüsusilə qadınlarda menstruasiya pozuntuları, şişkinliyin artması və saç tökülməsi daha çox müşahidə olunur.
Mütəxəssis qeyd edib ki, sürətli və aqressiv pəhrizlər saxlayan insanlarda çox zaman öd daşı əmələ gəlir. Onun fikrincə, qrup dietlərinin ən təhlükəli tərəfi də məhz buradan qaynaqlanır: bu proqramlar peşəkar nəzarət olmadan, individual yanaşma təmin edilmədən hamıya eyni şəkildə tətbiq olunur və nəticələrə görə heç bir məsuliyyət daşınmır.
E.Məmmədov bildirib ki, bu tendensiyanın artması əsasən COVID dövrünə təsadüf edir. Pandemiya zamanı ev şəraitində qapanma fonunda kütləvi kökəlmə və obezite hallarının artmasından yararlanan bəzi şəxslər internetdən və süni intellektdən götürülmüş hazır diet şablonları ilə insanların etibarından sui-istifadə ediblər.
Onun sözlərinə görə, belə proqramlar tətbiq edilərkən şəxsin öd daşı, insulinə dirənci, hormonal pozuntuları və ya mədə-bağırsaq xəstəliklərinin olub-olmaması nəzərə alınmır. Nəticədə insanlar həm sağlamlıqları, həm də maddi imkanları hesabına ağır bədəllər ödəməli olurlar.
Zeynəb Rzayeva
Bakı 



