“Ölkə başçısı İlham Əliyevin Davosdakı çıxışı Azərbaycanın qlobal siyasətdə həm nüfuzlu, həm də sülhpərvər tərəfdaş imicini möhkəmləndirmək baxımından, eləcə də uzunmüddətli strateji hədəfləri dünya ictimaiyyətinə aydın şəkildə çatdırmaq baxımından əlamətdar oldu”.
Bu sözləri Prezident İlham Əliyevin 20 yanvar tarixində Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni şərh edən politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən müsahibə Azərbaycanın həm regional, həm də qlobal siyasətdəki strateji mövqeyini açıq şəkildə nümayiş etdirib. Belə ki, çıxışın mərkəzində sülh, sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq hüquq prinsiplərinə uyğun hərəkət məsələləri durur:
“Prezidentin qeyd etdiyi kimi, müasir beynəlxalq münasibətlər artıq yalnız qanunun aliliyi ilə idarə olunmur. Artıq güc və real imkanlar əsas rol oynayır. Bu yeni erada hər bir dövlət öz siyasətini milli maraqlara və real potensiala uyğunlaşdırmalıdır. Azərbaycan isə bu yanaşmada nümunə göstərir. Ölkə həm regional əməkdaşlıq, həm də qlobal tərəfdaşlıqlarda uğurla balans yarada bilib. Bu strategiya həm milli suverenliyi qorumaq, həm də ölkənin inkişafını təmin etmək baxımından effektlidir”.
Bağırzadə deyib ki, müsahibədə Prezidentin vurğuladığı digər önəmli məqam Cənubi Qafqazda sülh və əməkdaşlıqla bağlı olub:
“O qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın alınması Azərbaycan üçün yalnız rəmzi mükafat deyil, həm də regionda 30 ildən artıq davam edən münaqişələrdən sonra sülhün bərpasına verdiyi töhfənin qiymətləndirilməsi kimi dəyərləndirilir”.
Müsahibimiz vurğulayıb ki, Prezident həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq əməkdaşlıq səviyyəsinə çatdığını, Ermənistanın əsas mallara, xüsusən neft məhsullarına çıxışı təmin olunduğunu və yüklərin daşınması üçün bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib. Bu isə Qafqazda uzunmüddətli sülhün formalaşmasına xidmət edir.

Yusif Bağırzadə: Azərbaycan həm daxili sabitlik, həm regional əməkdaşlıq, həm də enerji siyasətində strateji mövqeyini gücləndirib
“Daxili sabitlik məsələsi də müsahibədə diqqət mərkəzində olub. Prezident bildirib ki, Azərbaycan daxilində potensial risklər mövcud deyil və bütün təhlükələr yalnız xarici mənbələrdən gələ bilər. Bu, ölkənin sabitlik və proqnozlaşdırıla bilən inkişaf prinsiplərinə ciddi önəm verdiyini göstərir. Enerji bazarındakı stabillik də bu yanaşmanı gücləndirir: neftin qiyməti Azərbaycanın planlaşdırma perspektivləri üçün məqbul səviyyədədir və regional qeyri-sabitlik bazara ciddi təsir etmir", - deyə həmsöhbətimiz əlavə edib.
Onun sözlərinə görə, müsahibədə enerji məsələsi ilə bağlı Azərbaycanın roluna da xüsusi diqqət yetirilib. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqazın enerji resurslarına sahib və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Müasir boru kəmərləri və inkişaf etmiş nəqliyyat sistemi sayəsində Azərbaycan həm Avropanın enerji təhlükəsizliyini təmin edir, həm də premium bazarlarda üstün mövqe qazanır.
Müsahibədə həmçinin Avropa Parlamentinin Azərbaycanın müstəqil siyasətinə qarşı qərəzli münasibətinə də toxunulduğunu xatırladan politoloqun fikrincə, Prezident xüsusi olaraq artıq Avropa Parlamentinin tənqidlərinə reaksiya verilməsinin dayandırıldığını və əməkdaşlığın yalnız konstruktiv formatda – Avropa Komissiyası ilə – davam etdirildiyini bildirib:
“Bu mövqe Azərbaycanın müstəqil və prinsipial diplomatik siyasətini nümayiş etdirmək baxımından olduqca vacibdir. Ümumi olaraq, cənab Prezidentin müsahibədə səsləndirdiyi fikirlər onu göstərir ki, Azərbaycan həm daxili sabitlik, həm regional əməkdaşlıq, həm də enerji siyasətində strateji mövqeyini gücləndirib”.
Gülşən Şərif
Bakı 



