Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Bakıvaxtı.az bildirir ki, deputat Vüqar İskəndərov layihənin valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial reabilitasiyası baxımından əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, layihədə uşaq hüquqları üzrə dövlət təminatlarının daha təkmil tənzimlənməsi, xüsusilə çətin həyat şəraitində olan uşaqlara yönəlmiş müdafiə mexanizmlərinin gücləndirilməsi müsbət addımdır.
Deputat əlavə edib ki, müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq göstəriciləri, monitorinq və qiymətləndirmə mexanizmləri normativ şəkildə daha dəqiq müəyyən edilməlidir.
“Xüsusilə sosial reabilitasiya tədbirlərinin icrası üzrə dövri hesabatların hazırlanması və nəticəyönümlü qiymətləndirmə mexanizminin tətbiqi qanunun faktiki effektivliyini artırar”, – deyə V. İskəndərov bildirib.
Əli Hüseynov
Bakı 




