• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Azərbaycan yeni qlobal platformada: təşəbbüskar aktordan normativ oyunçuya

SİYASƏT

20 Fevral 2026 | 14:16

Azərbaycan yeni qlobal platformada: təşəbbüskar aktordan normativ oyunçuya

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası və Azərbaycanın bu platformaya yaradıcı üzv kimi qoşulması ölkəmizin beynəlxalq mövqeyində keyfiyyət dəyişiminin göstəricisidir. Söhbət sadəcə bir tədbirdə iştirakdan getmir.

Dünya İqtisadi Forumu çərçivəsində dövlətlərə açıq müraciət olunduğu bir mərhələdə Azərbaycanın təsisçi statusu ilə prosesə qoşulması o deməkdir ki, Bakı artıq formalaşmış qaydalara uyğunlaşan tərəf deyil, yeni institutların yaranmasında iştirak edən aktordur. Bu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicinin və siyasi çəkisinin artmasının praktik nəticəsidir.

Prezident İlham Əliyevin Vaşinqton səfəri də bu kontekstdə oxunmalıdır. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə keçirilən iclasda Azərbaycanın xüsusi vurğulanması təsadüfi deyildi. Ermənistanla uzun illər davam etmiş qarşıdurmadan sonra sülh gündəliyinin irəli aparılması və siyasi dialoqun təmin edilməsi Azərbaycanın təqdim etdiyi modelin diqqət mərkəzinə çıxmasına səbəb olub. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, dövlət öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində mövqeyini qoruyaraq münaqişədən sonrakı mərhələyə keçə bilib. Qlobal miqyasda bu cür nümunələr çox deyil və məhz buna görə Azərbaycan təcrübəsi ayrıca maraq doğurur.

Sülh Şurasına hazırda 28 dövlətin qoşulması və bu sayın artmasının gözlənilməsi platformanın perspektivini göstərir. Azərbaycanın burada yer alması ölkənin çoxtərəfli diplomatiyaya verdiyi töhfənin davamıdır. Bakı son illərdə balanslı xarici siyasət xətti yürüdərək həm Qərb institutları ilə, həm də digər güc mərkəzləri ilə əməkdaşlıq modelini qoruyub saxlayıb. Bu yanaşma konfrontasiya yox, dialoq üzərində qurulub. Nəticədə Azərbaycan regional aktordan daha geniş geosiyasi kontekstdə qəbul olunan tərəfdaş mövqeyinə yüksəlib.

Eyni zamanda, Qəzza məsələsində ortaya qoyulan mövqe də bu siyasətin məntiqi davamıdır. Azərbaycan hərbi kontingent göndərməkdən imtina etməklə emosional yox, rasional qərar verdiyini nümayiş etdirdi. Yeni müharibədən çıxmış ölkə üçün əsas prioritet daxili sabitlik və bərpa prosesidir. Bununla yanaşı, humanitar və investisiya mexanizmləri vasitəsilə dəstək vermək imkanının açıq saxlanılması göstərir ki, Bakı sülh proseslərindən kənarda qalmaq niyyətində deyil, sadəcə iştirak formasını özü müəyyən edir. Bu isə suveren qərarvermə qabiliyyətinin və məsuliyyətli diplomatiyanın göstəricisidir.

Ümumilikdə, Vaşinqton səfəri və Sülh Şurasında yaradıcı üzv statusu Azərbaycanın beynəlxalq sistemdə rolunun dəyişdiyini göstərir. Ölkə artıq yalnız regional gündəmin iştirakçısı deyil, qlobal müzakirələrdə mövqe formalaşdıran tərəfdir. Bu mövqe iqtisadi inkişaf, siyasi sabitlik və nəticəyönümlü diplomatiya üzərində qurulub. Azərbaycanın artan təsiri məhz bu üç amilin vəhdətindən qaynaqlanır.

Alim Nəsirov


SON XƏBƏRLƏR