Rəhbər dəyişiklikləri idarəetmənin normal prosesinə daxildir, lakin bu, qurumda dərhal genişmiqyaslı kadr dəyişikliyi aparılmasını tələb etmir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Müşfiq Cəfərov Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.
Parlamentari vurğulayıb ki, yeni təyin olunan rəhbər mövcud mexanizmləri icra etməli, təsdiqlənmiş fəaliyyət planı, strateji xətt və institusional struktur şəxsi baxışlardan asılı olaraq köklü şəkildə dəyişdirilməməlidir.
Deputat əlavə edib ki, yalnız fərdi baxış səbəbilə yüksək nəticə göstərən peşəkar kadrların dəyişdirilməsi institutların stabilliyinə mənfi təsir göstərir. O qeyd edib ki, dövlət idarəçiliyi şəxslərdən asılı olmamalı, sistem üzərində qurulmalı, rəhbər dəyişikliyi isə menecer dəyişimi kimi qiymətləndirilməlidir.
Cəfərov yeni yaradılmış monitorinq agentliyinin rolunu xüsusi əhəmiyyətli hesab edərək bildirib ki, struktur sabitliyi, kadr qərarlarının əsaslandırılması və aparılan dəyişikliklərin məqsədəuyğunluğu da qiymətləndirilməlidir. Qərarlar şəxsi yanaşmalara deyil, obyektiv göstəricilərə və dövlət maraqlarına əsaslanmalıdır.
Deputat inanır ki, bu yanaşma dövlət idarəçiliyində stabilliyi, peşəkarlığı və uzunmüddətli effektivliyi gücləndirəcək.
Əli Hüseynov
Bakı 




