• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Qlobal masada Azərbaycan: Ölkəmiz artıq regional çərçivəni aşır

SİYASƏT

20 Fevral 2026 | 12:37

Qlobal masada Azərbaycan: Ölkəmiz artıq regional çərçivəni aşır

Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycanın iştirakı ölkəmizin növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Bu, həm Azərbaycanın beynəlxalq platformalarda artan rolunun, həm də Prezident İlham Əliyevin qlobal siyasətdə formalaşmış nüfuzunun göstəricisidir.

Dövlətimizin başçısının beynəlxalq tədbirlərdə xüsusi diqqət və hörmətlə qarşılanması Azərbaycanın mövqeyinin artıq regional çərçivədən çıxaraq daha geniş miqyasda qəbul edildiyini göstərir.

Prezident İlham Əliyev uzun illərdir ki, sülh gündəliyini önə çəkən, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasətin təşəbbüskarlarından biri kimi çıxış edir. Tədbir zamanı Prezident Donald Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə birbaşa xitab etməsi də ölkəmizin dialoq və tərəfdaşlıq masasında önəmli aktor kimi qəbul olunduğunu nümayiş etdirir. Bu cür diplomatik jestlər təsadüfi deyil, formalaşmış siyasi etimadın nəticəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı mövqe və prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurasında iştirakı ölkəmizin diplomatik uğurlarının parlaq təzahürüdür. Onun sözlərinə görə, bu tədbir Azərbaycanın qlobal sülh proseslərində mühüm rol oynadığını və dünya liderlərinin ölkəmizə göstərdiyi etimadın göstəricisidir. Prezident Trampın təşəbbüsü ilə keçirilən Sülh Şurasına Azərbaycanın dəvət olunması təsadüfi deyil. Bu, bir neçə mühüm amilin nəticəsidir:

“Sülh gündəliyində liderlik. prezident İlham Əliyev regionda sülh və sabitliyin təmin edilməsində aparıcı rol oynayır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın konstruktiv mövqeyi, normallaşma və sülh danışıqlarına açıqlığı beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.

Deputat qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir:

“Ölkəmiz enerji təhlükəsizliyi, tranzit marşrutları və regional əməkdaşlıq kontekstində Avropa və Amerika üçün mühüm tərəfdaşdır. Prezident Trampın tədbir zamanı bir neçə dəfə prezident Əliyevə müraciət etməsi liderlərarası qarşılıqlı etimadın və hörmətun əyani sübutudur. Bu, Azərbaycan rəhbərliyinin beynəlxalq platformalarda necə qəbul edildiyini göstərir”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yer tutur. Dediyinə görə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Deputat qeyd edib ki, ölkəmiz alternativ enerji mənbələrinə malik Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilib:

“Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, eyni zamanda geosiyasi təsir vasitəsidir. Zəngəzur dəhlizinin açılması perspektivi, Orta Asiya-Avropa nəqliyyat əlaqələrinin bərpası Azərbaycanı regional əhəmiyyətli tranzit qovşağına çevirir. Bu, ölkəmizin iqtisadi potensialını artıraraq, beynəlxalq arenada söz sahibi kimi mövqeyini möhkəmləndirir”.

Naqif Həmzəyev vurğulayıb ki, prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın bütün istiqamətlərdə maraqlarını qorumağa imkan verir:

“Qərblə əməkdaşlıq - NATO, Avropa İttifaqı ilə tərəfdaşlıq proqramları, Şərq vektoru - Rusiya və İranla pragmatik münasibətlər, Türk dünyası - Türkiyə ilə strateji müttəfiqlik, Türk Dövlətləri Təşkilatında fəal iştirak

Qlobal Cənub - İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında liderlik,

Humanitar Diplomatiya və Beynəlxalq Təşkilatlar, Azərbaycanın BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarda artan fəallığı ölkəmizin qlobal proseslərə töhfəsini əks etdirir. COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi məsələlərində Azərbaycanın aparıcı rol aldığını göstərir. Uğurlu xarici siyasət ölkəyə investisiyaların axınını təmin edir. Azərbaycanın beynəlxalq maliyyə institutları, transmilli korporasiyalar üçün etibarlı tərəfdaş kimi tanınması iqtisadi inkişafa güclü təkan verir”.

Naqif Həmzəyev: Ölkəmizin beynəlxalq nüfuzu həm də məsuliyyətli, konstruktiv xarici siyasət xəttinin məhsuludur

Deputatın sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin qurulması prosesində Azərbaycanın oynadığı rol ölkəni regional lider kimi möhkəmləndirir:

“Bu, gələcəkdə daha geniş geopolitik layihələrdə söz sahibi olmağa imkan yaradır. Beynəlxalq əməkdaşlıq çərçivəsində texnologiya transferi, innovasiya mərkəzlərinin yaradılması Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirir. Xarici tərəfdaşlarla birgə layihələr ölkənin insan kapitalının inkişafına töhfə verir. Azərbaycanın zəngin mədəni irsi, multikulturalizm ənənələri dünyada ölkəmizin "yumşaq gücünü" artırır. Beynəlxalq mədəni təşəbbüslər, dialoq platformaları Azərbaycan brendinin möhkəmlənməsinə xidmət edir”.

Müsahibimiz onu da qeyd edib ki, dövlətimizin başçısının strateji düşüncəsi və uzaqgörən xarici siyasəti Azərbaycanı regional oyunçudan qlobal səviyyədə nüfuzlu dövlətə çevirib:

“Sülh Şurasında iştirak bu prosesin məntiqi davamıdır. Ölkəmizin beynəlxalq nüfuzu həm iqtisadi potensial, həm strateji coğrafi mövqe, həm də məsuliyyətli, konstruktiv xarici siyasət xəttinin məhsuludur. Gələcəkdə bu uğurların davam etdirilməsi Azərbaycanın qlobal proseslərdə daha çox söz sahibi olmasına, vətəndaşlarının rifah səviyyəsinin yüksəlməsinə və regional sülhün möhkəmlənməsinə xidmət edəcək.

Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın öz milli maraqlarını qoruyaraq, eyni zamanda beynəlxalq əməkdaşlığa, sülhə və inkişafa töhfə verən müstəqil, güclü dövlət kimi tanınmasını təmin edir”.

Aynur Babazadə


SON XƏBƏRLƏR

19 Fevral 2026