Əmək müqaviləsinin müddətləri ilə bağlı qanunvericilikdə dəyişikliklərə və müddətlərə yenidən baxılmasına ehtiyac var.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, müddətdən artıq həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün keçirilən təlimlər ən azı üç ay davam edir, lakin bu təlimlərin effektivliyi və şəxslərin hazırlıq səviyyəsi çox vaxt nəzərə alınmır.
Deputat vurğulayıb ki, koronavirus dövründə müəyyən iş yerlərinin bağlanması səbəbindən insanlar kütləvi şəkildə bu xidmətə cəlb olunmuş, sonra iş yerləri açılarkən isə xidmətləri yarımçıq qalırdı ki, bu da təlimlərin məqsədinə zərbə vururdu. Eyni zamanda, hər bir hərbi xidmətçi üçün dövlət tərəfindən təmin olunan qış və yay formaları, ayaqqabı və digər geyim elementləri təxminən 1000–1500 manat başa gəlir. Lakin xidmət yarımçıq bitdikdə formaların təhvil verilməsi və təkrar istifadəsi mümkün olmadığından dövlət əlavə xərclərlə üzləşir.
Novruzov qeyd edib ki, bütün bu məsələlərdiqqətlə nəzərdən keçirilməli və qanun layihəsində uyğun dəyişikliklər edilməlidir.
Əli Hüseynov
Bakı 




