6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
İnsan hüquq və azadlıqlarının təmin olunması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir və cəmiyyətin demokratik inkişaf səviyyəsinin əsas göstəricisi hesab olunur. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə hüquqi müstəviyə keçirilib. Konstitusiyada əsas insan hüquq və azadlıqları, onların müdafiə mexanizmləri və dövlətin bu sahədə öhdəlikləri açıq şəkildə təsbit olunub.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olduqdan sonra insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin icrası yeni mərhələyə daxil olub. Eyni ildə ölkə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib və bununla da vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququ təmin olunub. Bu addımlar insan hüquqlarının müdafiə sisteminin beynəlxalq mexanizmlərlə inteqrasiyasını gücləndirib.
2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu yaradılıb və bu institut vətəndaş müraciətlərinin araşdırılması, hüquq pozuntularının monitorinqi və maarifləndirmə istiqamətində fəaliyyət göstərir. Son illərdə rəqəmsal müraciət sistemlərinin tətbiqi, dövlət xidmətlərinin elektronlaşdırılması və “ASAN xidmət” modelinin genişlənməsi vətəndaş-dövlət münasibətlərində şəffaflığın artırılmasına töhfə verib.
Bununla yanaşı, insan hüquqlarının real müdafiə səviyyəsi yalnız normativ baza ilə deyil, hüquqi mədəniyyətin formalaşması ilə də sıx bağlıdır. Hüquqi savadlılığın artırılması, vətəndaşların öz hüquqlarını bilməsi və müdafiə mexanizmlərindən istifadə bacarığı sosial fəallığın əsas şərtlərindən biridir. Son illərdə hüquqi maarifləndirmə tədbirləri, vətəndaş cəmiyyəti təşəbbüsləri və ali təhsil müəssisələrində hüquq yönümlü proqramların genişlənməsi bu istiqamətdə müəyyən dinamika yaradıb.
Siyasi mədəniyyət və sosial fəallıq isə cəmiyyətin ictimai proseslərdə iştirak səviyyəsi ilə ölçülür. Seçkilərdə iştirak, ictimai müzakirələrə qoşulma, vətəndaş təşəbbüslərinin irəli sürülməsi və sosial şəbəkələr üzərindən ictimai rəyin formalaşdırılması son illərdə daha görünən xarakter alıb. Rəqəmsal platformaların genişlənməsi və informasiya əlçatanlığının artması vətəndaş iştirakçılığının yeni formalarını meydana çıxarıb.
Hazırkı mərhələdə əsas çağırış hüquqi təminatla praktik tətbiq arasında uyğunluğun gücləndirilməsi, hüquqi və siyasi mədəniyyətin dərinləşdirilməsi, vətəndaşların dövlət institutlarına etimadının artırılması və ictimai iştirak mexanizmlərinin daha da genişləndirilməsidir. İnsan hüquqlarının müdafiəsi ilə sosial-siyasi fəallığın yüksəlməsi bir-biri ilə qarşılıqlı əlaqədə olan proseslərdir və bu istiqamətdə atılacaq sistemli addımlar cəmiyyətin davamlı inkişafına birbaşa təsir göstərir.

Ceyhun Məmmədov: Bu sahədə hüquqi çərçivə kifayət qədər geniş və əhatəlidir
Mövzuyla bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün hüquqi bazanın mövcud vəziyyətini xüsusilə vurğulamaq lazımdır. Bu sahədə hüquqi çərçivə kifayət qədər geniş və əhatəlidir. Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də digər normativ-hüquqi aktlarda insan hüquq və azadlıqları geniş şəkildə təsbit olunub və onların təminatı üçün zəruri mexanizmlər müəyyən edilib:"Qeyd etmək lazımdır ki, hüquqi baza yalnız formal mövcudluqla məhdudlaşmır, eyni zamanda davamlı şəkildə təkmilləşdirilir. Qanunvericilik mütəmadi olaraq yenilənir, yeni qanunlar və sənədlər qəbul olunur, müvafiq müzakirələr aparılır. Bu proses hüquqi sistemin daha da inkişaf etdirilməsinə xidmət edir".
Deputatın sözlərinə görə, bəzi hallarda müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı müəyyən ittihamlar səsləndirilsə də, hüquqi baza baxımından ölkədə ciddi bir problemin olmadığı qeyd olunur. Dövlət bu məsələyə həssas yanaşır və insan hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl addımlar atır:
"Ümumilikdə, hüquqi bazanın möhkəmləndirilməsi və daim təkmilləşdirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri göstərir və dövlətin prosesə verdiyi əhəmiyyətin bariz nümunəsi kimi qiymətləndirilir".

Hikmət Babaoğlu: Hər bir vətəndaş hüquq və vəzifələrini bilməlidir
Deputat Hikmət Babaoğlu isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda ictimai münasibətlərdə hüquqi tənzimlənməsi zəruri olan bütün sahələr qanunvericiliklə əhatə olunur. Bu baxımdan, vaxtaşırı yeni qanunlar qəbul edilir, qərarlar verilir və bütün bunlar ictimai münasibətlərin hüquqi aspektlərinin daha aydın və sistemli şəkildə tənzimlənməsinə xidmət edir:
"Hüquqyaradıcılığı daimi prosesdir. Cəmiyyət dinamik inkişaf etdiyi kimi, qanunvericilik fəaliyyəti də dinamik olmalıdır. Demək olar ki, hər gün yeni sahələrdə ictimai münasibətlərin tənzimlənməsi zərurəti yaranır. Bu mənada cəmiyyətin inkişafı ilə hüquqyaratma prosesi Azərbaycanda paralel şəkildə davam edir".
Müsahibimiz qeyd edir ki, hüquqi maarifləndirmə sahəsində və vətəndaşların öz hüquqlarını mənimsəməsində müəyyən çətinliklər mövcuddur. Bu, bir tərəfdən cəmiyyətin fəallığı ilə bağlıdır. Hər bir vətəndaş öz hüquqlarını bilməli, eyni zamanda vəzifə və məsuliyyətlərini də dərk etməlidir. Fəal vətəndaş mövqeyi formalaşmadan hüquqi şüurun yüksəlməsi mümkün deyil:
"Bu proses uzunmüddətli xarakter daşıyır və müəyyən mənada mentalitet və milli xüsusiyyətlərlə də bağlıdır. Ona görə də hüquqi maarifləndirmənin gücləndirilməsi üçün əlavə ictimai mexanizmlərin yaradılmasına ehtiyac var. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsi və sayının artması da bu istiqamətdə müsbət rol oynaya bilər.
Ümumilikdə, Azərbaycan hüquqi dövlətdir və hüququn aliliyinin təmin olunması istiqamətində öhdəliklərini yerinə yetirir".
Zeynəb Rzayeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Bakı 





