Artıq çəki ilə bağlı qərar verməzdən əvvəl obyektiv meyarlara baxmaq önəmlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, hər bir insan üçün çəki məsələsi individualdır və ilkin qiymətləndirmə bədən çəki indeksi (BMI) vasitəsilə aparılmalıdır. Mütəxəssis bildirib ki, internetdə mövcud olan BMI kalkulyatorları boy, çəki, yaş və cinsə uyğun hesablamalar aparır.
Emin Məmmədov qeyd edib ki, əgər kalkulyator nəticəsinə əsasən insan “normal” zona daxilindədirsə, bu halda artıq bədən çəkisindən söhbət gedə bilməz. Onun sözlərinə görə, insan özünü artıq çəkili hesab etsə belə, obyektiv göstəricilər normaldırsa, çəki ilə mübarizə aparmağa ehtiyac yoxdur.
Mütəxəssis-ekspert vurğulayıb ki, bu məsələni həddindən artıq böyütmək və davamlı olaraq çəki hesablamaları aparmaq düzgün yanaşma deyil. Əsas olan sağlamlıq göstəriciləridir, təkcə subyektiv hisslər yox.
Zeynəb Rzayeva
Bakı 



