Donald Trampın təşəbbüsü ilə gündəmə gələn “Sülh Şurası” ideyası əslində təkcə yeni beynəlxalq platforma yaratmaq cəhdi deyil, mövcud qlobal idarəetmə mexanizmlərinə alternativ axtarışın göstəricisidir. Azərbaycanın bu təşəbbüsə qoşulması da sıradan diplomatik jest kimi yox, dəyişən dünya düzənində mövqelərin əvvəlcədən müəyyənləşdirilməsi kimi oxunmalıdır. Qlobal sistemdə qeyri-müəyyənliyin artdığı bir mərhələdə kənarda qalmaq yox, prosesin içində olmaq daha çox manevr imkanları yaradır.
Məsələnin əsas tərəfi ondadır ki, beynəlxalq münasibətlər artıq təkcə klassik institutlar üzərindən tənzimlənmir. Yeni güc mərkəzləri, yeni təşəbbüslər və paralel platformalar formalaşır. Belə bir şəraitdə Azərbaycanın ABŞ tərəfindən irəli sürülən təşəbbüsə müsbət yanaşması ölkənin özünü passiv müşahidəçi yox, aktiv siyasi subyekt kimi təqdim etməsi deməkdir. Bu addım Azərbaycanın təkcə regional deyil, daha geniş coğrafiyada söz sahibi olmaq ambisiyasının davamı kimi qiymətləndirilə bilər.
“Sülh Şurası”nın ilkin mərhələdə Yaxın Şərq mövzusu üzərində fokuslanması təsadüfi deyil. Azərbaycan isə artıq postmünaqişə dövründə sülh quruculuğu, yenidənqurma və vasitəçilik təcrübəsinə malik ölkə kimi tanınır. Bu baxımdan Bakı üçün belə platformalarda iştirak sadəcə siyasi mövqe nümayişi deyil, real təcrübəni beynəlxalq gündəmə daşımaq imkanıdır. Bu, həm də Azərbaycanın yumşaq güc alətlərini gücləndirən faktordur.
Digər mühüm məqam odur ki, bu qərar regional tərəfdaşlarla koordinasiyalı şəkildə atılıb. Türkiyə və Mərkəzi Asiya ölkələrinin eyni təşəbbüsə müsbət yanaşması Azərbaycanın tək qalmadığını, əksinə, ortaq siyasi xəttin formalaşdığını göstərir. Bu da gələcəkdə “Sülh Şurası” çərçivəsində qeyri-rəsmi regional bloklaşmaların meydana çıxmasına zəmin yarada bilər.
Eyni zamanda, bu addım risklərdən tam azad deyil. Yeni beynəlxalq mexanizmlərin taleyi həmişə qeyri-müəyyən olur və onların real təsir gücü zamanla formalaşır. Lakin mövcud geosiyasi şəraitdə əsas risk iştirak etməməkdir. Kənarda qalan ölkələr qərarların qəbul edildiyi masada yox, onların nəticələri ilə üzləşən tərəf olur.
Nəticə etibarilə Azərbaycanın “Sülh Şurası”na qoşulması qısamüddətli gündəmlə izah olunmur. Bu qərar dəyişən beynəlxalq nizamda öz yerini qorumaq, yeni təhlükəsizlik və əməkdaşlıq formatlarında söz sahibi olmaq və gələcək proseslərə təsir imkanlarını genişləndirmək məqsədi daşıyır. Bu yanaşma Azərbaycanın son illərdə izlədiyi çoxvektorlu və praqmatik xarici siyasətin məntiqi davamı kimi dəyərləndirilə bilər.
Ruslan Zəngəzur
Bakı 



