• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

BRICS 2026: Yeni qlobal güc mərkəzi formalaşır? - AÇIQLAMA

SİYASƏT

21 Yanvar 2026 | 16:06

BRICS 2026: Yeni qlobal güc mərkəzi formalaşır? - AÇIQLAMA

BRICS ölkələrinin genişlənmə siyasəti dünya siyasətində yeni bir dönəmin əlaməti kimi qiymətləndirilir.

Qrupun 2026-cı il gündəliyi yalnız iqtisadi əməkdaşlığı gücləndirməklə kifayətlənmir, həm də qlobal geosiyasi balansı yenidən formalaşdırmaq potensialı daşıyır.

Çin, Hindistan, Rusiya, Braziliya və Cənubi Afrika kimi əsas üzvlərin strateji təşəbbüsləri, eləcə də yeni üzvlərin daxil olması BRICS-i yalnız bir iqtisadi blokdan daha çox, dünya siyasətində real alternativ güc mərkəzinə çevirməyə yönəlmiş mühüm addım kimi görünür.

Proses həm Qərb hegemonluğunu yenidən nəzərdən keçirməyə, həm də çoxqütblü dünya modelinin inkişafına təkan verə bilər.

BRICS-in 2026 gündəliyi bu bloku real alternativ geosiyasi güc mərkəzinə çevirə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, BRICS-in genişlənmə siyasəti artıq simvolik birlik mərhələsini geridə qoyaraq daha funksional və iddialı bir platformaya çevrilmək niyyətini ortaya qoyur:

"İlkin mərhələdə iqtisadi əməkdaşlıq formatı kimi formalaşan bu blok son illər qlobal maliyyə sistemi, enerji bazarları və beynəlxalq idarəetmə mexanizmləri ilə bağlı mövqelərini daha açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə yeni üzvlərin cəlb olunması BRICS-i yalnız inkişaf etməkdə olan ölkələrin klubu yox, alternativ qlobal koordinasiya mərkəzi kimi təqdim edir".

Onun sözlərinə görə, 2026 gündəliyi kontekstində BRICS-in əsas məqsədi mövcud beynəlxalq iqtisadi arxitekturada asılılıq mexanizmlərini azaltmaqdır:

"Dolların dominantlığı, Qərb maliyyə institutlarının qərarvermə üstünlüyü və sanksiya alətlərinin geniş tətbiqi üzv ölkələri daha çevik və müstəqil mexanizmlər axtarmağa vadar edir. Bu baxımdan BRICS çərçivəsində vahid ödəniş sistemləri, ticarətdə milli valyutaların payının artırılması və Yeni İnkişaf Bankının rolunun gücləndirilməsi real alternativ imkanlar kimi müzakirə olunur".

Tural İsmayılov:  BRICS-in vahid siyasi mövqe nümayiş etdirməsi zaman-zaman zəifləyir

Həmsöhbətimiz onu da deyib ki, bununla yanaşı, blokun real geosiyasi güc mərkəzinə çevrilməsi yalnız iqtisadi təşəbbüslərlə məhdudlaşmır:

"BRICS ölkələri arasında siyasi baxış fərqləri, regional rəqabətlər və strateji prioritetlərin üst-üstə düşməməsi təşkilatın institusional dərinliyini məhdudlaşdıran əsas faktorlardır. Genişlənmə prosesi bu fərqləri daha da artırır və qərarların konsensus əsasında qəbulunu çətinləşdirir. Bu isə BRICS-in vahid siyasi mövqe nümayiş etdirməsini zaman-zaman zəiflədir".

Tural İsmayılovun dediyinə görə, digər tərəfdən, BRICS-in gücü məhz onun qeyri-ideoloji xarakterində və çevikliyindədir:

"Bu blok Qərb mərkəzli ittifaqlardan fərqli olaraq üzvlərinə sərt siyasi şərtlər diktə etmir və suverenlik prinsipini ön planda saxlayır. Bu yanaşma qlobal Cənub ölkələri üçün cəlbedici alternativ yaradır və BRICS-i mövcud dünya düzəninə açıq meydan oxuyan yox, onu tədricən balanslaşdıran mexanizmə çevirir".

Sonda politoloq söyləyib ki, BRICS-in 2026 gündəliyi bu bloku qısa müddətdə tam mənada vahid geosiyasi güc mərkəzinə çevirməsə də, qlobal iqtisadi-siyasi balansda çəkisini nəzərəçarpacaq dərəcədə artırmaq potensialına malikdir:

"Bu platforma daha çox alternativlər yaradan, mövcud sistemə paralel işləyən və böyük güclər arasında tarazlıq formalaşdıran bir mərkəz kimi çıxış edə bilər. Bu isə BRICS-i beynəlxalq münasibətlərdə keçici layihə yox, uzunmüddətli proses kimi dəyərləndirməyə əsas verir".

Əli Hüseynov


SON XƏBƏRLƏR