• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Bakıda bıçaqlı şəxslər jurnalistin oğlunu döydü

CƏMİYYƏT

30 Yanvar 2023 | 14:10

Bakıda bıçaqlı şəxslər jurnalistin oğlunu döydü

Ötən gün Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində 316 saylı orta məktəbin həyətində 4 nəfərdən ibarət dəstə haqqin.az saytının əməkdaşı Fərhad Məmmədovun 17 yaşlı oğluna bıçaqla ağır xəsarətlər yetirib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

Bildirilib ki, hadisədən təxminən 2 həftə əvvəl naməlum şəxs F. Məmmədovun oğlunun mobil telefonuna vatsap mesajı göndərib. O, özünü Murad kimi təqdim edərək bir vaxtlar zərərçəkmişlə paralel sinifdə oxuyan qızın bacısı haqqında məlumat öyrənmək istəyib. Lakin 17 yaşlı gənc tanımadığı şəxsin belə bir xahişindən imtina edərək, onu narahat etməməyi xahiş edib və bu telefon nömrəsini bloklayıb. Lakin yanvarın 28-də həmin şəxs başqa nömrədən yenidən zəng edib və onunla 316 saylı məktəbin yanında görüşmək istədiyini söyləyib.  

F.Məmmədovun oğlu heç nədən şübhələnməyərək həmin yerə gedib. Murad yenə də hansısa qız haqqında soruşub. Bir neçə dəqiqəlik söhbətdən sonra onlara üç nəfər bıçaqlı gənc yaxınlaşıb. Zərərçəkmiş aradan çıxmaq istəyəndə qəfildən bıçağı çıxaran Murad onun üzünə bir neçə zərbə endirib. Zərərçəkənin özünü müdafiə etmək cəhdləri onun yerə yıxılmasına və döyülməsinə səbəb olub. Hücum edənlər daha sonra hadisə yerindən qaçıblar. 
Mənbə qeyd edir ki, onlar özlərini Bakıxanovda fəaliyyət göstərən müəyyən cinayətkar dəstənin üzvləri kimi təqdim ediblər.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları qruplaşmanın iki üzvünü isti izlərlə saxlayıb və ilkin ifadələri aldıqdan sonra sərbəst buraxıblar. Yaralının vəziyyətini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Zərərçəkmişin sözlərinə görə, bu şəxslərin məqsədi onu öldürmək olub.

Jurnalist F. Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə müraciət edərək, bu hadisənin istintaqının xüsusi nəzarətə götürülməsini və cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş edir. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru Anar Qafarov  bildirib ki, qeyd edilən hadisə zamanı zərərçəkənə xəsarət yetirən və onun yanında olan daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar barəsində təhqiqat araşdırmaları aparılır: “Zərərçəkənə xəsarət yetirən şəxslər də azyaşlıdılar. Aparılan araşdırmalar, təyin edilən ekspertizalar zamanı onların zərərçəkənə bıçaqla və ya hər hansı kəsici-deşici alətlə xəsarət yetirdikləri sübuta yetirilməyib. Həmin şəxslər izahatlarında aralarında yaranan mübahisə zamanı zərərçəkəni yumruqla vurduqlarını etiraf ediblər. Hadisəyə təhqiqat araşdırmalarından sonra hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, zərərçəkmiş şəxs ötən il sözügedən təhsil müəssisəsini bitirib.


SON XƏBƏRLƏR

18 Mart 2024