Onilliklərdir davam edən kosmik axtarışlarda ciddi bir xətanın ola biləcəyi irəli sürülüb.
Bakıvaxtı.az Türkiyənin "hurriyet.com.tr"yə istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, kənar sivilizasiyalardan gələn radio siqnalları mövcuddur. Lakin onlar Yerə çatana qədər deformasiyaya uğradığı üçün aşkar edilmir.
İndiyə qədər elm adamları kosmosdan gələn çox dar və kəskin radio tezliklərini izləyirdilər. Lakin yeni tapıntılar göstərir ki, süni şəkildə yaradılmış ən mükəmməl dar siqnal belə, öz ulduz sistemindən çıxarkən turbulent plazma ilə qarşılaşır və yayılaraq "bulanıqlaşır".
SETI İnstitutunun astronomu Dr. Vişal Qaccar bildirir ki, bu bulanıqlaşma səbəbindən mövcud detektorlar siqnalları "fon küyü" kimi qəbul edir və onları nəzərə almır.
"Süd Yolu" qalaktikasındakı ulduzların 75%-ni təşkil edən M-cırtdan ulduzlarının ətrafındakı sıx kosmik hava bu siqnalları ən çox deformasiyaya uğradan mühit hesab olunur.
Nəticə etibarilə, kosmosdakı "böyük sükut" kənar sivilizasiyaların yoxluğu deyil, bizim onları yanlış metodlarla axtarmağımızdan qaynaqlana bilər.
Aydın Baxış
Bakı 




