Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze, onun sabiq müavini Giorgi Xayndrava, nazirin həyat yoldaşının qardaşı Vasil Mxeidze və Müdafiə Nazirliyinin Satınalmalar Departamentinin keçmiş rəhbəri Vladimir Ğuduşaurini təqsirli bilib.
Bakıvaxtı.az xəbər verir ki, qərar hakim İrakli Xuskivadze tərəfindən elan olunub.
Məhkəmənin hökmünə əsasən, Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun İspaniyada yerləşən torpaq sahəsi və həmin ərazidəki yaşayış evi, eləcə də Tsxneti qəsəbəsindəki evi və dayanacağı müsadirə olunub. Ona həmçinin 2 il müddətinə vəzifə tutmaq qadağan edilib.
Sabiq nazir müavini Giorgi Xayndravaya 8 il həbs cəzası verilib və 2 il müddətinə dövlət vəzifəsi tutması qadağan olunub. Vasil Mxeidze də 8 il müddətinə azadlıqdan məhrum edilib, iş üzrə maddi sübut hesab olunan əşyalar ondan alınıb.
Vladimir Ğuduşauri ilə bağlı isə məhkəmə prosessual razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, ona 4 il şərti cəza, 10 min lari məbləğində cərimə və 1 il müddətinə vəzifə tutmaq qadağası tətbiq olunub.
Qərarın elanından əvvəl Vladimir Ğuduşauri məhkəmə iclasına distant qaydada qoşularaq ittihamı qəbul etdiyini bildirib. Hakim onun əmlakı üzərindəki həbsin götürülməsi barədə də qərar verib.
İttihama görə, keçmiş müdafiə naziri və digər təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz gəlirlərin leqallaşdırılması, dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi və nüfuz alveri kimi əməllərdə suçlanıblar./24News.ge
Bakı 




