• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yuxuda gizli təhlükə: Ölümlə nəticələnə bilər

CƏMİYYƏT

25 Mart 2026 | 21:29

Yuxuda gizli təhlükə: Ölümlə nəticələnə bilər

Qulaq-burun-boğaz üzrə mütəxəssis Opr. Dr. Yunus Karadavut bildirib ki, yuxu zamanı nəfəsin dayanması (apne) ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, güclü baş ağrısı, cinsi istəksizlik, impotensiya, infarkt, insult və depressiya kimi hallar bu xəstəliklə əlaqəli ola bilər. Bu səbəbdən belə şikayətləri olan şəxslər mütləq müayinədən keçməli və mütəxəssis həkimə müraciət etməlidir.

“Dünya Yuxu Günü” münasibətilə danışan həkim qeyd edib ki, xəstəliyin ən əsas əlaməti xorultudur. Bəzən xəstənin vəziyyətini hətta başqa otaqda olan şəxslər belə hiss edə bilir. Yuxu zamanı nəfəsin dayanmasını isə adətən xəstənin yanında yatan şəxs müşahidə edir.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin digər mühüm əlamətlərindən biri gündüz yuxululuqdur. Gecə ərzində nəfəsin tez-tez dayanması və xorultu səbəbindən yuxu pozulur, nəticədə insan səhər yorğun və halsız oyanır. Bu isə gün ərzində diqqət dağınıqlığına və yuxululuğa səbəb olur.

Həkim əlavə edib ki, bu problem iş və təhsil həyatına da mənfi təsir göstərir. Xəstələrdə əsəbilik, diqqət pozuntusu, güclü baş ağrıları, gecə tez-tez sidiyə getmə və uyğun olmayan yerlərdə yuxuya getmə halları müşahidə olunur. Bu da onların performansını ciddi şəkildə aşağı salır.

Müalicə üsullarından danışan Karadavut bildirib ki, yuxuda nəfəsin dayanması müalicə oluna bilən xəstəlikdir. Xüsusilə ağır hallarda pozitiv hava təzyiqi (CPAP) terapiyası tətbiq edilir.

Sonda həkim aşağıdakı əlamətlər olduqda dərhal mütəxəssisə müraciət etməyi tövsiyə edib:
    •    yuxuya getməkdə çətinlik
    •    səbəbsiz tez-tez oyanma
    •    səhər çox erkən oyanıb yenidən yata bilməmək
    •    gecə ən azı bir dəfə tualetə qalxmaq
    •    yuxuda tərləmə və tez-tez mövqe dəyişmək
    •    səhər yorğun oyanmaq
    •    gün ərzində halsızlıq və yuxululuq
    •    diqqət və zehni fəaliyyətin zəifləməsi
    •    normal qidalanmaya baxmayaraq çəki artımı
    •    səbəbsiz əsəbilik və gərginlik

Mütəxəssis vurğulayıb ki, bu əlamətlər yuxuda nəfəsin dayanmasının göstəricisi ola bilər və vaxtında diaqnoz qoyulması ciddi fəsadların qarşısını ala bilər.

Aynur Babazadə


SON XƏBƏRLƏR