• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bayrağımız Xocalı, Xocavənd və Xankəndidə də dalğalanacaq - Elmar Məmmədyarovla MÜSAHİBƏ

MÜSAHİBƏ

26 Aprel 2023 | 15:23

Bayrağımız Xocalı, Xocavənd və Xankəndidə də dalğalanacaq - Elmar Məmmədyarovla MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edib. Bu gün artıq Laçında Azərbaycan Respublikasının bayrağı dalğalanır.

Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması ilə əlaqədar Kanada, ABŞ və Fransa dövlətimizlə bağlı əsassız iddiaların yer aldığı bəyanat verib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir.

Son olaylarla bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.

Elmar müəllim, son baş verənlərdən sonra ermənilərin sülh sazişini imzalamaqdan başqa yolları qalıbmı?

- Mən ilk gündən deyirdim ki, sülh sazişinin imzalanması Ermənistanın milli maraqlarına uyğundur. Əlbəttə ki, Azərbaycan addım-addım bu məsələni də həll edəcək. İlk növbədə ona görə ki, Azərbaycan hökümətinin idarəçiliyi ölkəmizin bütün suveren torpaqlarında olmalıdır.

Azərbaycan bundan sonra daha hansı addımları atmalıdır ki, ermənilər reinteqrasiya məsələsinə razılıq versin və ya sülh sazişi imzalansın?

- Qarabağa gedən yük daşımaları artıq Azərbaycanın tam nəzarətində olacaq. Belə də olmalı idi.

Azərbaycanın Rusiya, İran, Türkiyə və Gürcüstanla sərhədində necə nəzarət-buraxılış məntəqəsi varsa, Ermənistanla da olmalı idi və oldu. Baxmayarq ki, sərhədlərin delimitasiyası məsələsi həllini tapmayıb, yenə də ərazilərimizə qanunsuz yükdaşımaların qarşısını almaq üçün nəzarət məntəqəsinin qurulması vacib idi.

Azərbaycan Xankəndi, Xocalı və Xocavənddə tam nəzarəti nə zaman həyata keçirəcək?

- Addım-addım biz bunun da həllinə gedəcəyik. Azərbaycan bayrağı Xocalı, Xocavənd və Xankəndidə də dalğalanacaq. Ən qısa zamanda biz bu ərazilərimizdə də tam nəzarəti həyata keçirəcəyik.

Cənab prezidentimiz İlham Əliyevin də dediyi kimi, ermənilər bizim torpaqlarımızda yaşamaq istəyirsə, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidir. Əks halda onlar hansı ölkədə yaşamaq istəyirlərsə, gedib yaşasınlar.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

23 Aprel 2024