• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Sənət adamları ilə davranmaq heç kimə asan gəlməsin” - Rejissor Nicat Kazımov

MÜSAHİBƏ

20 Aprel 2023 | 16:08

“Sənət adamları ilə davranmaq heç kimə asan gəlməsin” - Rejissor Nicat Kazımov

“…Biz deyirik ki, teatr elitar sənətdir, tamaşaçıdan da bu münasibəti görmək istəyirik. Bəs nədən bu sənətdə çalışanlar elitar səviyyədə yaşamamalıdır?

... Xüsusi istedad tələb edən sahələrdə təhsilin Bolonya sistemi ilə aparılması çox böyük problemlər yaradır. İstedadı olmayan, sabah aktyor kimi işləməyəcək, tamam başqa sahəyə gedəcək tələbə dövlət hesabına təhsil alır, amma istedadı, gələcəyi olan tələbə isə hər il ali məktəbə filan qədər pul verməli olur, kreditini ödəyə bilməyəndə də təhsilini dondurur...

... Teatrların maddi-texniki təchizatı müasir tələblərə cavab vermədiyindən mən bir rejissor kimi tamaşanı qurarkən əlimin altında nə varsa onunla qane olmağa məcbur qalıram”.

Əməkdar artist, Prezident mükafatçısı, Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımov teatr sahəsindəki problemləri yaxşı bilir və onları dilə gətirmədən çəkinmir. Təsadüfi deyil ki, istedadlı aktyor və rejissorun Teatr Forumundakı çıxışı tədbir iştirakçıları arasında, eləcə də mətbuatda geniş müzakirə olundu.

Nicat Kazımovla söhbətə də Teatr Forumunu dəyərləndirməklə başladıq.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

“Əvvəlki nazirin komandası bu sahəyə yad adamlardan təşkil edilmişdi”

- İlk dəfə keçirilən Teatr Forumu, tədbirdə aparılan müzakirələr barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bu sahədə çalışan insanları bir arada toplamaq, sənət adamlarını uzun illərdən bəri narahat edən problemləri dilə gətirmək üçün şərait yaratmaq baxımından Teatr Forumu mühüm bir tədbir oldu. Belə böyük bir tədbiri təşkil edənlərə, zəhməti olan hər kəsə öz adımdan təşəkkür etmək istərdim. Problemləri demək, təkliflər səsləndirmək üçün gözəl fürsət oldu. Açığını desəm, çıxış edənlərin hamısı ilə razı deyiləm, onların fikirlərini bölüşmürəm, amma hər halda fikir mübadiləsi apara bildik, necə deyərlər, ürəyimizi boşaltdıq. Fikrimcə, ilk cəhd kimi maraqlı oldu, əsas odur ki, tədbirdə səslənən təkliflər kağız üzərində qalmasın. Hiss olunur ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi teatr sahəsindəki problemləri öyrənmək istəyir. Yeri gəlmişkən, bu günlərdə ölkə rəhbərinin sərəncamı ilə Adil Kərimli mədəniyyət naziri vəzifəsinə təyin olundu. Adil müəllimi bu posta təsdiq olunması münasibətilə təbrik edirəm. Fikirlərimdə səmimi olmağa çalışacam, Mədəniyyət Nazirliyində formalaşan yeni komandaya ümidlərim böyükdür, inanıram ki, mədəniyyət sahəsində mühüm işlər görməyi bacaracaqlar.

Tanıyanlar xarakterimi yaxşı bilirlər, heç vaxt yıxılana balta vurmağı xoşlamamışam, lakin bir məsələni də qeyd etməyə bilmərəm. Əvvəlki nazirin komandası bu sahəyə yad adamlardan təşkil edilmişdi, bizi nə tanıyır, nə də başa düşmək istəyirdilər.

Sənət adamları ilə davranmaq heç kimə asan gəlməsin. Forumda professor Məryəm xanım Əlizadə çox gözəl qeyd etdi ki, səhnədə müxtəlif adamların həyatını yaşayan, tamaşaçıları inandırmağı bacaranlar sadə insanlar ola bilməzlər.

“... və sonda həmin qonorarı heç bizə vermədilər”

- Rəsmi tədbirlər üçün ödənilən qonorarla bağlı Teatr Forumundakı çıxışınız bir neçə gündür ki, mətbuatda, sosial şəbəkələrdə müzakirə olunur...

- Əslində mən bir neçə vacib məsələ ilə bağlı çıxış etmək istəyirdim və çıxışımı yazılı şəkildə də hazırlamışdım. Tədbirin gedişində Nazirlər Kabinetinin adı çəkildiyi üçün mən konkret bir məsələni xatırlatmalı oldum. Mədəniyyət Nazirliyinin keçmiş rəhbərliyinin vaxtında onların sifarişi ilə bir tədbir hazırlayıb təhvil verdim. Qonorar söhbəti gələndə mənə Nazirlər Kabinetinin 2006-cı ildə təsdiqlədiyi cədvəli göndərdilər və dedilər ki, ödəniş bu sənədə əsasən olacaq. Həmin cədvələ baxanda məni gülmək tutdu, çünki oradakı məbləğ nə real bazar qiymətlərinə, nə də tələbata uyğun gəlirdi.

- Oxucularımız üçün bəlkə bir az da konkretləşdirək...

- Həmin cədvələ görə bir çıxış üçün rəqqasa 60, aktyora 90-140, 140-300 arası xanəndəyə, 300-500 arası vokalçılara qonorar ödənməlidir. Xoreoqraflar, rejissor assistentləri ümumiyyətlə nəzərə alınmayıb. Bu sənəd 17 il əvvəl təsdiq olunub, ötən müddət ərzində qiymətlərdə nə qədər artım olub. Təsəvvür edin ki, bir tədbiri günlərlə, həftələrlə, bəzən bir ay hazırlayıb məşq edirsən və əvəzində aldığın qonorar sənin məşqə gəlib getdiyin günlərin yolpulusu da eləmir. Ən maraqlısı da odur ki, sonda həmin tədbirin qonorarını heç bizə vermədilər... Bunun adı sənət adamını təhqir etmək deyil bəs nədir?

Biz deyirik ki, teatr elitar sənətdir, tamaşaçıdan da bu münasibəti görmək istəyirik. Bəs nədən bu sənətdə çalışanlar elitar səviyyədə yaşamamalıdır?

Aktyorun bir aylıq maaşı bircə dəfə dükan-bazara getməyə çatmır... Bəs aktyor necə yaşamalıdır, ailəsini necə dolandırmalıdır? Toylara tamada kimi gedən aktyorları qınayırıq, amma onların dolanışıq üçün nə əziyyətlər çəkdiyini düşünmək istəmirik.

“İndi titulları, fəxri adları o qədər adiləşdiriblər ki...

- Teatr sənətinin inkişafına mane olan daha hansı məsələlərin müzakirəsini vacib sayırsınız?

- Forumdakı çıxışımda qeyd etdiyim kimi, bu gün təhsil sahəsində də böyük problemlərimiz var, yanlış sistem inkişafımıza xeyli əngəl törədir. Xüsusi istedad tələb edən sahələrdə təhsilin Bolonya sistemi ilə aparılması çox böyük problemlər yaradır. İstedadı olmayan, sabah aktyor kimi işləməyəcək, tamam başqa sahəyə gedəcək tələbə dövlət hesabına təhsil alır, amma istedadı, gələcəyi olan tələbə isə hər il ali məktəbə filan qədər pul verməli olur, kreditini ödəyə bilməyəndə də təhsilini dondurur... Bu sahədəki çətinliyi üç ali təhsil ocağında – Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında və Xoreoqrafiya Akademiyasında çalışan pedaqoq kimi hər gün görürəm.

Daha bir vacib detal gənclərin bu sənətdə özlərini necə realizə edə bilmək məsələsidir. Bu gün ölkədə sənət adamlarının sayı o qədər də çox deyil, yəni bu cameədəki insanlar bir-birini yaxşı tanıyır. Kimin nəyə qadir olduğu, nəyi necə aldığı məlumdur. Bəzən elə olur ki, istedadlı, zəhmətkeş insana vaxtında dəyər verilmir, amma illərlə sənətdə boşuna vaxt keçirən kimsə hər şey alır. Sənətə yeni gələn hansısa gənc bu ədalətsizliyi görəndən sonra fikirləşir ki, əgər başqa yollarla nəsə əldə etmək belə asan başa gəlirsə illərlə əziyyətə qatlaşmağa, bir qarnı ac, bir qarnı tox, evsiz-eşiksiz yaşamağa dəyərmi?

Mən 1991-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrına aktyor kimi işə qəbul olunanda kollektivdə cəmi 4 xalq artisti var idi- Firəngiz Şərifova, Süleyman Ələsgərov, Solmaz Qurbanova və Tariyel Qasımov. 4 nəfər də Əməkdar artist fəxri adını almışdı- Gülşən Qurbanova, Nübar Novruzova, Yasin Qarayev və Ağaxan Salmanlı. Teatra yeni gələn biz gənclər fikirləşirdik ki, bu insanlar sənətdə seçilmək, fəxri adlar almaq üçün gerçəkdən əziyyət çəkiblər, səhnədə tər töküblər. Sənətdə ilk addımlarını atan Nicatın nə vaxtsa fəxri ad almaq məsələsi heç ağlının ucundan belə keçmirdi. Lakin indi titulları, fəxri adları o qədər adiləşdiriblər ki... Mənim düşüncəmə görə, fəxri adı, təltifi yaşa görə yox, sənətdə xidmətə görə vermək lazımdır.

Ötən il 50 yaşım oldu, həyatının 32 ilini səhnədə keçirən Nicat Kazımov bir rəsmi qurumun yadına düşmədi. İndi mətbuatda, sosial şəbəkələrdə gözümə dəyir, şəxsən mənim sənət aləmində elədiklərimin yarısını belə edə bilməyənləri haralarasa çağırır, görüş keçirir, təbrik edirlər. Tam səmimi deyim ki, heç kimdən heç nə ummuram, mən sevdiyim işlə məşğulam və bundan da ləzzət alıram. Bu məsələdə söhbət məndən yox, bayaq dediyim kimi, sənətə gələn gənclərə nümunədən gedir. Yeni gələn gəncin gözü qarşısında 32 il əziyyət çəkən diqqətdən kənarda qalırsa o, indi nə düşünməlidir?

Teatr sənətinin inkişafı barədə düşünərkən bir məsələni də qeyd etməyə bilmərəm. Hamı - yəni teatrın rəhbəri, tamaşaçılar, tənqidçilər quruluşçu rejissordan maraqlı, baxımlı, beynəlxalq festivallarda nümayişə layiq tamaşa tələb edir. Lap yaxşı, lakin gəlin görək bunun üçün rejissorun şəraiti varmı? Təxminən 10 il öncə teatrlar dövlətimizin diqqət və qayğısı ilə təmir edildi. İndi artıq texniki avadanlıqların müasir tələblərə uyğun yenilənməsi mərhələsi başlamalıdır axı. Tutaq ki, mən tamaşaya quruluş verərkən video effektlərdən istifadə etmək istəyirəm, amma proyektorun qiyməti 15-20 mindir. Teatrların maddi-texniki təchizatı müasir tələblərə cavab vermədiyindən mən bir rejissor kimi tamaşanı qurarkən əlimin altında nə varsa onunla qane olmağa məcbur qalıram.

“Dərdimdən ölənin dərdindən ölərəm”

- Söhbətimizin bu yerində Nicat Kazımovun yaradıcılıq işlərindən bir az danışaq. Siz həm Dövlət Gənc Tamaşaçılar Teatrının, həm də Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif tamaşalara quruluş vermisiniz. Bu günə kimi verdiyiniz roldan imtina edən aktyor olubmu və aktyorun roldan imtinasına necə baxırsınız?

- Hər bir yeni əsərə quruluş verməzdən öncə nəzərdə tutduğum aktyor və aktrisalara yaxınlaşıb söhbət edir, təklifimi bildirirəm, onların fikirlərini öyrənirəm. Kimlər razılıq verirsə onlarla da tamaşanı qurmağa başlayıram. Mənim iş prinsipim belədir - Dərdimdən ölənin dərdindən ölərəm.

Təbii ki, bu illər ərzində verdiyim roldan imtina edən də olub və mən belə hala normal yanaşmışam. Bir müddət öncə teatrımızda İlqar Fəhminin 44 günlük Vətən savaşından bəhs edən “Balaca kişilər” əsərinin məşqlərinə başlamışdım. Teatrımızın aktyoru, həmin müharibənin iştirakçısı Hilal Dəmirova da rol vermişdim, masaarxası məşqlər zamanı aktyorun psixoloji gərginlik keçirdiyini özüm də hiss edirdim. Növbəti məşqlərin birində Hilal yaxınlaşıb dedi ki, mənə çox çətindir, mümkünsə bu roldan azad edin. Mən də gənc aktyoru anlayışla qarşıladım.

- Aktyor Nicat Kazımovun imtina etdiyi rol olubmu?

- Teatrın və tamaşanın adını deməyəcəm, istəmədiyim, amma oynamağa məcbur qaldığım rol olub. Sonda özüm öz oyunumdan ləzzət ala bilməmişəm.

- Son illər müxtəlif kütləvi tədbirlərə də quruluş vermisiniz. Həmin tədbirlərin böyük marağa səbəb olması bu sahədəki işinizdən ləzzət aldığınızı göstərir...

- 2014-cü ildə ilk belə tədbirə quruluş vermək üçün Gənclər və İdman Nazirliyindən dəvət aldım. Bu gün Mədəniyyət Nazirliyində çalışan dostum Günay Rəhimova o zaman Gənclər və İdman Nazirliyinin əməkdaşı idi, təklif etdi ki, “Tarixin canlı səhifələri” adlı tədbirə quruluş verim. Sözün açığı, əvvəlcə təklifdən imtina etdim, sonra dostlarla məsləhətləşəndən, müəyyən araşdırmalar aparandan sonra razılıq verdim. Bakıda və ayrı-ayrı bölgələrimizdə “Tarixin canlı səhifələri”ni silsilə şəkilində hazırladıq.

Mən onlara tədbir yox, kütləvi tamaşa kimi baxmağa, məhz belə yanaşmağa başladım. Təsəvvür edin təxminən 300-500 nəfərlik, tanklarla, atlarla tamaşalar qurdum və deyim ki, olduqca maraqlı alındı.

Növbəti belə təklifi Azərbaycan Atçılıq Federasiyasından alanda da mənə bir az qəribə gəldi, çünki bu dəfə atlarla şou qurmaq lazım idi. Artıq xeyli təcrübə toplamışdım, qalırdı atların dilini öyrənmək...

- Bu çətinliyin də öhdəsindən gəldiniz və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetlə görüşmək şərəfinə nail oldunuz...

- Qarabağ atlarıyla qurduğum tamaşa ilə 2018-ci ildə ilk dəfə Londonda ənənəvi keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda iştirak etdik. Təbii ki, ingilis tamaşaçıların diqqətini çəkə bilən bir tamaşa hazırlamalı idim, şükürlər olsun, əziyyətimiz yerdə qalmadı. Sonrakı illərdə də “Vindzor Kral Atçılıq Şousu”nda uğurlarımızı davam etdirdik. Təsəvvür edin, Kraliça II Elizabet dörd dəfə özü şəxsən gəlib bizim çıxışı izlədi. Təşkilatçılar deyirdi ki, biz ilk dəfədir belə halla üzləşirik, çünki adətən Kraliça bir tamaşaya təkrar baxmır.

- Söhbətimizin gedişində “Balaca kişilər” əsərinə toxunduq. Belə başa düşdüm ki, qarşıda bizi premyera gözləyir...

- Qeyd etdiyim kimi, İlqar Fəhminin yazdığı bu əsər Vətən savaşının qəhrəmanları barədədir. Bizim uşaq hesab etdiyimiz bu gənclər Qarabağı erməni işğalından azad etməyi bacardılar, döyüşlərdə Zəfər qazandılar. “Balaca kişilər”i mayın sonunda tamaşaçılarımıza təqdim edəcəyik.

Etibar Cəbrayıloğlu

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Aprel 2024