• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Tramp-Netanyahu görüşü: Qapalı danışıqların arxasında hansı strateji mesajlar dayanır?

DÜNYA

08 Iyul 2025 | 16:37

Tramp-Netanyahu görüşü: Qapalı danışıqların arxasında hansı strateji mesajlar dayanır?

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata qapalı formatda planlaşdırılan görüşü beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izlənilir.

Mətbuat konfransının keçirilməməsi, tərəflər arasında müzakirələrin ciddi məxfi gündəmlər əsasında qurulduğuna işarədir. Bu görüş həm ABŞ-İsrail münasibətlərinin yeni mərhələyə keçidini, həm də Yaxın Şərqdə regional dinamikaların yenidən tənzimlənməsini gündəmə gətirir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, qapalı görüşlər dövlətlərarası münasibətlərdə çox vaxt kritik məsələlərin səmimi müzakirəsi üçün seçilir. Onun sözlərinə görə, Tramp və Netanyahunun bu formatda görüşməsi göstərir ki, gündəmdə olan məsələlər ictimai diplomatiya ilə izah edilə bilməyəcək qədər mürəkkəbdir. Belə hallarda tərəflər daha sərbəst davranır, fikir ayrılıqlarını və ya həssas koordinasiyanı mətbuatın təzyiqindən uzaq müzakirə edə bilirlər.

Politoloq görə, görüşün mətbuata qapalı keçirilməsi onu göstərir ki, tərəflər münasibətlərdə yeni mərhələyə qədəm qoymaq niyyətindədir:

“İstisna deyil ki, bu danışıqlarda İranın nüvə proqramı, Suriya və Livan ətrafındakı hərbi vəziyyət, həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərbi-siyasi strategiyası müzakirə olunur. Bu tip görüşlərdə konkret razılaşmalar əldə olunduqdan sonra, onların nəticələri mərhələli şəkildə tətbiq edilir və ictimaiyyətə sonradan ötürülür”.

Züriyə Qarayeva: Bu görüşün nəticələri siyasi və hərbi qərarların fonunda özünü göstərəcək

Müsahibimiz qeyd edib ki, bu cür görüşlər bəzən digər dövlətlər tərəfindən ehtiyatla qarşılanır. Dediyinə görə, şəffaflığın olmaması müəyyən təlaş və şübhələrə səbəb ola bilər:

“Xüsusilə İran, Türkiyə, Avropa İttifaqı kimi aktorlar bu görüşün nəticələrindən narahatlıq duya bilər. Amma diplomatik baxımdan bu, tamamilə legitim üsuldur. Tərəflərin maraqlarını uyğunlaşdırmaq və anlaşılmazlıqları çözmək üçün bəzən tam qapalı rejim qaçılmaz olur”.

Bu görüşün region üçün hansı nəticələr verə biləcəyinə gəlincə, Z.Qarayeva bildirib ki, tərəflər arasında razılaşdırılacaq hərbi və ya kəşfiyyat əməkdaşlığı, Yaxın Şərqdə yeni balans yarada bilər:

“Xüsusilə İranla bağlı atılacaq hər hansı addım birbaşa regionun təhlükəsizlik arxitekturasına təsir edəcək. Odur ki, bu görüşün nəticələri qısa zamanda olmasa da, yaxın aylarda siyasi və hərbi qərarların fonunda özünü göstərəcək”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR